Keçid linkləri

Təcili xəbərlər

Fəqərə implantı iflic adamı ayağa qaldırıb


26 yaşlı Cared Çinok (Jared Chinnock) dəhşətli yol qəzasından üç il keçmiş ilk dəfə ayaqlarını tərpədə, çarpayıda otura, beldən aşağı bədəninə toxunuşları hiss edə bilir. O, Kaliforniya Universitetinin alimlərinin Mayo Klinikasının həkimləri ilə birgə apardıqları təcrübələrdə iştirak edib və bəxti gətirib! Mütəxəssislər insan bədənində sinir bağlarının bərpası üçün "ağıllı elektrostimulyator"dan istifadə ediblər.

Çinokun hekayəsində bir vacib məqam var: O, qəzaya düşərək onurğasının altıncı fəqərəsini zədələyəndə həkimlər bu zədəni "natamam" hesab etmişdilər. Onlar sinir bağlarından başqa hər şeyi bərpa etməyə nail olmuşdular. Buna görə də, dayaq-hərəkət aparatı sağalsa da, beyin onunla əlaqəsini bərpa edə bilməyib. O zaman həkimlərlə alimlərin birləşmiş komandası qabaqcıl tenologiyaları köməyə çağırıb.

Xəstənin onurğasına yerləşdirilmiş implantat əvvəllər olduğu kimi əzələləri yox, birbaşa sinir sisteminin özünü stimullaşdırır. İmplantant beyinlə sinir düyünləri arasında əlaqələndirici rolunu oynayaraq zədələnmiş nahiyəni əvəz edir. Faktiki olaraq "əsa" əvəzinə insanın öz sinir sisteminin analoqunu yaradır. Beləliklə də insan özünün iflic olmuş ətraflarını eynən əvvəlki kimi idarə etməyə qadir olur.

Nəticədə Çinok böyrü üstə uzanmış vəziyyətdə addıma bənzər hərəkətlər edə, qismən dəstəyin köməyilə ayaq üstə dura bilir. Onun məqsədyönlü, iradi hərəkətlər edə bilməsi onu göstərir ki, beyin siqnalları onun ətraflarına çatır.

Çinokun sözlərinə görə, o, aparaturanın qoşulmasından dərhal sonra ayaq barmaqlarını hərəkət edə bildiyini hiss edib. Hərçənd onun yeriməyi, xüsusən də qaçmağı öyrənməsinə hələ çox var. Bütün by əməliyyatın əsas hissəi fizioterapiya - orqanizmin implantın qoşulmasına hazırlanmasıdır. Bu ondan ötrü edilir ki, bədənin bu ana qədər demək olar ölü vəziyyətdə olan hissələri yenidən fəaliyyət göstərməyə başlaya bilsin. Mütəxəssislər fizioterapiyaya 22 həftə vaxt sərf ediblər. Bu, bütün təcrübənin ən çox vaxt aparan hissəsidir.

"Biz ilkin ümidlərimizdən də uzağa gedə bildik", - tədqiqatın rəhbəri, Mayo Klinikasının sinir mühəndisliyi laboratoriyasının direktoru doktor Kendall Lee deyir.

Sözügedən yeni qurğu hələlik təsdiq olunmasa da, ABŞ Qida və Dərman Administrasiyası Mayo Klinikasına tədqiqat zamanı ondan istifadə etməyə icazə verib.

Ancaq neyrostimulyasiya implantatı və texnologiyanın özü iflic olmuş xəstələrin müalicəsi işində panaseya deyil. Bu üsul ancaq ayrı-ayrı hallarda tətbiq oluna bilər. Hələlik bu, yalnız 30 nəfərdən - terapevtlər, neyrotexnik, mühəndis və kinezioloqlardan ibarət komandanın apardığı ardıcıl təcrübələrdən ibarətdir. Ancaq bu üsulun perspektivləri çox ümidverici görünür.

Tədqiqatın nəticələri "Mayo Clinic Proceedings" jurnalında dərc edilib.

XS
SM
MD
LG