Keçid linkləri

Təcili xəbərlər

Twitter Rusiya hökümətinə güzəştə gedir


Rusiyanın dövlət mediaya nəzarət qurumu bildirib ki, Twitter rusiyalı istifadəçilər haqqında əlində olan məlumatın bir hissəsini ötürməyə hazırdır. Söhbət Rusiya daxilində yerləşən serverlərdəki məlumatlardan gedir. Bu addım Rusiyanın daxili qanunlarına cavab versə də, istifadəçilərin anonimliyi və izlənməsi kimi məsələlərlə bağlı qorxuları artırır.

Aprelin 19-da Rusiyanın Rabitə, informasiya texnologiyaları, kütləvi informasiya vasitələrinə nəzarət xidməti Roskomnadzor bildirib ki, "Twitter Rusiya vətəndaşları və təşkilatları ilə bağlı hansı məlumatların Rusiya Federasiyasında saxlana biləcəyini" müəyyənləşdirmə prosesindədir.

“Biz ümid edirik ki, bu kommersiya məlumatını 2018-ci ilin ortalarına qədər Rusiyaya göndərə və bu barədə məlumat verə biləcəyik", deyə Twitter-in ictimai siyasət və əlaqələr üzrə rəsmisi Sinead McSweeney bildirib.

Kaliforniyada yerləşən şirkət məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Rusiyada iki il bundan öncə qəbul edilmiş qanuna görə yerli və xarici şirkətlər Rusiya vətəndaşı olan müştərilərinin məlumatlarını Rusiya ərazisindəki serverlərdə saxlamalıdırlar.

Bu qanun anonimlik müdafiəçilərinin ciddi narazılığına səbəb olub. Onlar bu addımın Rusiyada söz azadlığını daha da məhdudlaşdıracağından narahatdırlar. Rusiyada internet ictimai müzakirələr üçün azad və əsasən maneəsiz forum rolunu oynayır. Bu, xüsusilə də dövlətin nəzarətində olan ənənəvi media qurumları ilə müqayisədə daha aydın görünür.

Bu addım Kremlin media və internet üzərində nəzarəti daha da gücləndirmək istəyinin bariz nümunəsidir. Prezident Vladimir Putin açıq şəkildə interneti "Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) layihəsi" adlandırıb.

Dövlət bundan başqa, bloggerlərə qarşı da sərt qaydalar tətbiq edib. Artıq oxucu və ya izləyici sayı müəyyən həddi keçən bloggerlər qeydiyyatdan keçməlidirlər.

Roskomnadzorun təşəbbüsü ilə çıxarılmış məhkəmə hökmünə görə, Rusiyanın bu yeni qanununa əməl etməyən şirkətlər qara siyahıya salınacaq. Onlara 300 min rubl (təqribən 5 min dollar) məbləğində cərimə tətbiq olunacaq.

Roskomnadzor lazım bildiyi vaxt ölkənin internet provayderlərinə qanunu pozmuş şirkətlərin Rusiya internetinə çıxışını bloklamaq tapşırığı verə bilər.

Dünyanın bir çox böyük və tanınmış internet şirkətləri bu qanuna tabe olub-olmamaqlarını müəyyən etmək üçün sakit mövqe tutublar.

Ancaq noyabr ayında Roskomnadzor peşəkar sosial şəbəkə saytı olan LinkedIn-in Rusiyanın internet xidməti provayderləri tərəfindən bloklanması haqda göstəriş verib. Səbəb LİnkedIn-in yeni qaydalara tabe olmamasıdır.
Rusiya hökuməti həmçinin bəzi siyasi cəhətdən həssas materialların senzurandan keçirilməsinə başlayıb.

Mart ayının sonlarında Rusiyanın Baş prokurorluği Roskomnadzordan YouTube-a, populyar blogginq səhifəsi olan Love Journala və VK sosial şəbəkəsinə yerləşdirilən videolara və internet səhifələrinə çıxışı bloklamağı xahiş edib. Bu materiallar korrupsiyaya qarşı mübariz Aleksey Navalnı ilə bağlı olan icazəsiz siyasi nümayişlərin təbliği kimi nəzərdən keçirilir.

Ən son yazılan

XS
SM
MD
LG