Keçid linkləri

Məlumdur ki, qapalı məkan olan təyyarədə viruslu xəstəliyə yoluxmuş bir nəfər olanda təyyarə bioloji bombaya çevrilir. Ancaq başqa bir problem də var. Müxtəlif filtrasiya sistemlərinin mövcud olmasına baxmayaraq, təyyarələtdə hava toksik maddələrlə dolu olur. Bu maddələr əsasən təyyarənin mühərriklərindən daxil olur. The Daily Mail qəzeti yazır ki, bunun nəticəsində "aerotoksik sindrom" yaranır: insanların görmə qabiliyyəti zəifləyir, spazmlar, ürəkbulanma, diareya, yorğunluq, müvazinətin pozulması, bayılma, yaddaş pozğunluqları, göz, burun və yuxarı tənəffüs yollarının qıcıqlanması, tənəffüs problemləri və s. meydana çıxır.

Bəzən hətta aerotoksik sindromdan əziyyət çəkən adamlara təcili tibbi yardm göstərmək lazım olur. Sindromun qurbanları arasında həm sərnişinlər, həm təyyarə bələdçiləri, həm də pilotlar olur. Yəni təyyarənin içərisinə daxil olan toksik tüstülər bilavasitə təyyarədə olan hər kəsin sağlamlığına təhlükədir. Ekspertlər hətta bu sindromun nəticəsində meydana çıxan permanent (daimi) nevroloji zədə hallarından söz açırlar.

Qeyd edilir ki, bir çox keçmiş pilotlar, köməkçi polotlar və ekipaj üzvləri təyyarədə uzun müddət ərzində toksik tüstüyə məruz qalmaları səbəbindən uzunmüddətli xəstəliklərə tutulduqlarını düşünürlər.

1970-ci illərin sonlarından bəri təyyarənin salonundakı zəhərli havanın xroniki sağlamlıq problemlərinin yaranmasına yol açıb-açmamasına dair çox sayda elmi araşdırmalar aparılıb.

Britaniyanın Nəqliyyat Departamentinin verdiyi məlumata görə, belə zəhərlənmə halları uçuşların 0,05 faizində qeydə alınır.

Belə hadisələrdən biri 2012-ci ildə dünyasını dəyişmiş Britaniya Hava Yollarının köməkçi pilotu Riçard Vestqeytin (Richard Westgate) ölümü ilə bağlıdır.

43 yaşlı köməkçi pilot davamlı baş ağrılarından, ürəkbulanma və xroniki yorğunluqdan şikayət edirdi. O, bu halın təyyarənin pilot kabinəsindəki tüstülərdən qaynaqlandığını iddia edirdi.

Vestqeytin ölümündən sonra aparılan araşdırma nəticəsində məlum olub ki, həqiqətən də pilot kabinəsindəki hava üzvi fosfatlar və başqa kimyəvi birləşmələrlə zəhərlənmiş olur.

Bundan sonra işi aparan yüksək rütbəli polis məmurları hava yollarından belə halların qarşısını almaq üçün tədbirlər görməyi tələb edib.

Buna cavab olaraq Britaniya Hava Yolları bildirib ki, polisin əlində olan dəlillər salondakı havada sözügedən kimyəvi birləşmələrin insanların səhhətinə təhlükə yaradacaq miqdarda olmasını göstərmir.

2011-ci ildə Britaniyanın Krenfild Universitetinin apardığı tədqiqat nəticəsində məlum olub ki, təyyarələrin salonlarından götürülmüş hava nümunələrinin 95 faizində aşkar ediləcək miqdarda üzvi fosfat birləşmələri var.

Müasir təyyarələrin əksəriyyətində daxili məkanını emal olunmuş hava ilə mühərriklərdən daxil olan isti sıxılmış havanın qarışığı doldurur. Yağla mühərriklərdən gələn sıxılmış havanı bir-birindən ayıran qurğular mövcuddur. Ancaq bəzən sızmalar baş verir. Bu zaman mühərrikin içindəki qızmış yağdan ayrılan üzvi fosfatlar havaya daxil olur.

Qeyd edilir ki, bu baxımdan yeganə istisna Boeing 787 Dreamliner təyyarəsidir. Bu təyyarədə hava xüsusi elektrik kompressorların köməyilə kənardan - atmosferdən götürülür.

"Biz bilirik ki, pilotlar və təyyarə bələdçiləri toksik tüstüdən xəstələnirlər. Bu, real problemdir. Çünki ekipaj üzvünün, yaxud təyyarəni idarə edən pilotun fəaliyyət qabiliyyətini itirməsi təyyarənin göyərtəsində olan hər kəs üçün çox təhlükəlidir", - Təyyarə Bələdçiləri Assosiasiyasının prezidenti Sara Nelson deyir.

Keçmiş təyyarə bələdçisi Vanessa Woods isə toksik karbohidratların təsirinə məruz qalaraq daimi nevroloji xəstəliyə tutulub.

Woods və Alyaska Hava Yollarının onunla birlikdə çalışan daha üç ekipaj üzvü xəstəxanaya yerləşdirilən zaman həkimlər bu diaqnozu təsdiq ediblər.

Mütəxəssislər əlavə filtrlərin qoyulmasına çağırırlar. Belə ki, mühərriklərin tullantılarından zəhərlənmə halları 1950-ci illərdən məlumdur. Hətta ölüm halları barədə məlumatlar var.

Ancaq filtrlərin qoyulmasına çağıran mütəxəssislər ciddi müqavimətlə qarşılaşırlar. Belə ki, aviasiya şirkətləri və bəzi həkimlər onların fikirlərinə zidd olan elmi məqalələr dərc etdirərək onları konspirasiya nəzəriyyəsi tərəfdarları kimi qələmə verməyə çalışırlar.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG