Artıq çəkili qadınların epilepsiyalı uşaq dünyaya gətirmək riski yuxarıdır. Çəki nə qədər yuxarı olarsa, bu risk o qədər yüksəkdir.
“JAMA” nevrologiya dərgisində yayımlanan yeni araşdırma bu qənaətə gəlməyə imkan verir.
Tədqiqat göstərir ki, artıq çəki hamilə qadının uşaqlığında iltihaba səbəb olur, uşaq üçün təhlükəli vəziyyət yaradır.
İsveçin Karolinska Universitetinin tədqiqatçıları erkən hamiləlik zamanı bədən kütlə indeksi və uşaqlıq çağı epilepsiyasını incələmək üçün 1.4 milyon doğuşu əhatə edən bir araşdırma aparıblar.
Araşdırmadan bəlli olub ki, bədən kütlə indeksi 35-40 bal arasında olan qadınlarda epilepsiyalı uşağın doğulma ehtimalı 82 faizdir.
Tədqiqatçılar vurğulayırlar ki, piylənmədən əziyyət çəkən hamilə qadınların bətnində inkişaf edən körpənin beyin xəsarəti riski də artır.
İsveçli alimlər bildirirlər ki, epilepsiyanın səbəbini bu günə qədər tam olaraq təsbit etmək mümkün olmayıb. Ancaq, dünyada anaların piylənmə səviyyəsi son illərdə sürətlə artmaqdadır. Bu amil uşağın nevroloji inkişafına artıq çəkinin təsiri olması şübhələrini artırır.
Araşdırmaçılar qeyd edirlər ki, yetkin yaşlı qadınlarda piylənmənin qarşısının alınması, uşaqlıq çağı epilepsiyalarının azalmasına kömək edə bilər.