Aprelin 19-da NASA-nın Günəş dinamikası rəsədxanasının alimləri Günəşdə qeyri-adi hadisə aşkar etdiklərini bildiriblər. Günəşdə od partlayışlarını xatırladan püskürmələr qeydə alınıb. Qeydə alınmış görüntülərdə qaynar, ionlaşmış qaz və maqnit sahəsi Günəşin tacından kənara çıxıb.
Alimlərin sözlərinə görə, bir-birinin ardınca baş verən bu püskürmələr Günəşin aktiv hissəsindəki maqnit sahəsini dəyişməyə cəhd edib. Bu hal əvvəllər də qeydə alınıb, ancaq budəfəki qədər uzunmüddətli olmayıb. Bu dəfə bütün proses 20 saata qədər davam edib və cihazlar tərəfindən çox aydın görüntülənib. Bundan başqa, alimlər rekord uzunluqda partlayış ilmələrini və plazmanın son dərəcə güclü parlaqlığını qeydə alıblar. İonlaşmış hissəciklərin yaratdığı bu ilmələr Günəşin maqnit sahəsinin səthi boyunca hərəkət edir.
İndi astrofiziklər bu partlayışların Yer kürəsi və onun sakinlərinə təsir edib-etməyəcəyini anlamağa çalışırlar. Maqnit qasırğalarının baş verəcəyi istisna olunmur.
Bu yaxınlarda alimlərin Günəş sistemində bir yox, iki işıq mənbəyinin olduğunu aşkar etməsi barədə xəbər yayılmışdı. Həmin alimlər ikinci günəşin Oorta buludunda gizləndiyini güman edirlər. Bildirilir ki, Nemezida adlı bu göy cismini görmək demək olar ki, qeyri-mümkündür. Alimlərin sözlərinə görə, bu ulduzu soyuq subcırtdan ulduz kimi təsnif etmək olar. Sözügedən alimlər deyirlər ki, Nemezida Günəş sistemində gəlmə hesab oluna bilər. Ancaq onun yaşı Günəşinkindən çoxdur.
Başqa bir qrup alimsə hesab edir ki, Kainatın 70 faizi sadəcə olaraq mövcud deyil. Bu alimlər qara enerjinin mövcud olmadığını iddia edirlər. Bu vaxta qədərsə qara enerjinin bütün Kainatın 68 faizini təşkil etdiyi hesab edilirdi.
Alimlər bu tip partlayışları Koronal (tac) Kütlə Partlayışları (CME) adlandırırlar. CME adətən təqribən 1,13 kilometr/saat sürəti ilə Günəşdən kənara doğru istiqamətlənir. Belə partlayışlar adətən Günəşin maqnit fəaliyyətinin ən çox olduğu hissələrində qeydə alınır.
Belə partlayışların ardınca çox zaman koronal ilmələr qeydə alınır. İşıq saçan plazma ionlaşmış qazdan ibarətdir. Başqa sözlə, elektronların bir hissəsinin qopması nəticəsində qaz atomları yüklənmiş olur (elektrik yükünə malik olur).
Bu püskürmələrin Yerin maqnit qovuğuna (atmosferin maqnitosfer qatına) təsir edəcəyi təqdirdə maqnit qasırğaları baş verə bilər. Bu isə öz növbəsində peykləri, rabitə şəbəkələrini, enerji sistemlərini və digər sistemləri sıradan çıxara bilər. Bəzi yerlərdə elektrik kəsilə bilər. Ancaq bu prosesin ən xoş təsiri aurora - qütb parıltısıdır. Qütb parıltısını Britaniya və Şotlandiya, Norveç, İsveç, Estoniya, Latviya, Finlandiya, Rusiya, ABŞ və Kanadanın bir çox yerlərində görmək mümkündür.
Ötən həftə NASA Günəşdən iri bir dəliyin Yerə tərəf istiqamətləndiyi və onun maqnit qasırğası yarada biləcəyi barədə xəbərdarlıq etmişdi. İndi isə agentlik həmin dəlikdən elektrik yüklü hissəciklərin töküldüyünü əks etdirən görüntüləri yayıb.
Bu dəliyin ötən gün və bu gün planetimizə tərəf güclü günəş küləkləri göndərəcəyi gözlənilirdi. Meteoroloqlar 75 faiz ehtimalla maqnit qasırğalarının olacağını proqnozlaşdırırdılar.