Keçid linkləri

Təcili xəbərlər

Antarktidada axar çaylar, göllər və şəlalələr yaranıb


Antarktidada buzlaqların əriməsi əvvəllər güman edildiyindən daha sürətlə baş verirmiş. Beynəlxalq tədqiqatçılaq qrupu 1947-ci ildən günümüzədək Antarktidanın havadan və peykdən çəkilmiş fotoşəkillərini təhlil edərək materikdə çaylar, göllər və şəlalələrin olduğunu aşkar edib. Ümumilikdə ayrı-ayrılıqda 700-ə qədər belə su hövzəsi müəyyən edilib. Araşdlrmanın nəticələri "Nature" jurnalında dərc edilib.

"Nature" jurnalı yazır ki, Antarktidada buzlaqların səthində yüzlərlə müvəqqəti su hövzəsi aşkar edilib «Hal-hazırda isə biz belə bir ərimənin gələcəkdə dəniz səviyyəsinin yüksəlməsinə necə təsir edəcəyini dəyərləndirməklə məşğuluq», deyə Çikaqo Universitetindən qlasioloq (buzlaqlar üzrə mütəxəssis) alim Duqlas Makeyil (Duglas MacAyeal) qeyd edib.

Alimlərin sözlərinə görə, bu vaxta qədər belə kanalların mövcudluğu istiləşmə ilə əlaqələndirilirdi. Bu istiləşmə Antarktidada çox qısa keçən yay ərzində baş verir. Ancaq hazırda alimlər bu prosesdən narahat olmağa başlayıblar. Belə ki, bu, dəniz səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.

Məlum olub ki, alimlər yerli buzlaqların əriməyə meylliliyini kifayət qədər düzgün qiymətləndirməyiblər. Amerika alimləri aşkar ediblər ki, buzlar isti cərəyanların təsiri nəticəsində əriyir. İsti cərəyanlarsa materikin içərilərinə çayların köməyilə yaranmış kanallar vasitəsilə nüfuz edə bilir.

Havadan çəkilmiş bu kadrlarda Nansen Buz Şelfində yerləşən, eni 122 metr olan şəlalədən suyun okeana töküldüyü görünür.

Bütün qitəni əhatə edən bu unikal tədqiqat gedişində alimlər Antarktidada suyun əvvəllər düşünüldüyündən daha çox axdığını aşkar ediblər.

Kolumbiya Universitetinin Lamont-Doherty Yer Rəsədxanasının alimləri yay mövsümündə qitənin buzlaqları arasında əhəmiyyətli dərəcədə iri həcmdə maye suyun axdığını aşkar ediblər. Bu vaxta qədər bu su axınlarının əsasən Antarktidanın ucqar şimal nöqtələrində olduğu düşünülürdü.

Materikin bütün ərazisində geniş yayılmlış axınların aşkar edilməsi çox ciddi xəbərdir. Bu xəbər buzlaqların əriyə biləcəyi barədə proqnozların həqiqi ola biləcəyini göstərir. Maye şəklində sərbəst axan su günəş enerjisini buzdan daha çox udduğuna görə yaxınlıqdakı buzları da ərimə riski qarşısında qoyur.

“Bu, gələcəyin işi deyil, bu indidir və onillərdir ki, davam edir", - deyə tədqiqat qrupunun rəhbəri, Lamont-Doherty Yer Rəsədxanasından qlasioloq Conatan Kinqsleyk (Jonathan Kingslake) "Nature" jurnalına verdiyi açıqlamada bildirib.

Alimlər qeyd ediblər ki, materikdə axar su hövzələrinin araşdırma dövründə artmasını iddia etmək üçün əllərində kifayət qədər dəlil yoxdur. Ancaq gələcəkdə materikdə axar su hövzələrinin yayılmasının öyrənilməsi məhz bu tədqiqatın nəticələri üzərində qurulacaq.

Bəs Antarktidada axar su hövzələrinin artması niyə təhlükəlidir? Su materikin kənarlarındakı "buz şelflərinin" aralarına dolaraq onların strukturunu daxildən zəiflədə bilər. Nəticədə zaman keçdikcə Antarktidanın buz şelfləri tamamilə dağıla bilər. Bu isə öz növbəsində bütün dünyada dəniz səviyyəsinin ciddi şəkildə qalxmasına yol açar.

Bu əsrdə dəniz səviyyəsinin yüksəlməsinin bəşəriyyəti nəhəng problemlərlə üz-üzə qoyacağı gözlənilir. Alimlər 2100-cü ildə dünyada dəniz səviyyəsinin 30 santimetrdən 250 santimetrədək yüksələ biləcəyini deyirlər. Bu rəqəmlər ilk baxışdan çox böyük görünməyə bilər. Ancaq onların bəşəriyyətin həyatına və iqtisadiyyata dağıdıcı təsiri nəhəng olacaq. Alimlərin hesablamalarına görə, dəniz səviyyəsinin cəmi 6 fut (183 santimetr) qalxması 6 milyon amerikalını evsiz qoyacaq. Bu baxımdan Antarktidanın buz şelfləri son dərəcə önəmlidir.

Ən son yazılan

XS
SM
MD
LG