Keçid linkləri

Təcili xəbərlər

Stiven Houkinq: "Cəmi 100 ildən sonra Yer kürəsi yaşayış üçün yararsız olacaq"


Məşhur fizik-nəzəriyyəçi Stiven Houkinq (Stephen Hawking) bildirib ki, Yer kürəsinin əhalisinə artıq cəmi 100 ildən sonra yeni ev lazım olacaq. Bundan öncə tanınmış nəzəriyyəçi fizik bu müddəti 1000 il olaraq dəyərləndirirdi.

2016-cı ilin noyabr ayında Stiven Houkinq bildirmişdi ki, axirətə qədər Yer kürəsi əhalisinin azı 1000 il vaxtı var. Bəşəriyyət bu günə qədər artıq Buz dövrü, taun pandemiyası, vulkan püskürmələri və çoxsaylı zəlzələlər kimi kataklizmləri görüb.

Ancaq Houkinq əvvəlki dəyərləndirməsinə yenidən baxıb. Bu yay BBC-də efirə çıxacaq "Sabahın dünyası" adlı elmi filmlər silsiləsinin bir hissəsi olan "Yeni Yerə ekspedisiya" sənədli filmində alim deyir ki, artıq şələ-şüləmizi yığıb bu planetdən çıxmağın vaxtı yaxınlaşır. Onun sözlərinə görə bu, ən geci gələn əsrdə baş verməlidir. Proqnozun belə kəskin dəyişməsinin səbəbi iqlim dəyişikliyi, asteorid zərbələri, epidemiyalar və əhalinin artımıdır.

Stiven Houkinq hətta yeni planetlərə köç işinə cavabdeh olan adamları da təklif edib. O, bildirib ki, bunun üçün ən layiqli namizədlər mühəndis Deniel Corc (Daniel George) və alimin özünün keçmiş tələbəsi Kristof Qalfarddır (Christoph Galfard).

Digər adı Lou Gehrig xəstəliyi olan yan amiotrofik sklerozu ilə yaşayan alim demək olar ki, tamamilə iflic vəziyyətindədir. 1985-ci ildə keçirdiyi pnevmoniyadan sonra isə o danışmaq qabiliyyətini də itirib. Hazırda fizik öz fikirlərini səsli kompüter vasitəsilə çatdırır. Houkinq dünyanın ən ağıllı insanı hesab edilir.

Son aylar ərzində Hawking bir neçə dəfə bəşəriyyətin "B Planetini" tapmasının zəruriliyini vurğulayıb. Keçmişdə o, insanları Ayda məskunlaşmağa və Marsda yaşayış məskənləri salmağın yollarını tapmağa çağırırdı. O, hələ 2008-ci ildə Qırmızı planeti "açıq-aşkar növbəti hədəf" adlandırırdı.

Alimin sözlərinə görə, Yer kürəsində qalmaq kütləvi şəkildə qırılmaq riski deməkdir. "Biz... bəşəriyyətin gələcəyi naminə Kosmosu araşdırmağa davam etməliyik. Mən bizim bu zərif planetimizdən qaçmadan daha 1000 il davam gətirəcəyimizi düşünmürəm", - 74 yaşlı professor bu yaxınlarda Oksford Universitetində etdiyi çıxış zamanı bildirib.

Fizik həmçinin iddia edib ki, süni zəka təkamül yarışında insanları üstələyəcək. Sözügedən sənədli filmdə o, bu barədə də danışacaq.

“Ayağınızın altına yox, başınızın üstündəki ulduzlara baxmağı unutmayın. Gördüklərinizi anlamağa çalışın. Kainatın mövcud olmasının səbəblərini düşünün. Hər şeylə maraqlanın", - Stiven Houkinq tələbələrlə dolu audotiriyada deyib.

“Həyat nə qədər ağır görünsə də, hər zaman sizin edə biləcəyiniz və uğurlu olacağınız şeylər olacaq. Vacib olan sizin sadəcə təslim olmamağınızdır", deyə fizik əlavə edib.

Houkinq çıxışı zamanı özünün bu yaxınlarda baş tutacaq Kosmosa səfərindən də söz açıb. Xatırladaq ki, Virgin şirkətinin rəhbəri Riçard Brenson (Richard Branson) alimə "Virgin Galactic" kosmik gəmisində yer təklif edib.

Dünyanın axırının yaxınlaşdığını deyən alimlərin siyahısı kifayət qədər uzundur. Ancaq məlum olduğu kimi, bu günə qədər bu proqnozların heç biri özünü doğrultmayıb. Stiven Houkinq nə qədər böyük alim olsa da, bu fakt insanlara bir qədər təskinlik verə bilər.

Ən son yazılan

XS
SM
MD
LG