Keçid linkləri

Təcili xəbərlər

Nəcis böcəkləri


Bakı-Böyük Kəsik dəmiryolu işlərini həyata keçirən məşhur Bombardier şirkəti haqqında mətbuatda xəbərlər yayıldı. Bizi heç təəccübləndirməyən rüşvət qalmaqalı gündəmə düşdü. Bir azərbaycanlı olaraq burada qeyri-adi bir şey görməsəm də, bir məsələ beynimdə sual işarəsi yaratdı və cavabını tapmaqda mənə əlahəzrət Google da yardım etmədi.

Bu tender 2013-cü ildə elan olunanda sığortasız olaraq çalışdığım bir Türk şirkətindən məni də təmsilçi kimi Bakıya göndərmişdilər və burada guya yüksək rütbəli məmurlarla görüşüb şirkətimizi tanıdacaqdıq. İşlədiyim şirkətin sahibləri dindar simalı bir ailə idi və dedi-qodulardan bildiyimə görə, dindarlıqları hakimiyyətdəki AKP ilə yaşıd idi.

...görünür, müvəffəqiyyətə kəsmə yolla nail olmaq üçün dindar kimliyə bürünmüşdü. Otağında Ərdoğanla hansısa tədbirdə çəkdirdiyi, amma Ərdoğanın bütün vücudu, özünün isə sadəcə burnunun göründüyü iri bir şekil asılmışdı.

Şirkətin birinci sahibi və ailənin böyük oğlu kifayət qədər savadlı bir mühəndis idi, amma görünür, müvəffəqiyyətə kəsmə yolla nail olmaq üçün dindar kimliyə bürünmüşdü. Otağında Ərdoğanla hansısa tədbirdə çəkdirdiyi, amma Ərdoğanın bütün vücudu, özünün isə sadəcə burnunun göründüyü iri bir şekil asılmışdı. Demək olar ki, bütün qapıların üstünə printerdən çıxarılmış “Bismillah bütün xeyirlərin başlanğıcıdır” sözləri yapışdırılmışdı. Anası və bacısı İstanbulun bir rayonunda AKP qadın şöbəsinin fəalları idilər. Atası isə (yəqin ki, keçmişdə Kənan Evren ve Ecevit tərəfdarı olmuşdu) Ramazan ayında qapını açıq qoyaraq uca səslə Quran oxuyurdu. Belə bir şirkətin və ya ailənin nümayəndəsi olaraq Bakıya gəlmədən əvvəl məni İstanbulun axar-baxarlı Kəmər bölgəsində yerləşən bir villaya aparıb mafiya babası kimi bir insanla tanış etmişdilər. Bakıdan olduğumu biləndə üzündə güllər açılmışdı və mən bunu Azəri-Türk qardaşlığına bağlamışdım. Bakıya gəlib geri döndükdən sonra isə səbəbini anladım.

Bu adamın oğlu neçə illərdi ki, Bakıda yaşayırdı və deyəsən yaman yaxşı yaşayırdı. Konkret nə iş gördüyünü bilmədim, amma rəhbər vəzifəli şəxslərlə bizi bu adam görüşdürəcəkdi. Sözün qısası, heç bir rəhbər şəxs filan olmadı, bizi sadəcə iki özəl şirkətə aparıb müdirləriylə görüşdürdülər, birini “Azəryol” dedikləri dövlət qurumunun rəhbərinin ailə üzvü, digərini isə yaxın qohumu kimi təqdim etdilər. İkisi də tenderin artıq “Bombardier” adlı bir şirkət tərəfindən udulduğunu söyləsə də, özünü müdirin yaxın adamı kimi təqdim edən və gözəl bir binada şirkət-şirkət oynayan birisi “bəlkə də bir şey etmək olar, amma məbləğin müəyyən faizini istəyə bilərlər” dedi.

Mənim “axı dediniz ki, tenderi artıq udublar, indidən sonra nə isə etmək mümkündür?” sualıma “Bura Azərbaycandır” dedi.

Sonra isə daha açiq danışdı: “müdirinizə söyləyin, razı olacaqsa mən danışım, məbləğin 30 faizi də ola bilər, 50 faizi də”. Mənim “axı dediniz ki, tenderi artıq udublar, indidən sonra nə isə etmək mümkündür?” sualıma “Bura Azərbaycandır” dedi. Orta statistik bir avropalının matını-qutunu qurudacaq bu sözlərə mənimlə bərabər türk vətəndaşı da gülümsəmişdi. Vur-tut on dokkuz-iyirmi yaşında olan bu gənc adam ümumiyyətlə hər şeyə çox təbii reaksiya verirdi və hətta “ay brat”, “çuvak, “bezdim alə” kimi jarqonu vardı.

İstanbula dönüb müdirə odlu-alovlu hesabat yazarkən, bu oğlan da qarışıq hamısını yerin dibinə soxarkən, o müdirin iki-üç gün sonra məndən bu insanların telefon nömrələrini istəyəcəyini ağlıma da gətirmirdim, yoxsa niyə özümə belə əl qatım ki. Məni bu cür reaksiya verməyə vadar edən sadəcə rüşvət, otkat məsələləri deyildi, həm də bu insanların qeyri-ciddiliyi idi. Dünya Bankının krediti ilə görüləcək bu işlərdə hansı əli əyriliklər mümkün ola bilərdi ki? Son hadisələri öyrəndikdən sonra da beynimi elə bu məsələ qarışdırdı və hələ də cavab tapa bilmirəm.

Türkcə adına “bok böcəyi” deyilən bir həşərat. Bu böcəklər hər zaman nəcisli mühitlərdə yaşayırlar və yuvalarına daim nəcis yuvarlayıb daşıyırlar. Əvvəllər mənə elə gəlirdi ki, onlar bununla qidalanırlar, amma izlədiyim bir filmdən yemək üçün deyil, yuvalarını qurmaq üçün daşıdıqlarını anladım. Yəqin ki, bu böcəklər gül-çiçəkli bir mühitdə yaşamağa məcbur edilsələr ölərlər, çünki nəcis onların təbii mühitidir, həyat mənbələridir.

Noam Çomski (Noam Chomsky) “dövlətlər ədalətli olmaz, insanlar olarlar” deyir. Azərbaycan hazırda iki ayaqlı nəcis böcəkləri üçün münbit bir zəmindir, amma olmaya da bilər.

Bəzi insanlar da belədirlər. Dünyanın harasında olursa olsun, istər Avropanın göbəyində, istərsə də Zimbabvedə belə insanlar var və münbit zəminlərini tapan kimi fəaliyyətə keçirlər. Noam Çomski (Noam Chomsky) “dövlətlər ədalətli olmaz, insanlar olarlar” deyir. Azərbaycan hazırda iki ayaqlı nəcis böcəkləri üçün münbit bir zəmindir, amma olmaya da bilər.

Ədalət, vicdan, dürüstlük kimi xüsusiyyətlərin fərdlərdən cəmiyyətə (tərsinə deyil) keçəcəynə inanıram, bunu mümkün hesab edirəm. Bu xüsusiyyətlər yoluxucudur, sadəcə cəsarət kimi bir virus lazımdır. Əgər bir xalq “biz heç vaxt düzəlmərik, belə gəlmişik, belə də gedəcəyik” deyirsə, haqlıdır. “Haqq verilməz, alınır, övladlarımız xoşbəxt olmağa, ədalətli cəmiyyətdə yaşamağa layiqdir” deyirsə, yenə də haqlıdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG