Dünya Səhiyyə Təşkilatının yeni hesabatında alimlər 2030-cu ilə qədər hepatit virusunun yayılmasını dayandırmağı qarşılarına məqsəd qoyublar.
Hesabata B və C hepatitlərinin yayılması haqqında yeni məlumatlar daxil edilib. Hesablamalara görə, hər il bu növ virus hepatitindən 1.34 milyon insan vəfat edir. Bu rəqəmlər HİV və vərəm xəstəliyi göstəriciləri ilə demək olar ki, eynidir. Hazırda təqribən 325 milyon insan hepatit virusundan əziyyət çəkir (Yer kürəsinin təxminən 4.4 faiz sakini). Yalnız 9 faiz B hepatiti və 20 faiz C hepatit virusu olan insanlar testdən keçərək öz diaqnozları haqqında xəbərdar olublar. Təhlükəli tibbi prosedurlar və damardaxili narkotiklərin qəbulu C hepatitinə yoluxmanın əsas səbəblərindən biridir.
“DST yeni məlumatları təqdim edib, biz isə qarşımıza konkret məqsəd qoyub, 2030-cu ilədək onu reallaşdırmalıyıq. Məsələn, hepatitdən ölüm hadisələrinin sayını endirmək – il ərzində 1.34 milyon ölüm hadisəsini 469 mindən də aşağı salmaq”, deyə hesabatın müəlliflərindən biri olan Çarlz Qore bildirir.
Alimlər qeyd edirlər ki, 2000-ci ildən etibarən HİV və ya vərəm xəstəliyindən ölənlərin sayı azalarkən, hepatit viruslarından ölənlərin sayı 22 faiz çoxalıb. Mütəxəssislərin sözlərinə görə, situasiyanı yaxşılaşdırmaq üçün regional və milli səviyyədə tədbirlər görülməli və diaqnostika üçün adi ekspress-testlər də diqqətdənkənar qalmamalıdır.