NASA Marsda insan sivilizasiyası yaratmaq, planeti insanların yaşayışı üçün əlverişli yerə çevirmək üçün müxtəlif təşəbbüslər irəli sürür. Hətta Qırmızı planetin atmosferinin daha da seyrəlməsinin qarşısını almaq, onu qatılaşdırmaq üçün onu qoruyucu maqnit qatı ilə əhatə etmək belə təklif olunub. Ancaq bütün bu planlar Marsda insanların həyatda qalması üçün kifayət edəcəkmi?
NASA artıq 2030-cu ilin ortalarına doğru Marsa insan missiyası göndərməyi planlaşdırır. Agentlik artıq Yerin orbitindən kənarda insan sağlamlığını təmin etmək və elmi məqsədləri dəstəkləmək üçün 40-a yaxın yeni texnologiya üzərində işləyir. Onu da qeyd edək ki, Marsa insan missiyası göndərmək planı üzərində işləyən təkcə ABŞ deyil. Çinin də belə planları var.
Space.com nəşri yazır ki, Marsa düşmüş adamın ölümünə yol aça biləcək bir neçə səbəb var.
Vaşinqtonda keçirilən "İnsanlar Marsda" adlı konfransda Kaliforniyada yerləşən Yerdənkənar Zəka Axtarışı İnstitutu və Ames Tədqiqat Mərkəzinin əməkdaşı, planetoloq Paskal Linin (Pascal Lee) təqdim etdiyi araşdırmada deyilir ki, Marsın səthində olan insanlar ilk növbədə aşağı atmosfer təzyiqinə məruz qala bilərlər. Marsda atmosfer təzyiqi Yerdəkindən təqribən yüz dəfə aşağıdır. Bu isə insan həyatı üçün təhlükəlidir. Xüsusi müdafiə olmasa bu şəraitdə insanın qanı "qaynamağa" başlayır. Başqa sözlə, qanda həll olunmuş qazlar qabarcıqlar yaratmağa başlayır. Bu hal cəmi bir neçə saniyə ərzində insanın ölümünə səbəb ola bilər.
İnsanın Marsda üzləşə biləcəyi digər təhlükə hipoksiyadır. Qırmızı planetin atmosferinin 95 faizi karbon qazından ibarətdir. Oksigenə çıxışı olmayan insan belə şəraitdə bir neçə dəqiqədən artıq davam gətirə bilməz. Xatırladaq ki, Yerin atmosferinin 78 faizi azot, 21 faizi oksigendən ibarətdir. Bundan başqa, planetimizin atmosferində su buxarı, karbon qazı və başqa qazlar var.
Alim üçüncü yerdə soyuq amilini qabardıb. Yay ərzində Marsın ekvator hissəsinin səthində Selsi ilə 21 dərəcəyə çata bilər. Ancaq gecələr temperatur təqribən mənfi 62 dərəcə olur. Belə güclü soyuqda insan, çox yaxşı qorunmasa, bir neçə saat ərzində ölə bilər.
Qırmızı planetin səthüstü qatlarında çoxlu narın toksik toz var. Bu toz insanın ağ ciyərlərində toplanaraq bir neçə həftə ərzində onun ölümünə yol aça bilər. Bu toz narın və kəsici olduğuna görə, həm də həyat fəaliyyətini təmin edən avadanlığı və ventilyasiya sistemlərini sıradan çıxara bilər.
Beşinci təhlükə isə radiasiyadır. Marsın özünün maqnitosferi olmadığına, atmosferi isə çox seyrək olduğuna görə, Günəşdən gələn yüksək enerjili kosmik şüalar və hissəciklər bir neçə aya insanı öldürə bilər. Alim səthə yaxın, hidrogenin çox olduğu yerlərdə radiasiyanın daha güclü ola biləcəyini deyir.
Bundan öncə "İnsanlar Marsda" konfransında Nil Armstronqla (Neil Armstrong) birlikdə tarixdə ilk dəfə Aya enmiş astronavt Baz Aldrin (Buzz Aldrin) NASA-ya Beynəlxalq Kosmik Stansiyadan imtina edərək vəsaiti Mars proqramına yönəltməyi tövsiyyə etmişdi. O həmçinin Yerin orbitindən kənar fəzada özəl sektorun fəaliyyətini dəstəkləməyi, bu sahədə Çinlə əməkdaşlığı və Ayda beynəlxalq bazanın yaradılmasını tövsiyyə etmişdi.
Aldrin bundan başqa kosmik gəmi donanmasının yaradılmasını da təklif edib. Bu donanma insanları və avadanlığı kosmosda Mars və yuxarıda adı çəkilən Ay bazası da daxil olmaqla müxtəlif məkanlara çatdıra bilər.