Keçid linkləri

Təcili xəbərlər

Alimlər: uşaqlara penisillin verməyin


Bu populyar antibiotikin uşaqlıqda qəbul edilməsi həyatın sonrakı mərhələlərində davranış problemlərinə yol açır. Kanadanın McMaster Universitetinin alimləri siçanlar üzərində tədqiqat apararaq bu nəticəyə gəliblər. Aşağı dozalı penisillin gəmiricilərin davranışına mənfi təsir göstərib. "The Daily Mail" yazır ki, mütəxəssislərin fikrincə, insanlarda da belə ola bilər.

Müəyyən olunub ki, penisillin təcrübə siçanlarının beyninə düşdüyü zaman buradakı kimyəvi maddələrin səviyyəsini dəyişdirir. Antibiotik həmçinin bağırsaq bakteriyalarının balansını da pozurmuş. Bundan sonra gəmiricilər daha aqressiv olurlar. Düzdür, probiotiklər bu neqativ təsiri geri qaytara, neytrallaşdıra bilir. Beləliklə, alimlər bağırsaq mikroflorası ilə psixi sağlamlığın sıx bağlı olmasının daha bir sübutunu tapıblar.

Bundan öncə Monreal Universitetinin alimləri uşaqların davranışı ilə passiv siqaret çəkmə arasında əlaqəni aşkar etmişdilər. Alimlər bildirirlər ki, erkən yaşlarda tütün tüstüsünə məruz qalmış uşaqlar antisosial davranışa, aktiv və reaktiv aqressiyaya meylli olurlar. Onlar çox zaman məktəbdə problemlərlə üzləşir, bəzilərini isə 12 yaşına çatandan sonra məktəbdən xaric edirlər.

"Şimali Amerikada demək olar ki, həyatının ilk ilində antibiotik almamış körpə yoxdur", deyə tədqiqatın aparıcı müəllifi doktor Con Binenstok (John Bienenstock) bildirib.

Doktor Binenstok "Nature Communications" jurnalında dərc edilmiş məqalədə vurğulayıb ki, antibiotiklər təkcə həkimlərin təyin etdiyi dərmanların yox, həm də ət və süd məhsullarının tərkibindədir.

"Analar bu dərmanların təsirini hələ doğulmamış, yaxud da yeni doğulmuş körpələrinə ötürürlərsə, bizim cəmiyyətimizin antibiotiklərdən istifadə etməsinin uzunmüddətli təsirləri barədə ciddi suallar ortaya çıxır".

Ötən il Harvard Tibb Məktəbi antibiotiklərin beyin fəaliyyəti ilə indiyə qədər bildiyimizdən daha sıx bağlı olmasına dair hipotez irəli sürmüşdü.

XS
SM
MD
LG