Keçid linkləri

Təcili xəbərlər

Yapon alimləri Yeri mantiyaya qədər deşmək istəyirlər


Yapon alimləri Yeri mantiyaya qədər deşmək istəyirlər

Alimlər bu işə 2030-cu ildən gec olmayaraq başlamağı planlaşdırırlar

Bir qrup yapon aliminin başladığı iddialı layihə çərçivəsində geoloqlar tarixdə ilk dəfə Yerin mantiya qatına gedib çatmağa ümid edirlər. Bu vaxta qədər planetimizin dərinliklərini birbaşa yox, yalnız qiyabi əlamətlərə görə öyrənmək mümkün olub. Ancaq indi Yaponiyanın dəniz təkinin öyrənilməsi üzrə elm və texnologiya agentliyini (JAMSTEC) təmsil edən mütəxəssislər bu vəziyyəti dəyişməyi planlaşdırırlar.

Alimlər artıq qazmanın aparılacağı məkanla bağlı müxtəlif variantları nəzərdən keçirərək üç nöqtə seçiblər. Onlardan biri Kosta-Rika yaxınlığında, ikincisi Meksika akvatoriyasında, üçüncüsü isə Havay adaları yaxınlığında yerləşir. Sentyabr ayında bu "namizədlərin" hər birinin dərindən öyrənilməsi və yekun seçimin edilməsi planlaşdırılır. Alimlər "Kairei" dərin dəniz tədqiqat gəmisinin köməyilə Havay adalarının şimal-qərbində səs dalğalarının köməyilə Yer qabığının qalınlığını və temperaturunu ölçəcəklər. Bu, onlara qazmanın aparılacağı yeri dəqiq müəyyən etməyə kömək edəcək.

Mütəxəssislər "Chikyū" adlı geoloji kəşfiyyat gəmisindən istifadə etməyi planlaşdırırlar. Gəmi 10 kilometr uzunluğu olan qazma sütunu ilə təchiz olunub. Bu isə mövcud hesablamalara görə sözügedən üç məkanda Yerin mantiyasının yerləşə biləcəyi maksimal dərinliyə uyğun gəlir. Güman edilir ki, bu sütunun 4 kilometri okean suyunun içərisindən keçəcək. İkinci mərhələdə isə yerin təkini altı kilometr deşəcək. Qurğu mantiyaya çatanda alimlər onun nümunələrini əldə etməyə ümid edirlər.

Okeandakı Yer qabığı kontinental qabıqdan daha nazik olduğuna görə alimlər qazmanı okeanda aparmaq qərarına gəliblər. Okeanda Yer qabığı 6 kilometrdirsə, materikdə bu göstərici onlarla kilometrə çata bilər.

Mantiya Yer qabığının altında yerləşir və platetin ümumi həcminin 80 faizə qədərini təşkil edir. Sərt maddədən (daşdan) ibarət olan mantiya yavaş hərəkət edərək qitələrin və platoların (tavaların) sürüşməsinə yol açır. Bu isə özünü zəlzələlər və vulkanik fəallıq şəklində göstərir.

Mütəxəssislər ümid edirlər ki, bu tədqiqat nəinki Yer təkinin tərkibi barədə daha çox şey öyrənməyə, həm də Yerin tarixinə dair bir çox suala cavab tapmağa, planetimizin necə formalaşdığı haqda daha dolğun təsəvvürə malik olmağa imkan verəcək. Tədqiqatın hətta zəlzələlər və bir sıra başqa təbii fəlakətlər barədə daha effektiv xəbərdarlıq etməyə kömək edəcəyi də ehtimal olunur. Əldə olunan məlumatların faydalı qazıntı yataqları axtarışını daha uğurla həyata keçirməyə imkan verəcəyi də istisna olunmur.

Mantiyanın birbaşa öyrənilməsi onun bərkliyi, sıxlığı, tərkibindəki suyun miqdarı kimi məlumatlar əldə etməyə kömək edəcək. Bu isə platoların hərəkətini və planetin necə formalaşdığını daha yaxşı anlamağa imkan verəcək. Sən demə hətta vuklanik maqmanın təhlili belə mantiya haqqında dəqiq məlumat almağa imkan vermir. Çünki maqma yerin səthinə qədər qət etdiyi yolda Yer qabığının ərimiş parçaları ilə qarışır.

540 milyon dollara başa gələcəyi deyilən layihəni həyata keçirəcək tədqiqat qrupunun tərkibində Yaponiya, ABŞ və Avropa alimləri olacaq.

Mütəxəssislər bu layihəni 2030-cu idən gec olmayaraq başlamağı planlaşdırırlar. Hələlik ilkin nəticələrin əldə olunacağı müddətlər barədə məlumat verilmur. Ancaq layihəyə 2020-ci illərin əvvəllərində də başlanıla bilər.

Hal-hazırda dünyada ən dərin quyu Rusiya mütəxəssislərinin Antarktidada qazdıqları quyu sayılır. Onun dərinliyi 3769,3 metrdir. Bu quyu Vostok buzaltı gölünün səthinə qədər gedib çıxır.

Ən son yazılan

XS
SM
MD
LG