Keçid linkləri

Təcili xəbərlər

Insan beyni emosiyaları necə anlayır?


Beyin qeyri-müəyyən və birmənalı olmayan emosiyaları badamvari cismin xüsusi neyronları vasitəsilə dəyərləndirirmiş.

Bəzən biz kiminsə üzünə ani baxan kimi onun nə düşündüyünü dərhal anlayırıq. İnsanın üz ifadəsi bizə hər şeyi deyir. Ancaq bəzən biz bu məqamda çox ciddi yanılırıq. Bizə elə gəlir ki, kiminsə qəzəbli üzü var, ancaq əslində o qəzəblənmir, əksinə, sevinir.

Belə səhvlərin necə baş verdiyini anlamaq üçün beynin üz ifadəsini sosial kontekstlə necə tutuşdurduğunu təsəvvür etmək lazımdır. Beyində emosiyaları emal edən mərkəz mövcuddur. Badamvari cism və ya amiqdala adlanan bu mərkəzdə başqa insanların üz ifadəsinə reaksiya verən hüceyrələrin olduğu çoxdan məlumdur. Ancaq görülən emosiyanın məhz "sosial idrakının" necə baş verdiyi hələlik tam aydın deyil.

Kaliforniya Texnologiya İnstitutundan olan tədqiqatçılar 20-yə qədər pasientdə badamvari cismin neyronlarının aktivliyini ölçüblər. Bu insanların hər biri hansısa tibbi göstərişlərə görə beyin əməliyyatı keçiribmiş. Alimlər pasientlərin hər birinə müxtəlif üz ifadələrinə malik insanların fotoşəkillərini göstərərək amiqdalanın verilən tapşırığa necə cavab verdiyini müşahidə ediblər. Tədqiqatçılar qorxu və sevincin müxtəlif dərəcələrini əks etdirən silsilə fotoşəkillər seçiblər. Bundan başqa, bəzi görüntülərdə insanların üz ifadələri birmənalı olmayıb. Bəzilərində əks olunmuş insanlarsa tamamilə neytral üz ifadəsinə malik olublar. Təcrübə iştirakçılarından hər bir fotoda əks olunmuş insanın sevindiyini, yoxsa nədənsə qorxduğunu təyin etmək tələb olunub.

Nəticələri "Nature Communications" jurnalında dərc edilmiş tədqiqatın müəllifləri yazırlar ki, bu yolla onlar badamvari cismdə iki növ neyron aşkar edə biliblər. Neyronların birinci tipi konkret bir emosiya, yəni ya qorxu, ya da sevinc üzərində ixtisaslaşıb. Təcrübə zamanı yad adamın emosiyası nə qədər güclü olubsa, belə hüceyrələrin reaksiyası da bir o qədər güclü olub. Məsələn, «yad insanın sevincinə cavabdeh olan neyronlar" həm güclü, həm də orta dərəcəli sevincin əks olunduğu fotoya reaksiya verib. Ancaq emosiya güclü olanda onlar daha aktiv reaksiya veriblər. Qorxu barədə də eyni sözləri demək olar.

Neyronların digər növü isə yalnız yad adamın emosiyası qeyri-müəyyən olanda, birmənalı olmayanda işə düşürmüş. Bu hüceyrələr emosiyanın növündən asılı olmayaraq tam aydın olmayan bütün emosiyalarda aktivləşirmiş. Bəzən eyni adam eyni üz ifadəsini əvvəlcə sevincli, daha sonra qorxmuş kimi dəyərləndirirmiş. Ancaq bütün bu hallarda insanların qarşılarındakı adamın məhz nə hiss etdiyini anlaması ilk növbədə beyindəki badamvari cismdən asılı olub.

Əldə olunan məlumatlar funksional maqnit-rezonans tomoqrafiyasından (MRT) istifadə etməklə aparılan təcrübələrdə də təsdiq olunub. MRT beynin müxtəlif zonalarının, o cümlədən amiqdalanın aktivliyini izləməyə imkab verir. Aparılan təcrüələrdə həmçinin amiqdalası zədələnmiş pasientlər də iştirak ediblər.

Autizmdən tutmuş posttravmatik sindroma qədər çox sayda psixonevroloji pozğunluq zamanı xəstə başqalarının emosiyalarını anlamağa son dərəcə çətinlik çəkir. Ola bilsin ki, belə problemləri badamvari cismin məqsədyönlü elektrostimulyasiyası və maqnit stimulyasiyasının köməyilə aradan qaldırmaq mümkündür.

XS
SM
MD
LG