Ev heyvanları saxlamaq uşaqlarda allergiya və piylənmə riskini azaldır.
Alberta Universitetinin mütəxəssislərinin apardığı araşdırmaya görə, ev heyvanları saxlayan ailələrin uşaqlarının orqanizmlərində bu xəstəliklərdən qoruyan daha çox bakteriya var.
Araşdırmada 746 uşaq iştirak edib. Onlardan 70 faizinin ailəsi it saxlayıb. Həmin uşaqlarda allergiya, piylənmə riskini azaldan bakteriyaların səviyyəsinin ikiqat olduğu üzə çıxıb.
Tədqiqatçılar bildirirlər ki, heyvanlar tərəfindən daşınan kir və bakteriyalar uşaqlarda immun sisteminin formalaşmasına kömək edir.
Ancaq, həyatdakı çox şey kimi burda da zaman məsələsi rol oynayır. Tədqiqatçılar bildirirlər ki, immunitet ev heyvanlarından anaya və dölə keçməklə bətndə formalaşmağa başlayır və doğuşdan üç ay sonraya qədər davam edir.
Hamiləlik müddətində ev heyvanının olmağı, həm də, doğuş zamanı B qrup streptotokların (GBS) keçməsinin qarşısını alır. GBS körpələrdə sətəlcəmə səbəb ola bilər.
Tədqiqatçılar bildirirlər ki, yaxın zamanlarda əczaçılıq sənayesi bu mikroorqanizmlərin əsasında dərmanlar da hazırlayacaq.