Çin milli kosmik idarəsinin baş katibi Tyan Yulon (Tian Yulong) Avropa kosmik agentliyi ilə keçirdiyi danşıqlardan xəbər verib. İki tərəf arasında aparılan danışıqlarda Ayda kənd tikmək və hələ ki, tərəflərin açıqlamaq istəmədiyi bir sıra mövzular müzakirə olunub. Peykin istifadəsi ilə bağlı planlar təbii ki, çox saydadır. Məsələn, onu Marsa ekspedisiyaya gedənlər üçün meydança kimi istifadə etmək, faydalı resursların hasilatı və hətta Ayın gözəl mənzərələrini seyr etmək üçün turbazanın yaradılması kimi planlar var.
22 ölkənin daxil olduğu Avropa kosmik agentliyinin mətbuat rəhbəri Pol Hvistendal (Pal Hvistendahl) danışıqlar haqda məlumatı təsdiqləyib. Agentliyin rəhbəri isə ambisiyalı və dərindən işlənən kosmos proqramına görə Pekini də tərifləyib.
Çin rəqibləri ilə kosmik yarışlara gec qatılsa da kosmosun öyrənilməsində çox irəliləyib. Taykonavtın (Çində kosmonavtları belə adlandırırlar) 2003-cü ildə olan ilk uçuşundan sonra kifayət qədər proqres əldə edilib. Yalnız onu qeyd etmək kifayət edər ki, hazırda boş kosmik stansiyaya yaxınlaşmaqda olan pilotsuz idarə edilən kosmik gəmi aprel ayında peykə buraxılıb. Avropalılar isə öz növbəsində yaxın gələcəkdə həmin stansiyaya baş çəkmək niyyətindədirlər.
Maraqlısı odur ki, kosmosda da siyasətsiz keçinmək olmur. Taykonavtlar Beynəlxalq Kosmik Stansiyasından istifadə edə bilmirlər, Çinin kosmik proqramının hərbi proqramlarla bağlı olduğundan şübhələnərək ABŞ qanunları belə bir əməkdaşlığa qadağa qoyub.
Bu ilin sonuna Çin Aydan qrunt nümunələrini əldə etmək üçün kosmik gəmi göndərməyi planlaşdırır, növbəti il isə Pekin Ayın əks tərəfinə uçuşu planlaşdırır.