FORMAL MƏNTİQ BİR ŞEYDİR, HƏYAT BAŞQA...
Bir tərəfdən, təsadüfən heç nə olmur. Diqqətlə baxanda görürsən ki, istənilən hadisəni zəruri edən hansısa motivlər var...
Bu baxımdan əslində müəyyən sosial etirazlar olmalı idi. Bütün məntiqlər, səlis və qeyri səlis yanaşmalar deyirdi ki, bu qədər ağır sosial durum müəyyən sosial reaksiyalar doğurmalı idi.
Bu baxımdan əslində müəyyən sosial etirazlar olmalı idi. Bütün məntiqlər, səlis və qeyri səlis yanaşmalar deyirdi ki, bu qədər ağır sosial durum müəyyən sosial reaksiyalar doğurmalı idi.
Ona görə də eşidəndə ki, müxalifətin bir kəsimi aksiya keçirmək istəyir, buna qətiyyən təəccüb etmədim. Elə aksiyaya çox az adamın toplanması, böyük maraq doğurmaması da mənə təəccüblü görünmədi. Ona görə ki, formal məntiq bir şeydir, həyat tamam başqa...
Bəli, indi çox izahatlar gətirmək olar. Bəlkə də ən asanı “İnsanlarda müxalifətə inam qalmayıb!” deməkdir. Amma bu, ən asanıdır, çünki elə dərhal da başqa sual yaranır: ”Bizim insanların, ümumiyyətlə, nəyəsə inamı qalıbmı?”. Axı ölkənin problemləri təkcə sosial aspektlərlə bitmir, o, getdikcə eybəcər bir forma alır, bilmirsən ki, burada hansı quruluşdur və biz hansı ictimai-siyasi formasiyada yaşayırıq?
Fəqət, bunlar hamını bir akademik problemlər kimi düşündürür, dost məclislərində, tanışlarla söhbətlərdə hamı elə danışır ki, sanki ölkənin ən birinci müxalifətçisidir. Di gəl, iş hərəkət etməyə, nəsə etməyə gələndə, hamı yaxasını bir qırağa çəkir, ya “Mənlik deyil!” deyir, ya da “Onsuz da düzələn deyil və bundan sonra gələnlər indikilərdən də betər olacaq!” deyib yaxalarını bir tərəfə çəkilirlər. Başqa birisi də nəsə etmək istəyəndə, camaatı bir azca tələbkar olmağa səsləyəndə “Əşi, fikir vermə, oyundur!” deyib bir az həvəslənənləri də həvəsdən salırlar.
HAMI ÜÇÜN LƏYAQƏT
Ona görə də bəzi böyük demokratiya nəzəriyyəçiləri bəlkə də onda haqlıdırlar ki, demokratiya uğrunda mübarizə o vaxt başlayır ki, hər bir kəs özündə bir ləyaqət hissi duyur. Elə demokratların da şüarı “Hamı üçün ləyaqət!” deyilmi?.. Deməli, Azərbaycandakı sosial-siyasi passivliyin köklərini azca dərində axtarmaq lazımdır. Bu, təkcə “yarıtmaz müxalifət”, “insanların daha müxalifətə inamının qalmaması” problemi deyil. Problem dərindir və əgər sosial-siyasi tələb olsaydı dərhal buna adekvat siyasi təklif ortaya çıxardı.
Bu müxalifət cəmiyyəti qane etmirdisə ötən illər ərzində başqa bir müxalifət də yarana bilərdi. Axı ola bilməzdi ki, bir ölkədə hamı ucdan tutma “siyasi oyunbaz” olsun!
Bu müxalifət cəmiyyəti qane etmirdisə ötən illər ərzində başqa bir müxalifət də yarana bilərdi. Axı ola bilməzdi ki, bir ölkədə hamı ucdan tutma “siyasi oyunbaz” olsun! Düzdür, siyasət bir az, hətta bəlkə də adi insanların təsəvvür etdiklərindən də qəliz məsələdir. Amma bütün hallarda siyasi sifariş olsaydı bu qədər müddət ərzində mütləq bir adam və yaxud da siyasi təşklat önə çıxardı.
Elə sosial problemlərin də dərhal siyasi tələblərə transformasiya olunması haqqındakı köhnə nəzəriyyələr də hazırda politoloqlar tərəfindən elə də dəstəklənmir. Məsələn, on illərlə aclıq çəkən ölkələr var ki, heç bir etiraz-filan yoxdur. Ona görə də getdikcə bahalaşma və eləcə də digər sosial problemlərlə üzləşən Azərbaycanda dərhal “Etiraz olacaq!” demək yalnız və yalnız formal məntiq baxımından doğru çıxa bilərdi.
“FƏRASƏTLİ”LƏRİN ÖLKƏSİ
Digər problemlər kimi elə böhranın da fəsadlarını hamı “individual” şəkildə, yerli qaydalara və “mentalitet”ə uyğun şəkildə aradan qaldırmağa çalışır – kimi qiyməti qaldırır, kimi çəkidə və ya keyfiyyətdə aldadır, kimi dana və qoyun əti əvəzinə eşşək və ən yaxşı halda at əti satır, kimi dərman satmaq əvəzinə aptekini narkomanların “toçka”sına çevirir, müəllim çıxış yolunu əlini tələbənin cibinə salmaqda, imtahanları “bahalaşdırmaq”da görür, həkim xəstəsini xəstəliklə imtahana çəkir, məmurların tamahı bir az da artır, qərəz, hər şey əvvəlkindən də on qat artıq pisləşir. Amma heç kim bunun fərqində olmur, çünki bu da bir zəncirvari prosesdir...
Siyasi və sosial məsuliyyətə, heç olmasa, gələcək nəsillər qarşısında cavabdehliyə gələndə hamı özünü günahsız sayır, hamı “Mən dünyanı dəyişəsi deyiləm ki!” deyir. Halbuki bir kimsədən “Dünyanı dəyişmək” və yaxud da fövqəladə bir iş görmək tələb olunmur, sadəcə, daha fəal vətəndaş və daha tələbkar insan olmaq umulur...
BİZ OLMAYAN YERDƏ...
Cəmiyyət arasında bir kəsim də var ki, onlara “küsənlər” demək daha düzgün olardı. Bu adamlar müxalif və tənqid mövqelərilə seçilir, hətta hakimiyyətə qarşı neqativ münasibətlərini də gizlətmirlər. Amma onlar da elə bir fəallıq göstərmir, “Nə seçirəm, nə də seçilirəm!” deyib özləri bildikləri kimi guya etirazlarını nümayiş etdirirlər. Amma bir şeyi bilmək lazımdır ki, “seçkilər” biz onlarda iştirak etməyəndə də “baş tutur”, özü də biz küsəndə, “seçki” ilə maraqlanmayanda daha “yaxşı” baş tutur... Məgər illərdir ki, bunun şahidi deyilikmi?..
Burada bir məqam da var. Bəzən, hətta əksər hallarda bizim sükutumuzu da razılığımız kimi yozurlar. Baxın, hakimiyyət istədiyini edir və bütün bunları ”xalqın istəyi” kimi təqdim edir.
Burada bir məqam da var. Bəzən, hətta əksər hallarda bizim sükutumuzu da razılığımız kimi yozurlar. Baxın, hakimiyyət istədiyini edir və bütün bunları ”xalqın istəyi” kimi təqdim edir. Əgər həmin xalq heç olmasa, bir dəfə göstərsə ki, öz adından danışmağa heç kimə vəkalətnamə verməyib, hakimiyyət daha bunları etməyə cəsarət etməz. Amma cəmiyyət və yaxud da hakimiyyətin dediyi kimi, xalq bunu etmir və təbii ki, bütün bunların bədələni ödəyir. Ona görə ki, bu ölkədə daha bir deyim də var: “özünüzdən küsün”...
Elə bu səbəbdən bir daha yazının əvvəlinə qayıtmaq istəyirəm. Bəli, dedim ki, təsadüfən heç nə olmur. Bu prizmadan yanaşanda düşünməyək ki, biz daha yaxşı ictimai-siyasi quruluşda yaşmağa layiqik. Yox, belə deyil. Biz nəyiksə, bizi əhatə edən sosial-siyasi gerçəklik də elə odur.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.