Keçid linkləri

Təcili xəbərlər

Günəş sisteminin bənzəri tapılıb


Astronomların aşkar etdiyi ulduzun ətrafında Yupiterin ölçüsünə bənzər ölçüdə planet fırlanır.

NASA astronomları Yerdən cəmi 10,5 işıq ili məsafəsində Günəş sisteminin erkən vaxtlarını xatırladan planetlər sistemi aşkar ediblər. Bu barədə "Daily Mail" qəzeti yazır.

Sözügedən planetlər sistemi Eridana bürcünün cənub yarımkürəsində yerləşir. Günəşin erkən vaxtlarını xatırladan, ətrafında planetlərin dövr etdiyi ulduz Epsilon Eridana ulduzudur. Planetlər formalaşma mərhələsindədir. Elə Epsilon Eridananın yaşı da bizim Günəşin yaşından beş dəfə azdır. Yəni astronomlar onu müşahidə etməklə sanki Günəşin keçmişinə baxırlar.

“Bu ulduzun ətrafında dövr edən planet sistemi hazırda Günəş sisteminin erkən yaşlarında yaşadığı kataklizm proseslərindən keçməkdədir. Bu o zamanlar idi ki, Aydakı kraterlərin çoxu həmin vaxt yaranmışdı, Yer kürəsində su və okeanlar, həyat üçün əlverişli şərait formalaşmışdı”, deyə tədqiqatın müəlliflərindən biri, astronom Massimo Marengo məqalənin giriş hissəsind yazır. Sözügedən tədqiqat zamanı mütəxəssislər NASA-nın İnfraqırmızı Astronomiya Stratosfer Rəsədxanasının (SOFIA) topladığı məlumatlardan istifadə ediblər. SOFIA hava gəmisində yerləşir və uzaq ulduzların şəklini çəkməyə qadirdir. Astronomlar bu məlumatı topladıqdan sonra ulduza dair infraqırmızı məlumatı ayıraraq seçiblər.

Bu yolla onlar müəyyən ediblər ki, ulduz iki strukturla - daxili və xarici disklə, başqa sözlə planetlərin yaratdığı boşluqla əhatə olunub.

“Ancaq indi biz böyük əminliklə deyə bilərik ki, ulduzun daxili və xarici qurşaqları bir-birindən seçilir. Burada çox güman ki, planetlərin yaratdığı boşluq var... Planetləri görmək üçün növbəti nəsil avadanlığa, bəlkə də NASA-nın 2018-ci ilin oktyabrında istifadəyə veriləcək 6,5 metrlik James Webb Kosmik Teleskopuna ehtiyac olacaq”, - Marengo deyib.

“Getdiyimiz yolun sonunda bizi gözləyən mükafat Epsilon Eridaninin ətrafındakı qeyri-adi diskin əsl strukturunu, habelə bu diskin ulduzun sistemindəki planetlərlə əlaqəsini anlamağımız olacaq. Quru stratosfer səmasında infraqırmızı işığı tutmaq kimi müstəsna qabiliyyətə malik SOFIA hal-hazırda əlimizdə olan, zaman maşınına ən yaxın cihazdır. Onun köməyilə biz yaxınlıqdakı günəşi müşahidə etməklə Günəş sisteminin qədim keçmişinə nəzər salmış oluruq", deyə astronom qeyd edir.

İlkin məlumatlara görə EPS Eginin ətrafında qəlpələrdən ibarət qurşaq var. Ulduzun ətrafındakı qəlpələr qaz və tozdan, habelə xırda daş süxurlar və buzdan formalaşa bilər. Onlar geniş, bütöv, yaxud da konsentrasiyalaşmış, Günəş sisteminin asteroidlər qurşağına və Kuper qurşağına bənzər qurşaqlar yarada bilər. Xatırladaq ki, Günəş sisteminin asteroidlər qurşağı və Kuper qurşağı Neptundan da uzaqda yerləşir. Bu qurşaqda yüz minlərlə buz və daşdan ibarət obyekt var.

EPS Egi ulduzunun ətrafında kütləsi Yupiterin kütləsinə çox yaxın olan planet dövr edir. Üstəlik, onun ulduzdan məsafəsi Yupiterin Günəşdən məsafəsi qədərdir.

Bu kəşf çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, alimlər onun köməyilə Günəş sisteminin necə inkişaf etdiyini öyrənməyə ümid edirlər.

Xatırladaq ki, bundan öncə alimlər Yerdən təqribən 40 işıq ili məsafəsində yerləşən TRAPPIST-1 ultrasoyuq qırmızı cırtdan ulduzunun orbitində ölçüsü Yerin ölçüsünü xatırladan azı yeddi ekzoplanetin fırlandığını aşkar etmişdilər.

Həmin ekzoplanetlər TRAPPIST-1 ulduzunun ətrafında alimlərin "həyat zonası" adlandırdığı məsafədə dövr edirlər. Alimlər bu terminlə işıq və istiliyin suyun maye halda mövcud ola bilməsi üçün kifayət qədər olduğu məsafələri təsnif edirlər.

Mütəxəssislər hesab edirlər ki, həmin yeddi ekzoplanetdən üçündə su var və potensial olaraq həyat mövcud ola bilər.

NASA həmçinin bildirir ki, həmin ekzoplanetlər haqqında onların ölçüləri və ulduza qədər məsafələrindən başqa elə də çox məlumat yoxdur.

Ən son yazılan

XS
SM
MD
LG