Keçid linkləri

Təcili xəbərlər

Alim Bermud üçbucağının sirrini açıb?


Alimlər apardıqları növbəti təcrübənin nəticələrinə əsaslanaraq Puerto-Riko, Bermud adaları və Florida arasında yerləşən Bermud üçbucağı müəmması ətrafında yaranmış mifi dağıtmağa nail olublar. Məlum olub ki, ötən əsrin ən sirli tapmacalarından biri mifdən başqa bir şey deyil və Bermud ümbucağı ətrafında heç bir müəmma yoxdur. Alimlərin dəlillərinin əsasını fizik və okeanoqraf Helen Çzerskinin (Helen Czerski) müşahidələri təşkil edir.

Xatırladaq ki, bu mifə görə sözügedən ərazidən keçən dəniz və hava gəmiləri yoxa çıxır.

Əvvəllər anomaliyanı araşdıran alimlər arasında uzun zaman belə bir fikir üstünlük təşkil edirdi ki, bu ərazidə okeanın dibindəki çatlardan yuxarı qalxan metan qabarcıqları xüsusi burulğanlar yaradaraq gəmilərin çevrilməsinə və batmasına səbəb olur.

Mətbuat xəbər verir ki, alimlər sözügedən ərazini araşdıraraq oradan heç bir anomaliya aşkar etməyiblər. Bu səbəbdən onlar Bermud üçbucağı tapmacasının sadəcə uydyrma olduğunu bildiriblər.

Britaniyalı fizik və okeonoqraf Helen Çzerski "Tech Insider"ə müsahibəsində bildirib ki, Bermud üçbucağında anomaliyaların mövcud olmasına dair həqiqətə ən çox bənzəyən nəzəriyyələr belə tənqidə dözmür. Çzerski bu məsələni araşdıraraq belə nəticəyə gəlib ki, bu mif real həyatda fiziki olaraq mümkün deyil.

YouTube kanalında yerləşdirilmiş videoda Czerski izah edir ki, gəmilərin batması əvvəllər düşünüldüyü kimi metan qabarcıqların toplanması nəticəsində baş verə bilməzdi. Bu nəzəriyyəni inkar etmək üçün gəmilərin konstruksiyasına baxmaq kifayətdir. Gəmilər açıq dənizdə metan qabarcıqlarının «təzyiqinə» rahatlıqla davam gətirməyə qadirdir. Gəmi çevrilməkdənsə, rahatca kənara çəkilə bilər.

O qeyd edib ki, okeanın dibindəki çatlardan çıxan metan qazı bütöv böyük bir qovuq formasında suyun üzünə qalxmır, çox qısa zamanda kiçicik qabarcıqlara bölünür. "Özü də qaz qabarcıqları gəmini suyun dibinə endirmir, əksinə, onun suyun üzünə qalxmasına yol açır", deyə o əlavə edib.

Tədqiqatçılar müəyyən ediblər ki, bu ərazidə cəmi bir neçə gəmi batıb. Özü də onların yoxa çıxmasını müəmmalı adlandırmaq da çox çətindir. Belə ki, onların çoxu sonradan tapılıb və onların batmasının səbəbləri müəyyən edilib.

Qeyd edək ki, Helen Czerski "Fincanda qasırğa: gündəlik həyatda fizika" ("Storm In A Teacup") kitabının müəllifidir.

Bu fenomen ilk dəfə 1946-cı ildə səyyah Vincent Gaddis tərəfindən təsvir olunub. Bəzi dənizçilər hətta bu ərazini "Şeytan üçbucağı" adlandırırlar. Onlar iddia edirlər ki, bu ərazidə fövqəltəbii qüvvələr və hətta yadplanetlilər hökmranlıq edir. Hətta beş əsrdən çox bundan əvvəl Bermud üçbucağında 1000-dən çox gəminin batdığını iddia edənlər də var.

1950-ci illərdə Edvard Cons (Edward Van Winkle Jones) adlı jurnalist "Associated Press" üçün yazdığı məqalədə çox sayda dəniz və hava gəmisinin Bermud übucağında yoxa çıxmasından söz açaraq ictimaiyyətin marağına səbəb olmuşdu.

Sonradan, 1970-ci illərdə yazıçı Çarlz Berlits (Charles Berlitz) "Bermud üçbucağı" adlı kitab çap etdirdi. Qısa zaman ərzində bestsellerə çevrilmiş bu kitab naməlum uçan obyektlər (UFO) və qatil dalğalar barədə şaiyələrə yol açdı.

"Ancaq problem onda idi ki, əslində heç kəs gəmilərin və təyyarələrin yoxa çıxması haqda iddialarla bağlı faktları yoxlamırdı. Bir neçə ildən sonra jurnalist Lari Küşe (Larry Kusche) məsələni araşdında aşkar etdi ki, heç bir həlli tapılmalı olan müəmma mövcud deyil", - jurnalist Fiona MakDonald yazır.

Ən son yazılan

XS
SM
MD
LG