Keçid linkləri

Təcili xəbərlər

Dronlar Marsa da gedəcək


NASA-nın Langley tədqiqat mərkəzi gələcək Mars roverlərinin imkanlarının pilotsuz uçan aparatların köməyilə genişləndirilməsini təklif edib.

Günümüzdə Marsın səthində roverlər vasitəsilə həyata keçirilən tədqiqat missiyalarının hərəkəti məhduddur. Alimlər missiyanı planlaşdıran zaman əvvəlcədən eniş yerini elə planlaşdırmalıdırlar ki, qurğu birbaşa onlar üçün maraqlı olan məkana ensin. Çünki roverlər çox da sürətlə hərəkət etmirlər və onların cəmi bir neçə kilometrdən çox hərəkət etməsi barədə düşünməyə belə dəymir. Məsələn, "Curiosity" Marsdakı 4,5 illik işi ərzində cəmi 16 kilometr yol qət edib. Bununla yanaşı, onun təkərləri artıq sıradan çıxmağa başlayıb. Ən pis halda artıq cəmi səkkiz kilometrdən sonra onlar tamamilə sıradan çıxa bilər.

Tədqiqat missiyasının əhatə dairəsini genişləndirmək üçün Langley tədqiqat mərkəzinin mühəndisləri roverdən həm də pilotsuz uçan aparatlar üçün səyyar baza kimi istifadə olunmasını təklif ediblər. Dronların roverin daxilindəki xüsisi yuvalarda saxlanması nəzərdə tutulur. Bu yuvalarda dronlar tozdan qorunacaq və akkumulyatorlarını yükləyə biləcəklər. Robotlaşdırılmış manipulyator dronu götürərək planetin səthinə qoyacaq. Bu robot əldən həmçinin dronun uçuşunu başa vurmasından sonra geriyə, yuvaya qoyulması üçün istifadə olunacaq.

Elektriklə işləyəcək dronların yüngül çəkili materiallardan hazırlanması nəzərdə tutulub.

İkirotorlu hibrid dronlar şaquli istiqamətdə havaya qalxacaq və yerə enəcək. Ancaq onlar böyük məsafələrə uçan qanad rejimində hərəkət edə biləcəklər. Konsepsiya müəlliflərinin ideyasına görə, dronlar uzaq və çətin gedilə bilən yerlərin araşdırılmasına kömək edəcək. Məsələn, dron dərin uçurumu, yaxud da lava kanalını araşdıra bilər. Çətin gedilə bilən ərazilərin öyrənilməsi ilə məşğul olacaq bu layihəyə ad da verilib: "Mars Electric Flyer". Bundan başqa, gələcəkdə Mars dronları pilotlu missiyalar zamanı da ərazinin kəşfiyyatında istifadə oluna bilər.

Qeyd edilməlidir ki, planetin atmosferinin aşağı sıxlığı vintlərdən effektiv istifadəyə mane olacaq. Planetin səthinə yaxın atmosferin sıxlığı Yerdə səthdən 30 kilometr hündürlükdə müşahidə olunan sıxlıqla müqayisə oluna bilər. Helikopterlər üçün hündürlüyə qalxma rekordu 12,5 kilometr təşkil edir. Eyni zamanda Marsda sərbəst düşmənin sürətlənməsi Yerdəkindən demək olar ki, üç dəfə zəifdir. Buna görə də dronlara uçmaq asan olacaq. Langley tədqiqat mərkəzinin mühəndislərinin sözlərinə görə, onlar artıq prototiplərdən birini aşağı təzyiqli kamerada uğurla sınaqdan keçiriblər.

Marsda uçan aparatlardan istifadə edilməsi ideyası özü-özlüyündə yeni deyil. Məsələn, aerofotoçəkmə üçün nəzərdə tutulmuş Mars planerinin işlənib hazırlanmasına həsr olunmuş Prandtl–M proqramı mövcuddur. Planerin roverin Marsın səthinə enməsi zamanı havaya qalxması nəzərdə tutulub. Uçan aparat birdəfəlik olacaq, onun uçuşu isə 10 dəqiqəyə yaxın davam edəcək.

Ən son yazılan

XS
SM
MD
LG