Keçid linkləri

Təcili xəbərlər

Hələ “çökdü” deyə bilmərik


Zaur Qurbanlının Türkiyə Cümhuriyyəti niyə çökdü məqaləsini oxudum. Gözəl təsbitlərinə görə təşəkkür edirəm və bir çox fikirlərinin altına imzamı ata bilərəm. Amma Türkiyə Cümhuriyyət dəyərlərinin ve demokratiyasının çökmədiyini nəinki düşünmürəm, hətta çökməyəcəyindən əmin olmak üçün bir çox ümidverici əsaslarım var.

Türkiyə vətəndaşlarının əhval-ruhiyyəsində orta statistik azərbaycanlı laqeydliyinin – o dəhşətli bəlanın – ya heç olmaması, ya da yox dərəcəsində olmasıdır.

Ən başda qeyd etmək istədiyim məsələ Türkiyə vətəndaşlarının əhval-ruhiyyəsində orta statistik azərbaycanlı laqeydliyinin – o dəhşətli bəlanın – ya heç olmaması, ya da yox dərəcəsində olmasıdır. Mənim müşahidə etdiyim və türk cəmiyyətini bizim cəmiyyətimizdən fərqləndirən ən başlıca cəhət kimi bunu qeyd edə bilərəm.

Zaur Qurbanlı yazısında, əgər doğru anlamışamsa, Türkiyədəki demokratiyanı “islamdan uzaqdırsa, deməli demokratikdir” şəklində yozur və bu cür mənimsəyir. Haqlı səbəbləri də var, çünki 15 İyul çevriliş təşəbbüsündə (qondarma idimi, yoxsa həqiqi idi, bunu biləcəyik) də gözü qızmış, azğın kütlə silahını buraxmış yeniyetmə “mehmetcik”ləri vəhşicəsinə döyüb bəzilərini öldürərkən də, içlərindən bir çoxu “bizi demokratiya zad maraqlandırmır” deyirdi. Bunların böyük əksəriyyəti İŞİD profilli şəriət aşiqləri idilər. Və bu sözləriylə də “yanmayan kəfən”, “Peyğəmbər tərliyi” satan cübbəlilərdən öyrəndikləri İslam dininin demokratiya ilə heç vaxt uygunlaşmayacağına insanları bir daha inandırdılar.

Amma bütün dünyanın bir şeyi sorğulaması, analiz etməsi lazımdır: necə oldu ki, toplumun bütöv bir yarısı Erdoğanı sırf dindar göründüyü üçün, nədənsə hər zaman kameraların hazır vəziyyətdə olduğu zamanlarda məscidlərdə namaz qıldığı və ya nəvəsinə Quran oxuma öyrətdiyi üçün, oğruluğuna, şübhəli zənginləşməsinə, daim yalan danışmasına baxmayaraq dəli kimi sevdi və sevməyə davam edir? Bunu Maslou və ya İbn Haldundan yola çıxaraq, “fundamental ehtiyaclarını ödəyə bilməyən cəmiyyətlərdə özünə hörmət hissi aşağı olur” şəklində şərh edə bilərəm. Amma kaş ki sadəcə bu olsaydı.

Bu çevrilişlərin Türkiyə siyasətində islamçı və mərkəz sağçılardan başqa heç bir müxalif qüvvəyə yaşamaq imkanı vermədiyini Ahmet Şık kimi bir çox solçu yazarlar da qeyd edir.

Zaur Qurbanlı Türkiyədəki keçmiş hərbi çevrilişləri səhv etmirəmsə, “özünəməxsus şəkildə demokratiyanı qoruma və bərpa etmə cəhdləri” kimi xarakterizə edir, və düzgün oxuyuruqsa, bu, İslamdan qoruma tədbirləri mənasına gəlir. Bu çevrilişlərin Türkiyə siyasətində islamçı və mərkəz sağçılardan başqa heç bir müxalif qüvvəyə yaşamaq imkanı vermədiyini Ahmet Şık kimi bir çox solçu yazarlar da qeyd edir. Bunu qəbul etmək lazımdır, çünki islami ənənəli bir toplumda kommunizmi boğmaq, islamçı əqidəni boğmaqdan qat-qat asan olub. Amma yenə də, islamçı müxalifətin zülm görmədiyini düşünmək yanlış olar.

Erdoğanın uğuru, natiqliyi və bəlağətindən başqa, güclü manipulyasiya etmə bacarığı ilə də əlaqələndirilir. Amma gəlin düşünək, din istismarı sadəcə məscidlərdə və namazlarda poz vermək və ya Osmanlı aşiqliyinə oynamaqdırmı? Bunlar, əlbəttə ki, rol oynayır. Amma şəxsi müşahidələrim və qənaətimə görə, toplumun ona bu qədər sarılmasının əsas səbəbi keşmiş dönəmlərdəki, Zaur Qurbanlının demokratiya mübarizəsi adını verdiyi, əslində isə militarist bir dünyəvilik, Türkiyədəki adıyla laiklik, ən dəqiqi isə anti-islamçılıqdır. Dünyəviliyin həqiqi mənasını Avropa ölkələrində, elə bizim ölkəmizdə gözəl bilə bilərlər, amma türk toplumunun 50%-ni təşkil edən erdoğanistlərə bunu asanlıqla izah edə bilməzsiniz, çünki gördükləri tam başqa bir şey olmuşdur. Təbii ki, o dövrün islamçı müxalifətinin rejimi dəyişdirmə fikrindən uzaq olduğunu düşünmək, istədiklərinin sadəcə namaz qılmaq və ya sərbəst şəkildə baş örtmək olduğunu fərz etmək sadəlövhlük olardı. Amma bununla mübarizə metodu adına laiklik dedikləri anti-islamizm olmamalıydı. Başörtüsünü qadağan etməklə irticanın qarşısını ala biləcəklərini hesab edənlər, təəssüf ki, belə bir önəmsiz qiyafət atributunun bir ideal halına gəlməsinə və xilaskarının meydana çıxmasına səbəb oldular. Məhz buna görə indi güclü bir qınaq obyekti olan “yetməz ama evetçilər” 2010 referendumunda hə dedilər. Şəxsi həyatlara dini müdaxilə yaxşı bir şey olmadığı kimi hərbi və ya hər hansi başqa müdaxilə də qəbul edilməz olmalıdır. Və Türkiyədə bu gün (artıq) bunu anlayan və müdafiə edən başqa bir 50% vardır və onlar daha effektiv və uzaqgörəndirlər. Ümidim də bundandır.

Bizim ölkəmizdə dini irticanın kök salmadığını və heç bir vaxt da kök salmayacağını hesab edirəm. Çünki ölkəmizdə siyasi islam üçün heç bir ya da çox az bir sosial baza var. Hətta bu baza get gedə böyüsə də məzhəp fərqləri belə birliyə heç vaxt yol verməyəcəkdir.

Azərbaycanlı örnəyi ilə başlamışdım. Bizim ölkəmizdə dini irticanın kök salmadığını və heç bir vaxt da kök salmayacağını hesab edirəm. Çünki ölkəmizdə siyasi islam üçün heç bir ya da çox az bir sosial baza var. Hətta bu baza get gedə böyüsə də məzhəp fərqləri belə birliyə heç vaxt yol verməyəcəkdir. Amma bu, Azərbaycanda irtica və ya nadanlığın olmadığını düşünməyə əsas vermir. Dini istismar yoxdursa onun yerinə başqa istismar alətləri var. Onlardan biri musiqidir. Yəni, Azərbaycan xalqının musiqi kimi bir dini və ya məzhəbi, müğənni və ya sənətkar kimi də imam və ya molla zümrəsi var. Musiqi kimi gözəl bir şeyi birada istismar aləti kimi yazmaq ağırıma getsə də, bu həqiqəyi dəyişmir. Təəssüf ki, Azərbaycan cəmiyyətinin beynini idarə edən vasitə sadəcə musiqi ilə məhdudlaşmır. Bunun yanında Qarabağ ideologiyası, istehlak hərisliyi, rus dilli və simpatik rol modellərə həvəslənmə və daha çox şeylər var.

Sənət istismarı isə, məncə, 1993-cü ildə Heydər Əliyevin inauqurasiya konsertində “sən qalib gələcəksən” deyib özünə əl qatan Azdrama gözəli, oynaq mahnısının ortasında prezidentə xitabən ehtiraslı muğam söyləyən SSRİ artisti ilə, və ən əsası da, əziz prezidentlərinin qayıdışını eşidər-eşıtməz Türkiyədəki işlərini buraxıb tez-tələsik Azərbaycana dönən soprano bacıları ilə başladı. Halbuki, gözəl səsləri və ifaları olan bu soprano bacılarının Heydər Əliyevə heç bir ehtiyacları yox idi, onlar dünyanın istənilən yerində, əgər çox vətənpərvər idilərsə, elə Azərbaycanda da qazana bilərdilər, onlara verilən o evləri də özləri ala biləcək qədər istedadlıydılar.

Türkiyədəki erdoğanist başını quma soxmaq üçün dini istifadə etdiyi kimi, orta statistik azərbaycanlı da əyləncəyə sarılır. Nə dəxli var deməyin, böyük dəxli var.

Amma sovetin defisitindən, sadə məişət qayğılarından miras qalan o əziklik duyğusu onları hökumət dəstəyinə möhtac etdi və bu möhtaclıq ictimai şüura da sirayət etdi. O sənət mühitində Konservatoriya rektorları ola biləcək qədər möhtəşəm pianistlər və “orkestr-adamlar” var, amma bir dənə Fazil Say yoxdur, niyə? Çünki olmasına ehtiyac yoxdur, tələb yoxdur ki, təklif də edilsin, deyilmi? Belə şəraitlərdə həyat qayəsi yeyib-içib ifraz etmək və törəmək olaraq yetişən bir toplumun maraq göstərdiyi yeganə şey də təbii olaraq əyləncə olacaq. Türkiyədəki erdoğanist başını quma soxmaq üçün dini istifadə etdiyi kimi, orta statistik azərbaycanlı da əyləncəyə sarılır.

Nə dəxli var deməyin, böyük dəxli var. Mən dini tiryək hesab edənlərdən deyiləm, amma din tiryək kimi istifadə edilə bilər. Dinlə dumanlanan beyinlərdə radikal meyllər formalaşırsa, əyləncə ilə yatəzdırılan beyinlərdə də laqeydlik əmələ gəlir.

Amma, dediyim kimi, Türkiyədə bu şəxsiyyətə pərəstiş kütləsinin qarşısına çixmaq üçün ən azı o qədər sayda fərqli bir topluluq var ki, bu, Azərbaycanda yoxdur. Yəni, ən azı laqeyd kəsimə bərabər sayda siyasi aktiv, həyəcanlı, ideyası və ya idealı olan bir qüvvəni burada görə bilmirəm. Türkiyədə isə son referendum, bu qeyri-erdoğançı kəsimin get-gedə artacağının əlamətlərini verdi.

Türkiyə demokratiyanın olmasa da, azad seçkilərin dadını uzun müddət gördü və asanlıqla o dad hissindən əl çəkməz. Azərbaycan isə həqiqi müstəqilliyin nə olduğunu anlamağa fürsət tapa bilmədiyi üçün “bəlkə də qaytardılar” əhvalıyla SSRİ həsrəti çəkir. İqtidara gəlmədən xalqın qəlbinə yol tapacaq bir müxalifətin meydana gəlməsinə qədər də belə davam edəcəyini hesab edirəm.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG