Keçid linkləri

Təcili xəbərlər

Millətçilik üstünlük demək deyil!


Son zamanlar sosial şəbəkələrdə millətçilik, millət və s. üzərinə müzakirələr gedirdi. Demək olar hər il minimum bir dəfə belə söhbətlər olur. Qısası bir qrup hesab edir ki, millətçilik ziyanlıdır, inkişafına qəti olaraq yol vermək olmaz, digər qrup da əksini iddia edir, bunu çox normal sayır. Və təbii ki, hər iki cinahdan öz fikrini kəskin (oxu – radikal) müdafiə edənlər də olur.

Ötən dəfə belə müzakirələrin birinə mən də qoşuldum. Fikirlərimi tam olaraq bu yazıda bildirmək ehtiyacı hiss etdim. Ona qədər isə gəlin görək azərbaycan dilində vikipediya millətçilik haqqında nə deyir?!

Millətçilik — dövlətin mövcudluq ilkinliyi prosesində ictimai birliyin ən yüksək forması kimi millətin dəyəri tezisini əsas prinsip tutan siyasi istiqamət və ideologiya. Siyasi hərəkat kimi millətçilik dövlət hakimiyyəti ilə münasibətdə müəyyən ümummilli maraqların müdafiəsinə cəhd edir.

TÜRK ADINDAN QORXMAQ LAZIM DEYIL!

Bəli, çox yerdə söhbət edərkən, müzakirələr zamanı türk adından “qorxu”nun şahidi olmuşam. Dünyada 200-dən çox dövlət var, amma millətlərin sayı bundan bir neçə dəfə çoxdur. Azərbaycan əhalisində də mütləq çoxluq türk əsillidir. Burada qəbahət nə ola bilər ki. Avropada olan 400-500 illik türk düşmənçiliyi daha sonra rus imperatorluğuna keçib. 200 il də onların hökmdarlığı altında tarix yazılıb. Coğrafi ərazi olaraq o qədər bölünmüşük, o qədər fərqli tarixlə “bəzədilmişik” ki, bəzən indiki vəziyyətin hələ şükürlü olduğuna inanmaq istəyirsən. Bir əsrin içində həm türk, həm tatar, həm azərbaycanlı, həm azəri və daha nə bilim nə adlar qoyulub. Mənim ata nənəm məsələn türk hərflərini bilib, anam amma kirilcə yazıb, mən özüm kirilcə öyrənmişəm, amma məktəbə gedəndə əlifba latın olub. Yəni sözüm ona ki, çox qarışdırıblar beynimizi.

Uşinski deyirdi ki, bir milləti məhv etmək istəyirsənsə, ilk onca onun dilini əlindən al. Bizim dilimizi uzun illər bir tərəfdən elə özümüz, digər tərəfdən də kimin fiziki və mədəni işğalında olmuşuqsa, onlar dəyişib. Bunları ona görə yazıram ki, indiki gəncliyin çaşqınlığını bir az normal qarşılamaq lazımdır. Aqressiv reaksiya vermək olmaz. Amma çıxış yolu daha çox oxumaqdır. Bir insanın hansı millətin nümayəndəsi olaraq dünyaya gəlməsi onun əlində deyil. Amma onun özünü hansı millət hesab etməsi və ya heç bir millətə məxsus hesab etməməsi öz əlindədir. Burada qəbahət bir şey yoxdur.

İndi gələk bizə. Məsələn, mən millət olaraq türkəm, bununla fəxr edirəm. Fəxr edirəm ki, böyük tarixim, gözəl dilim, mədəniyyətim var. Eyni zamanda bir türk əsilli olaraq Azərbaycanda dünyaya gəlmişəm (Mənim üçün anadan Qızıldaş kəndi indi və o vaxt Ermənistanın tərkibində olsa da Azərbaycandır, işğal edilib). Vətənim kimi Azərbaycanla da fəxr edirəm. Özümü bu vətənə borclu hesab edirəm, sevinirəm ki, mənim ölkəmdə bütün millətlər bir arada mehriban yaşayır, heç kim deyə bilməz ki, burada hansısa millətin nümayəndəsi əzilir, ona ögey münasibət var. Əksinə ögey münasibəti bəzən elə yerli türk əsilli camaata göstərirlər.

TÜRK OLMAQ ÜSTÜNLÜK DEYIL, SADƏCƏ FAKTDIR

Əgər kimsə deyirsə ki, o türkdür, ona hücum etmək lazım deyil. Ondan qorxmaq, onu şovinist adlandırmaq, irqçi demək yeni dəb olub son zamanlar. Xüsusən də bir-iki dünyəvi kitab oxumuş adamlar qəribə bir axına düşürlər. Köklü ideoloji baza olmadığından çox tez-tez fikir dəyişirlər. Və guya bu adamlar savadlandıqca bu söhbətlərin nə qədər boş olduğunu dərk edirlər. Başa düşdük hamımız azərbaycanlıyıq, azərbaycanı özünü türk sayanlar əmin olun ki, Sizdən az sevmir. Minimum az sevmir özü də. Amma öldürəsi deyilik ki, türkdür adam.

Məsələn, qəribə hal var. Azərbaycanda yaşayan rus, ərəb, talış, udin, ləzgi və s. millətlərin nümayəndələri çox təbii olaraq özlərini azərbaycanlı hesab edirlər, vətən kimi çox sevirlər. Soruşanda hərə öz millətini deyir, məsələn, ləzgiyəm, talışam, kürdəm və s. Bəli, çox normaldır. İllər boyu çiyin-çiyinə o qədər əzablı yollardan keçib bu millətlər bir yerdə. Qurban verib, şəhid olub, ac qalıb... Amma kimsə deyəndə ki, “türkəm” o saat düşürlər üstünə ki, nə türk, hamımız azərbaycanlıyıq. Niyə bölürsən, niyə bölücülük edirsən. Gəlin, razılaşaq ki, bu yerdə bir az uyğunsuzluq yaranır. Türk olmaq, özünə türk demək bölücülük deyil, üstünlük də deyil, sadəcə faktdır.

TÜRK TÜRKIYƏ TÜRKÜ DƏ DEMƏK DEYIL!

Ən çox yayılmış yanlış fikirlərdəndir. Türkiyə türkləri ilə qarışdırırlar. Türk millət olaraq bir neçə qola bölünüb. Boylar deyirlər buna. Türkiyə türkləri də Oğuz qrupuna məxsus bir türk qoludur. Bir dəfə, dəqiq yadımda deyil, hansısa alim yazmışdı ki, gərək Atatürk millətin adını türk qoymayaydı. Bütün dünya indi türk deyəndə Türkiyəni düşünür. Bilmirəm bu yaxşıdırmı, ya pis. Amma çaşqınlıq yaradır. Yəni biz Azərbaycan türküyük, onlar isə Türkiyə türkləri.

MILLƏT TƏKCƏ ƏRAZI BÜTÖVLÜYÜ ILƏ ADLANA BILMƏZ

Münqayişəyə rəvac verməməsi üçün milli mənsubiyyətə ərazinin adını yazmaq yaxşı çıxış yoludur. Bu haqda bir söz demirəm. Amma bu özü də onu inkar etmir ki, sən özünə azərbaycanlı deyəsən, amma millət olaraq türk deməyəsən, talış deməyəsən və s. Burada da qorxulu bir şey yoxdur. Uzun illər İsrail dövləti yox idi, amma yəhudi milləti var idi. Və ya kimsə deyə bilməz ki, qaraçı milləti yoxdur. Nə olsun ki, dövlətləri yoxdur.

AZƏRI QONDARMADIR, BIZ AZƏRBAYCANLIYIQ

Mən tarixçi deyiləm, amma çox oxumuşam. Bu haqda yazan tarixçilər, alimlər də öz əsərlərində bildiriblər ki, azəri bizə qoşulmuş qondarma addır. O gün bir nəfər bir az da qabağa gedərək dedi ki, azəriyik biz, hamımız da fars əsilliyik. Yox bir. İranda hansı ərazi vahidi, kiçik etnosun adı ilə bizi qarışdırmaq olmaz. Türklər özü tarix boyu dövlətlər, imperiyalar yaratmış bir millətdir. Türk olmaq təkcə qan baxımından deyil. Qan baxımından türk olub türkə düşmən olan türk deyil, əksinə qan baxımından türk olmayıb türk mədəniyyətini daşıyan biri özünə rahat türk deyə bilər. Bu digər millətlərin nümayəndələrinə də aiddir.

BIZ DÜNYA VƏTƏNDAŞIYIQMI?!

Tez-tez deyirlər ki, qərbdə millət anlayışı keçmişdə qalıb. Ay qloballaşıb dünya, mən dünya vətəndaşıyam zad. Hamı qardaşdır, nə bilim nə! Əlinizi vicdanınıza qoyun və ətrafda baş verənləri müşahidə edin. Görün həqiqətənmi hamı qardaşdır, ədalətli qərarlar verilir?

Az qala hər bir həqiqəti ikiüzlü ediblər. Ona hansı tərəfdən baxmaq sərf etsə, o tərəfdən baxılır. Bir yerdə bir insan ölür dünya qalxır, digər yerdə bir ölkə boyda camaat qırılır dünyanın vecinə də olmur. Milli maraqlar, dövlət maraqları həmişə olub və olacaq da. Təəccüblənmək lazım deyil, sadəcə çalışıb güclü olmaq lazımdır. Ədibin dediyi kimi “gücüm artdıqca ədalətim də artacaq”.

Tarixi təəssüf ki, qaliblər yazır, özü də istədiyi kimi. Çalışıb qalib olmaq lazımdır. Bu qədər bəsitdir. Sözümün də canı odur ki, millətçilik, öz millətini, dövlətini sevmək irqçilik deyil, şovinizm deyil, öz milli-dövlət maraqlarını qorumaqdır. Bir dövlətin dünyanın az qala hər ölkəsində şirkətləri varsa, dünya ölkələrindən pullar qazanırsa, o necə deyə bilər ki, ən üstün bizik-filan. Təbii ki, dünya vətəndaşıyıq deyəcək. Qərb millət olaraq cəmləşib güclənib ətrafa yayıldıqca liberalizmi təbliğ edib. Mənə elə gəlir ki, biz hələ o mərhələdə deyilik.

Çoxları oxuyub yəqin deyəcək ki, köhnə mövzudur, heç bir faydası yoxdur. Amma siz adicə yarışlarda dövlətlər arası mübarizələrdə o hisslərin necə qabardığını görürsünüz axı. Sadəcə sərf edəndə onu yüksəkdən qışqırır, etməyəndə sakitcə liberal olurlar. Ona görə də sosial şəbəkələrdə millətlərin milli dəyərlərinə toxunmaq, lağ etmək tərbiyəsizlikdir. Bozqurdu o gün ələ salırdılar öz aləmlərində. Gülməli görünür.

Uzun sözün qısası, millətçilik qorxulu deyil. Onu şovinizmlə, irqçiliklə əlaqələndirmək düz deyil. Kimsə millətçiyəm deyib şovinistlik edir, başqalarını əzirsə, səhv edir. Hər bir işin radikalı, ifratı ziyanlıdır. Hər bir millət öz milli kimliyi ilə fəxr etmək haqqına sahibdir. Millətçilik milli maraqların müdafiəsidir. Hamı belə edir. Adını nə qoymasından asılı olmayaraq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG