ƏVVƏL RUHANİLƏR SEÇİR, SONRA DİGƏRLƏRİ...
May ayında qonşumuz İranda da növbəti prezident seçkiləri baş tutmalıdır. Doğrusu, adam bu proses haqqında bütün ciddiliyi ilə danışa bilmir, çünki İran necə dövlətdir və burada azad seçkilər və demokratiya hansı həddə qədər mümkündür, - bütün bunlar hamıya bəllidir...
Amma adam tamam biganə də qala bilmir, çünki İran dünyanın ən problemli ölkələrindən biridir. Seçkilərə gəldikdə isə bir epizod yadıma düşür. Çoxdanın söhbətidir. Bir seminarda əcnəbi politoloqlardan biri belə dedi ki, düzgün seçkilər demokratiya üçün zəruridir, amma kafi deyildir, ona görə görə ki, əsl demokratiya azad seçkilərdən başqa da özündə çox şey ehtiva edir.
Bu, mənim üçün elə bir yenilik deyildi. Bilirdim ki, yalnız düzgün və ədalətli seçkiləri dünyanın demokratiya nəzəriyyəçiləri hətta xüsusi bir adla – totalitar demokratiya və yaxud da elektoralizm adlandırırlar. Amma o vaxt düşündüm ki, əcaba, bu əcnəbi politoloq nə qoyub, nələr axtarır? Dünyada onlarla ölkə var ki, orada heç əməlli-başlı azad seçkilər də keçirmirlər...
ŞƏRTİ LİBERALLAR
Bəli, belə ölkələrdən biri də İrandır. İnsanlar, seçicilər ruhanilərin irəlicədən seçdiklərinin sırasından kimisə seçməyə məhkumdurlar. Elə bunun də nəticəsidir ki, ölkədə indiki ruhani rejimini ciddi bir şəkildə transformasiya etmək istəyənlər hakimiyyətə gəlmir və namizədlərin liberallara və mühafizəkarlara bölünməsi tamam şərti bir xarakter daşıyır...
Bu şərtilikdən indi də qaçmaq mümkün deyil. Bəli, İranda altı namizəddən bir neçəsi “liberal”, qalanları isə mühafizəkar adlanır. Birinci düşərgənin siyasi lideri hazırki İran prezidenti Hasan Ruhanidir və digər “liberallar”ın sadəcə, ona dəstək olmaq üçün seçkilərə qatıldığı deyilir. Əks tərəf isə hələ ki, özlərinin siyasi liderini müəyyən etməyib və deyəsən, seçkilərdə axıra qədər mübarizə aparmaq əzmindədirlər.
Amma mənə elə gəlir ki, indiki prezidentin şansları daha böyükdür və böyük bir ehtimalla Hasan Ruhani ikinci müddətə seçiləcəkdir...
BÖYÜK DƏYİŞİKLİYƏ ÜMİD YOXDUR
Amma nə dəyişəcək? Elə ən qəliz suallardan biri də budur. Düzdür, Ruhaninin dövründə ABŞ-la müəyyən anlaşma quruldu. Amma bu da daha çox onunla bağlı idi ki, Barak Obama iki “geosiyasi cəbhədə” – həm İranla, həm də Rusiya ilə çarpışmaq istəmədi.
Üstəlik, Donald Tramp prezident seçiləndən sonra Obamanın digər işləri kimi İranla anlaşmasını da şübhə altına qoydu. Yeri gəlmişkən deyək ki, məhz bu amil İranda mühafizəkarların mövqelərini möhkəmləndirə bilər və Ruhani üçün ciddi problemlər yaradar.
Hər halda, çox gözləmək lazım gəlməyəcək. İrandakı seçkilərə indi iki həftədən bir az artıq vaxt qalıb. Tez bir zamanda hər şey bəlli olacaqdır.
EH, ƏBƏDİ SUALLAR, SUALLAR...
Amma bu ölkə ilə bağlı əbədi suallar da var. Ən birincisi də elə budur ki, görən, ruhani rejimi, teokratik üsul-idarə nə vaxta qədər davam edəcək? Bunun bir sonu olacaq, ya olmayacaq? Çox təəssüf ki, bu haqda yalnız ümumi sözlər demək mümkündür.
Amma ən əsası bilirsinizmi nədir? Radikal dini ideologiyalar iddia edir ki, guya şəriət dövləti, dini ölkə qurandan sonra əsl ədalət bərqərar olacaq və insanlar, əgər belə demək mümkündürsə, cənnətdə yaşayacaqlar. Di gəl, reallıq bu utopiyaların tamam aldadıcı olmasını sübut edir...
Baxın, İran şəriət ölkəsidir, teokratik ölkədir. Amma dini utopiyaçıların iddia etdiyi cənnət bərqərar olubmu orada?
Və yaxud da Səudiyyə Ərəbistanını yada salın. O da teokratik ölkədir, di gəl, nə cənnət var, nə də ki, İlahi ədalət... Elə İslam Respublikası adlanan Pakistan da buna iddia edə bilmir...
Onda nə qalır? İnsanların İŞİD-in və ya Əl-Qaidənin sıralarında vuruşmasının bir əsası varmı? Elə məsələ də bundadır ki, yoxdur və bu insanlar sadəcə, aldadılırlar...
Bəs belələrinə nə təklif etmək olar? Hələ Uinston Çerçil deyirdi ki, demokratiya ideal quruluş deyil, amma bəşəriyyət bundan yaxşısını hələ ki, düşünməyib... Bu sözlərdə böyük həqiqət var. O həqiqəti başa düşəndə və qəbul edəndə müsəlman dünyasında həqiqi dirçəliş və ya oyanış başlayacaq. Məlum olacaq ki, totalitar utopiyaların (dini ideologiyalar da bu qəbildəndir) ardınca getməyə dəyməz, bundansa əsl azad seçkilər keçirmək, insan haqlarının və demokratiyanın aliliyini təmin etmək lazımdır. Onda hər şey olacaq – sosial rifah da, azadlıq da, o cümlədən əsl vicdan və etiqad azadlığı da...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.