Keçid linkləri

Təcili xəbərlər

Xarici dillərdə danışmaq səs tellərinə ziyandır?


Hesab edilir ki, insan bir neçə xarici dildə sərbəst danışırsa, bu onun beyni üçün faydalıdır.

Bundan başqa, müxtəlif dillərdə danışmaq qabiliyyəti çox zaman peşəkarlıq və yüksək bilik əlaməti kimi qəbul olunur. Bəzi peşə sahibləri üçünsə bir və ya bir neçə xarici dildə danışa bilmək vacibdir.

Finlandiyanın Tampere Universitetində aparılmış son araşdırmalar nəticəsində məlum olub ki, xarici dildə danışan insanlarda "vokal yorğunluğu" müşahidə oluna bilər. Bu isə səslə bağlı müxtəlif pozuntulara yol aça bilər.

Alimlər fin dilində danışan 20 və ingiliscə danışan 23 könüllünü tədqiqata cəlb edərək onlardan əvvəlcə öz ana dillərində, daha sonra xarici dildə mətn oxumağı xahiş ediblər. Bu zaman tədqiqatçılar həm mətnin oxunma prosesini, həm də ana dilində və xarici dildə nitq parçalarını qeydə alaraq saxlayıblar.

Bundan başqa, təcrübə iştirakçılarından fərqli dillərdə danışdıqları zaman nəzərə çarpan dəyişikliklərlə bağlı öz subyektiv müşahidələrini xüsusi sorğu vərəqinə qeyd edtmək xahiş edilib. Daha sonra səslərin və qeydlərin akustik və keyfiyyət analizi həyata keçirilib.

"Finlər adətən ingiliscə danışdıqları zaman səslərini yüksəldirlər. Tədqiqatda iştirak edən ingilisdillilərdə isə fin dilində danışdıqları zaman belə bir dəyişiklik müşahidə edilmədi," - Järvinen deyir.

Ekspertlər ana dilindən xarici dilə keçid nəticəsində səsin dəyişməsinin əlamətlərini qeydə alıblar. Məlum olub ki, insan xarici dildə danışanda həqiqətən də dəyişiklik baş verir. Bu, xüsusən də səsin yüksəkliyi ilə bağlıdır. Alimlr müəyyən ediblər ki, xarici dildə danışan zaman insanın səs telləri daha çox təzyiqə məruz qalır və bütün sistemin üzrinə düşən yük artır.

Kati Järvinen öz doktorluq dissertasiyası üçün apardığı bu tədqiqatı "Xarici dildə danışmanın səs xüsusiyyətləti" adlandırıb.

"Belə görünür ki, siz xarici dildə danışanda öz ana dilinizdə də başqa cür danışırsınız. Səs telləri daha da gərilir və səs daha böyük təzyiq altında çıxır. Daha çox gərilmiş əzələlərsə səs tellərinə daha böyük yük düşməsi deməkdir", - Järvinen deyir.

Järvinen deyir ki, insan xarici dildə danışan zaman səslərdə baş verən bu dəyişikliklər uzunmüddətli perspektivdə səs tellərinə mənfi təsir edə bilər. Məsələn, müəyyən səslərin tələffüz edilməsi zamanı problemlər yaşana bilər və s.

"Gərginlik həddindən artıq olanda səs tellərinin toxuması zədələnə bilər. Səsin təzyiq altında çıxması isə asanlıqla şişkinliklərin və poliplərin meydana çıxmasına yol aça bilər", deyə tədqiqatçı xəbərdar edir.

Müxtəlif dillərdə danışmaq çoxumuzun gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Tərcüməçilər və xarici dil müəllimləri isə öz gündəlik həyatlarında müxtəlif dilləri intensiv şəkildə işlədirlər.

Tədqiqatın nəticələrinə görə, bu peşələrin sahibləri səs telləri ilə bağlı problemlərlə daha çox üzləşirlər. Bu problemlər ilk növbədə onların gərgin iş şəraiti, davamlı olaraq uzun müddət danışmaq zərurəti və işlə bağlı zehni yükün çoxluğundan qaynaqlanır.

Kati Järvinenin dəyərləndirməsinə görə, əgər xarici dillərdə danışmaq belə ciddi nəticələrə gətirib çıxarırsa, deməli xarici dil tələbələrinə həm də iş həyatlarının başlanğıcından bəri səslərinin qayğısına qalmaq öyrədilməlidir. Ancaq hazırda universitetlərdə tərcüməçilərə və müəllimlərə belə kurslar icbari keçilmir. Tədqiqatçının sözlərinə görə, bu mütəxəssislər özlərinin səsyaratma anatomiyası ilə daha yaxından tanış olmalıdırlar.

XS
SM
MD
LG