Keçid linkləri

Təcili xəbərlər

Qarabağ Rusiya politologiyasının gündəmində


Aleksandr Duqin
Aleksandr Duqin

BAXIŞLARI MÜBAHİSƏLİ OLSA DA SAVADINA SÖZ YOXDUR

Bəli, ötən həftə rusiyalı politoloq Aleksandr Duqinin Azərbaycana gəlişi digər mühüm siyasi olaylardan, məsələn, Türkiyə prezidentinin Rusiyaya növbəti səfərindən heç də az maraq kəsb etmədi – müzakirələr, təhlil və qiymətləndirmələr bu günə qədər davam edir.

...hamı hər iki səfərdə, ilk növbədə də politoloq Duqinin səfərində Dağlıq Qarabağ problemilə bağlı müəyyən müsajlar arayırdı.

Məsələ bundadır ki, hamı hər iki səfərdə, ilk növbədə də politoloq Duqinin səfərində Dağlıq Qarabağ problemilə bağlı müəyyən müsajlar arayırdı.

Burada qeyd etmək lazımdır ki, son vaxtlar digər rusiyalı politoloqlar da Dağlıq Qarabağ probleminə heç də az maraq göstərmirlər.

Konkret olaraq bir az əvvəldə qeyd olunan iki çox mühüm səfərə gəldikdə, demək lazımdır ki, Türkiyə prezidenti aydın bir məsələdir və Rəcəb Tayyib Ərdoğan mühüm görüşlərində Qarabağ problemini heç vaxt unutmur (amma deyəsən, bu dəfə belə olmadı!). Duqin isə Rusiyanın siyasi-ictimai fikrində rolu və Kremlin siyasətinə bilavasitə təsiri olan adamlardan hesab olunur...

Amma mən burada axırda deməli olduğum bəzi məqamları lap əvvəldəcə deyəcəm ki, yazınını əsas problematikasına – Dağlıq Qarabağ probleminə daha rahatca keçə bilim.

...neçə əsrlərdir ki, “slavyanofil”lər, avrasiyaçılar, “dördüncü siyasi təlim”in ideoloqları hey çalışırlar ki, Qərb dəyərlərinə, liberal ideologiyaya və ya demokrartiyaya hansısa bir alternativ yaratsınlar, amma bacarmırlar ki, bacarmırlar, işləri-gücləri sadəcə, danışmaqdır.

Ən əvvəl də onu diqqətə gətirəcəm ki, artıq neçə əsrlərdir ki, “slavyanofil”lər, avrasiyaçılar, “dördüncü siyasi təlim”in ideoloqları hey çalışırlar ki, Qərb dəyərlərinə, liberal ideologiyaya və ya demokrartiyaya hansısa bir alternativ yaratsınlar, amma bacarmırlar ki, bacarmırlar, işləri-gücləri sadəcə, danışmaqdır. Bir siyasi filosof kimi elə Aleksandr Duqin də belələrindəndir.

Fəqət, çox mühüm bir məqam var. Görəndə ki, opponentin sənin bildiklərini də bilir, özü də səndən də qat-qat artıq və daha yaxşı bilir, o halda tək bircə fikir keçir ağlından: bu adam həqiqətən də savadlıdır...

Bəli, Duqin çox savadlı adamdır. Kitablar, məqalələr bir tərəfə, mən buna bir neçə il bundan əvvəl vizual şəkildə də əmin oldum.

Bir ara Rusiyanın “Mədəniyyət” (“Kultura” ) kanalında görkəmli alimlərin mühazirələri verilirdi. Duqin də bir dəfə həmin kanalda sosial psixologiyadan mühazirə oxudu və bu mühazirə məndə belə təəssürat yaratdı ki, o, çox savadlı adamdır və qəbul etmədiyi Qərb baxışlarını – Qərbin siyasi fəlsəfəsini də, sosiologiya və psixologiyasını da gözəl bilir.

PAVLOVSKİDƏN SONRA...

Təbii ki, burada bu adamın bütün “intellektual məziyyətlər”ini sadalamaq fikrim yoxdur. Onun Rusiya hakimiyyətinə təsirinə gəldikdə isə bircə onu deyəcəm ki, bunu nə şişirtmək, nə də ki, kiçiltmək lazımdır. Bəli, Duqinin Kremlin adamlarına müəyyən qədər təsiri vardır.

Hazırda məşhur “Avrasiya İttifaqı ideyası”nın gerçəkləşməsini də haradasa Duqinin təsirilə bağlayırlar, hərçənd, həmin ideya köklərilə çox əvvəllərə gedib çıxır...

Vladimir Putin əvvəl, səhv etmirəmsə, Qleb Pavlovskilə işləyirdi. Di gəl, Ukraynada birinci Maydan baş verəndə Pavlovski bir qədər fərqli mövqe tutdu. İndiki kimi yadımdadır, Ukraynadakı proseslər haqqında “O şeylər ki, baş verməlidir, onların qarşısını almağa dəyməz” demişdi o! Qərəz, bundan sonra Kremlin Duqinlə yaxınlaşması baş tutdu, çünki bu adamın siyasi və geosiyasi baxışları Kremlin tələblərinə daha çox cavab verirdi.

Hazırda məşhur “Avrasiya İttifaqı ideyası”nın gerçəkləşməsini də haradasa Duqinin təsirilə bağlayırlar, hərçənd, həmin ideya köklərilə çox əvvəllərə gedib çıxır...

MƏSƏLƏ REAL İŞƏ GƏLƏNDƏ

İndi yavaş-yavaş keçək əsas mətləbə. Mənə həmişə elə gəlib ki, bu adamın bütün ideologiyasını, siyasi fəlsəfəsini yalnız və yalnız geosiyasi formul, bir geosiyasi layihə kimi qəbul etmək mümkündür.

...eşitsəm ki, Duqin Türkiyə və İran rəhbərləri kimi bizimkilərin də “Avrasiya ideyası”na münasibətini öyrənməyə çalışıb, buna qətiyyən təəccüblənmərəm...

Bəli, belə bir “geosiyasi formul” qurmağa çox cəhd edilir və bu səbəbdən eşitsəm ki, Duqin Türkiyə və İran rəhbərləri kimi bizimkilərin də “Avrasiya ideyası”na münasibətini öyrənməyə çalışıb, buna qətiyyən təəccüblənmərəm...

Hərçənd, digər məsələ - Qarabağ problemilə bağlı məqamlar bizi daha çox düşündürür, baxmayaraq ki, bu iki məsələni biri-birinin konteksində də nəzərdən keçirmək olardı. Güman ki, Duqin elə belə də edib...

Qərəz, belə deyildi ki, Duqin beş rayonun Azərbaycana qaytarılmasının vacib olduğunu bildirib. Təbii, bu, o demək deyil ki, əgər Duqin dedisə, o halda elə sabah beş rayon qayıdacaqdır!..

Yox, məsələ bunda deyil. Üstəlik, onun digər iki rayonun qaytarılmasınının və Dağlıq Qarabağın özünün daha “uzunmüddətli bir prosesin predmeti” olmasını deməsi heç də ürəyimizdən olmadı. Axı rusiyalı siyasətçilər “səmimiyyət anları”nda özləri də deyirlər ki, cəmi iki həftəyə Qarabağ problemini həll etmək mümkündür!..

Azərbaycanın torpaqlarının azad olmasına gələndə sərhədlərindən min kilometrlərlə uzaqlıqda olan Suriyada müahirbə aparan, Çeçenstandakı milli-azadlıq hərəkatını qan içində boğan Rusiyanın siyasət və bilim adamları yamanca “sülhpərvər” olurlar.

Di gəl, söhbət real işə - Dağlıq Qarabağ probleminin həllinə, Azərbaycanın torpaqlarının azad olmasına gələndə sərhədlərindən min kilometrlərlə uzaqlıqda olan Suriyada müahirbə aparan, Ukraynanın, Gürcüstanın ərazilərini faktiki olaraq ilhaq edən, Çeçenstandakı milli-azadlıq hərəkatını qan içində boğan Rusiyanın siyasət və bilim adamları yamanca “sülhpərvər” olurlar. Elə A.Duqin də bu mənada istisna olmadı. Halbuki onun Gürcüstana qarşı müharibə zamanı dediklərini də, Ukrayna ilə bağlı söylədiklərini də hamı çox yaxşı xatırlayır...

Nə isə, elə Aleksandr Duqinin Qarabağ probleminə baxışda Kremldən çox da uzağa getməməsi və onun münaqişə ilə bağlı fikirlərinin Kremlin rəsmi münasibətilə səsləşməsi də bir daha göstərir ki, bu adam Rusiya siyasi mətbəxinə yaxındır...

Amma bir daha deyirəm ki, Duqinin rolunu nə şişirtmək, nə də tamam kiçiltmək lazımdır. Bütün hallarda belə deyilir ki, bu adam Rusiya siyasi və ictimai həyatına təsiri olanlardandır. Ona görə də onunla danışmaq, müəyyən fikirləri bölüşmək heç də səmərəsiz məşğuliyyət və yaxud da bekara iş deyildi...

Di gəl, burada bir məqam da bizləri çox düşündürdü. Fikirləşdik ki, görən, bizimkilər onun qarşısına kimi çıxardı? Bizim telekanallara girişi-çıxışı olan “siyasi – hərbi – iqtisadi ekspertlər”imi?..

Bunu ona görə dilə gətirirəm ki, son illərdə ölkənin siyasi-ictimai mühiti intellekt baxımından o qədər budanıb ki, önə veriləsi adamlar qalmayıb.

RƏSMİ BAKININ ÖZÜNÜ DAHA İNAMLI HİSS ETMƏSİ ÜÇÜN...

Qərəz, son vaxtlar Rusiyanın ictimaiyyət və siyasi bilim adamları Azərbaycanla işləməyə daha çox üstünlük verirlər. Həm də sanki ötən bu on illər ərzində Qarabağ problemini bir daha təhlil etmək və onun keçmiş SSRİ-dəki proseslərə təsirini araşdırmaq cəhdləri duyulur.

Hətta bu yaxınlarda Rusiyanın “Nezavisimaya qazeta” nəşrində maraqlı bir yazı dərc olunmuşdu. Müəllif Qarabağ probleminin konteksində o dövrün siyasət adamlarının səhvlərini araşdırır və bu problemin SSRİ-də cərəyan edən proseslərə necə neqativ təsir etdiyini təhlil etməyə cəhd edir və öz siyasətçilərini bir daha belə səhv etməməyə çağırır...

Ola bilsin ki, Rusiya bölgədəki duruma yeni münasibət sərgiləmək istəyir. NATO-ya can atan Gürcüstandan fərqli olaraq Azərbaycan şimal qonşusunun geosiyasi imperativlərinə daha həssasdır.

Ola bilsin ki, Rusiya bölgədəki duruma yeni münasibət sərgiləmək istəyir. NATO-ya can atan Gürcüstandan fərqli olaraq Azərbaycan şimal qonşusunun geosiyasi imperativlərinə daha həssasdır. Düzdür, burada rəsmi Bakının öz maraqları da az rol oynamır – Azərbaycan hakimiyyəti Rusiya tələb etməsəydi belə Qərblə dərin inteqrasiyaya getməyəcəkdi, ona görə ki, bu onun özəl siyasi maraqlarına cavab vermir...

Elə Rusiyada da başa düşürlər ki, Azərbaycandakı mövcud siyasi konfiqurasiyanı, mövcud hakimiyyət arxitekturasını gücləndirmək və ona dəstək vermək lazımdır, çünki məhz onlar Rusiyanın maraqlarına cavab verən siyasət yürüdürlər.

Bunun üçünsə Azərbaycanın müəyyən problemlərini həll etmək lazımdır ki, onun hakimiyyəti özünü daha inamlı hiss etsin...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG