Keçid linkləri

Təcili xəbərlər

Rəngli linzalı günəş eynəkləri görmə üçün zərərlidir


Bu mövsümdə stilistlər təkcə rəngli geyimlər yox, həm də rəngli aksessuarlar seçməyi tövsiyyə edirlər. Oftalmoloqlar günəş eynəklərinin hansı rəng qammasında seçilməli olduğundan danışıblar. Məqsəd dəbli görünməkdən başqa həm də sağlamlığımızı itirməməkdir.

Günəşdən müdafiə eynəkləri yay mövsümündə ən çox tələb olunan bəzək əşyalarıdır. Ancaq həkimlər bu aksessuarın seçilməsinə xüsusi diqqətlə yanaşmağı məsləhət görürlər. Göz həkimləri linzaları qırmızı, sarı və çəhrayı olan eynəkləri almamağı məsləhət görürlər. Bu rənglər təkcə göz təzyiqini artırmır, həm də insanın psixi durumuna mənfi təsir göstərir. Günəş çox parlaq olanda isə göy, yaxud mavi şüşəli eynək taxmaq məsləhət deyil. Belə eynəklər sizin gözlərinizi yandırıcı günəşdən qorumur.

Bəs hansı rənglər bizin görmə qabiliyyətimizə ziyan vurmur? Göz həkimləri yaşıl linzalı günəş eynəklərinə fikir verməyi məsləhət görürlər. Belə eynəklər həm təhlükəsiz, həm də faydalıdır. Yaşıl rəng obyektlərin təbii çalarını qoruyub saxlayır, göz əzələlərini sakitləşdirir və sinir sistemini qıcıqlandırmır.

Ancaq bununla yanaşı ən təhlükəsiz eynəklər qonur şüşəli eynəklərdir. Bu rəng təzadlılığı artırır və hətta ən parlaq işıqda belə ətrafdakı obyektləri dəqiq görməyə imkan verir. Sürücülər və gözündə çəplik olan insanlara məhz belə eynəklər taxmaq məsləhət görülür.

Mütəəssislər deyirlər ki, gözləri günəşdən gələn ultrabənövşəyi şüalara həddindən çox məruz qoymaq gələcəkdə görmə qabiliyyətinin itirilməsi ilə nəticələnə bilər. Bu halda gözün arxa hissəsindəki makula adlı hissə zədələnə bilər. Makula əkslərin beyinə ötürülməsinə yardım edən orqandır. Gözlərinizin rəngi açıqdırsa, siz daha böyük risklə üzləşirsiniz.

Bu səbəbdən doktor Rishi Singh insanlara nüfuzlu şirkətlərin ultrabənövşəyi şüalardan qoruyan eynəklərini seçməyi məsləhət görür. O deyir ki, belə eynəklər heç də həmişə bahalı olmur və onları hər qiymətə tapmaq mümkündür.

Oftalmoloq UVA/UVB müdafiəsinin səviyyəsi ən yüksək olan eynəkləri seçməyi məsləhət görür. Adətən bu göstərici ya eynəyin üzərindəki stikerdə, ya da birbaşa etiketin üzərində çap olunur.

Doktor Singhin sözlərinə görə, makulanın degenerasiyasından və diabet zəminində yaranmış retinopatiyadan əziyyət çəkən şəxslər kəhrəba, yaxud da qonur rəngli şüşələri olan eynəklər seçməlidirlər. "Ancaq seçim qarşısında qalsanız, bilin ki, ultrabənövşəyi şüalardan qoruma göstəricisi linzanın rəngindən daha vacibdir", - həkim deyir.

Biz yaşlaşdıqca gözümüzə birbaşa düşən günəş şüaları bizim üçün daha parlaq olur. Bu yaşda bizim göz bəbəklərimiz genişlənir və işığa daha həssas olur. Buna görə də, doktor Singh maşın sürən zaman polarizasiya olunmuş linzalı eynəklər taxmağı məsləhət görür. Belə eynəklər parlaqlığı azaldır.

Rənglərin təhrif olunmasını minimallaşdıran eynəklərsə qonur, boz, yaşıl və sarı şüşəli günəş eynəkləridir.

Oftalmoloqun sözlərinə görə, uşaqlar da günəş eynəyi taxmalıdırlar. O hətta 6 ayından böyük uşaqların günəş eynəyi taxmalı olduqlarını deyir. Uşaqlara erkən yaşlarında günəş eynəyi taxmağın vacibliyi öyrədilməlidir.

Doktor Singh deyir ki, yaxşı eynəklər bir qədər bahalı olsa belə onlara ərclənən pul uzunmüddətli perspektivdə itmir.

XS
SM
MD
LG