Tariximizin hansısa dönəmində yalan indiki qədər adiləşibmi, normaya çevrilibmi? Yalanın səsi indiki qədər yüksək çıxıbmı? Yalanın əli indiki qədər uzun olubmu?
Çətin.
...hər halda tariximizdə yalanın yuxarıdan aşağıya qədər bu qədər epidemik şəkildə hakimiyyəti və toplumu öz ağuşuna aldığı başqa bir dönəm təsəvvür etmək çətindir.
Düzdür, 50-60 il əvvəl də belə düşünənlər ola bilərdi ki, onlar yalanın ən gen-bol olduğu zamanda yaşayırlar. 100 il öncə də başdan-ayağa yalanla süslənmiş çağın məhz onların payına düşdüyünü təxmin edənlər ola bilərdi. Və yəqin ki, olub da.
Amma hər halda tariximizdə yalanın yuxarıdan aşağıya qədər bu qədər epidemik şəkildə hakimiyyəti və toplumu öz ağuşuna aldığı başqa bir dönəm təsəvvür etmək çətindir.
Yuxarılar üçün yalan – idarəetmə vasitəsidir. Hətta ən adi, primitiv həqiqətlərə belə, qəzəbli və dözümsüz münasibətin sirri bundadır. Ən kiçik həqiqəti belə hakimiyyətlərinə təhlükə və təhdid kimi qəbul edirlər.
Aşağılar üçün isə yalan - sağ qalma səbəbidir. Yalan komfort və karyeraya gedən ən qısa yoldur. Yalan biri üçün sadəcə, “bir qarın çörək”, bir başqası üçün deputat mandatı, başqa biri üçün fəxri addır.
Kimin üçün dəbdəbəli villadır yalan. Bahalı “Cip”dir. Dolu cibdir. Doymuş qarındır.
Kimin üçün də kim bilir nədir.
Və kimin üçün hansı məqsəd, hansı niyyət ifadə etməsindən asılı olmayaraq, gerçəklik budur ki, yalan Azərbaycanda ən funksional çağlarını yaşayır. O, bu torpaqlarda bəlkə indiyədək heç zaman olmadığı qədər işə yarayır, yaralı barmağa dərman olur, adamların həyatında yaradılışın dörd ən vacib ünsürü – su, hava, od, torpaq qədər önəmli rol oynayır.
Artıq mütləq çoxluğun gözündə yalan legitimlik statusu qazanıb. Yalanla fərasət, yalanla istedad, yalanla intellekt bərabərləşib artıq.
Artıq mütləq çoxluğun gözündə yalan legitimlik statusu qazanıb.
Yalanla fərasət, yalanla istedad, yalanla intellekt bərabərləşib artıq.
Yalan danışmamaq fərsizlik hesab olunur. Yalansız yaşamaq Don Kixotluq kimi qələmə verilir.
Yalanın cürbəcür bəraətləri peyda olub toplumun gözündə: “Neyləsin, evdə balaları var...”. “Düz deyib düzdəmi qalsın?”. “Guya düz deməklə nə düzələcək?”.
Şeirlərində yalana, yalançıya qarşı nifrət püskürən, amma bu qədər də asanlıqla ictimai məzmunlu yalan üyüdən, o ictimai yalanlarla özünə, övladına şən, qayğısız həyat qurmağı hədəfləyən şairin olduğu ikinci bir ölkə tapmaq mümkündürmü dünyada? Bilmirəm.
Elmin mayasını həqiqətin təşkil etdiyi halda, alimi belə asanlıqla, rahatlıqla yalan danışa bilən ölkə necə?
Ayağı təzəcə yer, dili yenicə söz tutduğu vaxtlarda övladlarına bəmbəyaz uşaq yalanlarını (məsələn, qənddandan icazəsiz qənd götürdüyünü, ya da top-top oynayarkən qonşusunun pəncərəsini sındırdığını boynuna almamasını...) bağışlamayanlar, buna görə onların ağızlarına vuranlar böyüdükdən sonra onlardan nə tələb edirlər? İstəyirlər, onlar nəyin bahasına olursa olsun – lap elə yalan danışmağın, həqiqətin gözünə kül üfürməyin, yaltaqlanmağın... və daha neçə-neçə bu cür səbəbin hesabına özlərinə yaxşı bir gün ağlasınlar, qaz vurub qazan doldursunlar, iş-güc, ev-eşik sahibi olsunlar.
Bəli, önəmli olan mal-mülk, mövqe sahibi olmaqdır, komfort, karyera sahibi olmaqdır, daha bunu necə qazanmağın, əldə etməyin heç bir mənası qalmayıb. Nə mənası, nə də əhəmiyyəti.
Bəli, önəmli olan mal-mülk, mövqe sahibi olmaqdır, komfort, karyera sahibi olmaqdır, daha bunu necə qazanmağın, əldə etməyin heç bir mənası qalmayıb. Nə mənası, nə də əhəmiyyəti.
Razıyam – adamlara başqa yol da buraxmayıblar. “Sağ qalmaq” üçün başqa seçim buraxmayıblar adamlara.
Amma heç nə sadəcə və sadəcə, maddiyyat naminə yalanı normaya çevirməyə haqq qazandıra bilməz.
Həqiqəti söyləmək təhlükəli ola bilər, həqiqəti söyləmək məhrumiyyət – aclıq, işsizlik, repressiya, basqı vəd edə bilər, amma hətta bunlar da yalana sığınmaq səbəbi ola bilməz.
Və adamı ən çox ağrıdan budur ki, biz nə vaxtsa bütün itkilərin yerini doldura bilərik – oğurlanan neft pullarının da. Ədalətli, insan haqq və özgürlüklərinin üstün olduğu bir ölkəyə çevrilmək üçün itirilən illərin də.
Ancaq toplumun ruhuna, şüuruna vurulan mənəvi yaraları, zərbələri sağaltmağa kim bilir nə qədər zaman, enerji xərcləmək lazım gələcək. Kim bilir, bunu nə qədər vaxta bacaracağıq? On ilə, yüz ilə. Ya da ümumiyyətlə, bacaracağıqmı?
Məsələn, yalansız da yaşamağın mümkünlüyünü və... gözəlliyini anlamaq, həyat və düşüncə tərzinə çevirmək üçün kim bilir, nə qədər əziyyət çəkməli, güc, zaman sərf etməli olacağıq.
Lütfən, kimsə bunu gələcəyimizlə bağlı ümidsizlik kimi qəbul etməsin.
Ümidsizlik deyil bu.
Sabahımızdan bədgümanlıq da deyil.
Bu – ağrıdır...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.