Keçid linkləri

Təxminən 3 il əvvəl sosial şəbəkələrdə Green Card-la bağlı xəbərlər, müzakirələr az olurdu. Daha bilmirəm, o vaxt mənim çevrəm başqa idi, ya doğrudan da, uğur, yaxşı həyat arxasınca Amerikaya pənah aparmaq istəyənlər bu qədər çox deyildi. Dünən isə məum oldu ki, dostluğumdakı 3000 insandan az qala 2000 nəfəri Green Card üçün bəxtini sınayıbmış. Bunlar hələ mənim bildiklərimdir. Görün, bilmədiklərim nə qədərdir.

Maraqlı gəldi. Ölkədən getmək, həyatını başqa, indiyə qədər heç aid olmadığın yerdə qurmaq istəyənlər 3 il, 5 il əvvəl də bu qədər idimi?

Maraqlı gəldi. Ölkədən getmək, həyatını başqa, indiyə qədər heç aid olmadığın yerdə qurmaq istəyənlər 3 il, 5 il əvvəl də bu qədər idimi? Bəlkə elə bu qədər idi, biz görmürdük? Bəlkə sosial şəbəkələr olmayanda insanların arzularından xəbərimiz yox idi, daha az hekayətlər eşidirdik, buna görə də bilmirdik ki, ölkədən nə qədər adam gedir. Bilmirəm. Bəlkə də.

Amma indi məndə elə bir təəssürat var ki, Azərbaycanda qalmaq istəyən yoxdur. Hərənin bir səbəbi var və təəssüf ki, heç də hamısı siyasi baxışlara görə, ifadə azadlığına görə təzyiqlər deyil. Hakimiyyətlə heç bir problemi olmayan, maddi vəziyyəti heç də pis olmayan insanlar belə qaçmaq istəyir ölkədən. Evini kirayə verib, maşınını satıb, işindən çıxıb, bilmədiyi, tanımadığı yerlərə qaçır insanlar.

Adamı dəhşət bürüyür. Düşünürsən ki, 50 il, 100 il sonra bu illərin tarixini, ölkənin bu günlərdəki vəziyyətini oxuyan isnanlar nə düşünəcəklər. Düşünücəklər ki, axı nə baş verirdi ki, hamı ölkədən qaçırdı? Bu sualın cavabını tapmaq yəqin ki onlara çox da asan olmayacaq.

Ən vacib məsələlərdən biri budur ki, heç kimin nə canının, nə mülkünün nə də övladınının təhlükəsizliyinə aid əminliyi yoxdur.

Amma bəzi şeyləri indi də başa düşmək olur. Ən vacib məsələlərdən biri budur ki, heç kimin nə canının, nə mülkünün nə də övladınının təhlükəsizliyinə aid əminliyi yoxdur.

Nə etsin? Xəstələnsə, özünü, sağlamlığını hansı səhiyyənin ixtiyarına versin, kimə pənah aparsın? 15 qəpiklik dərmanla sağala biləcək bir ağrının adını şiş, xəstəlik qoyub, 3 dəfə hərəsində 2000 manatlıq əməliyyat edərək, plan dolduran həkimlərəmi?

Bəs balasını kimə əmanət etsin? Havası buz bağlayan, yeməyindən qurd çıxan, tərbiyəçisi kobud, söyüşcül uşaq bağçalarınamı? Utanmadan, açıq-açıq rüşvət alan, şagirdinə öz gələcəyi, müqəddəs məsləyi kimi yox, biznes, gəlir, hədiyyə kimi baxan müəllimlər işləyən məktəblərəmi?

Cavan oğlunu hansı orduya etibar etsin? Qeyri-döyüş şəraitində ayda iki əskər meyidini ailəsinin üstünə göndərən, paltarını bit basan orduyamı?

Tələbəsini hara etibar etsin? Gənclik, tələbəlik adına heç bir şey yaşanmayan, ancaq imtahan, filan qədərdən yığmaq lazımdır, filan qiymətin haqqı bu qədərdir kimi söhbətlər gedən, heç bir normal pedaqoq-tələbə münasibəti yaşanmayan ali təhsil ocaqlarınamı?

Deyək ki, bütün bunlardan birtəhər çıxdı uşağı. Bəs evdə, qonşuyla, qohumla neyləsin. İşləyib, işdən gec gələn qızının, saçını uzadan, fəqli geyinən oğlunun “hesabını” onlara necə versin?

Deyək ki, bütün bunlardan birtəhər çıxdı uşağı. Bəs evdə, qonşuyla, qohumla neyləsin. İşləyib, işdən gec gələn qızının, saçını uzadan, fəqli geyinən oğlunun “hesabını” onlara necə versin? Özünü güdürlər, qızını güdürlər, oğlunu güdürlər, kim gəldi burnunu sənin ailə işinə soxmağı özünə vacib bilir. Gənc qız və oğlanlar kirayədə qala bilmir, qonşu bütün günü işin atıb onları güdür. Sabah evini başına yıxsalar, sakitcə köçüb, başqa yerdə yaşayacaq qonşu özünü haqlı bilir ki, məhəllənin namus keşikçisi elan etsin, məhəlləyə gələn hər adamın hesabın aparsın.

Gec ərə gedirsən, problem olur, boşanırsan, problem olur, fərqli geyinirsən problem olur, uşağını bir az yenilikçi, müasir böyütmək istəyirsən, problem olur. Necə yaşasınlar belə ölkədə. Üstəlik, bilirsən ki, hakimiyyətin bu söhbətlərdə fərqi yoxdur, istənilən hakimiyyət zamanı bu ənənələr, cahalət, məsafə saxlama mədəniyyətininin olmaması davam edəcək.

İnsanlar ümidlərini itiriblər. Bir az fərqli, bir az rahat nəfəs alaraq yaşamaq üçün qaçırlar başqa ölkələrə.

Dünən Green Card gözləyib, uda bilməyənlərin kədərini elə yaxşı başa düşürdüm ki.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG