Keçid linkləri

Təcili xəbərlər

Körpələrin ağrısını ölçməyin üsulu tapılıb


Körpə narahat olanda onun harasının ağrıdığını və ağrının şiddətini təyin etmək çox çətin olur. Onun çığırtısının mənasını isə heç valideynləri də anlamır. Həkimlər və ümumiyyətlə böyüklər körpələri üz iadələrindən və jestlərindən anlamağa çalışsalar da, onu çox zaman yanlış anlayırlar. Ola bilsin ki, uşaq ağrıdan yox, sadəcə yemək istədiyindən ağlayır və üz-gözünü turşudur. Yaxud da istəyir ki, onu qucaqda yelləsinlər.

Düşünə bilərsiniz ki, bu məqamda insanların dadına termometrə bənzər, ağrını ölçən cihaz çatardı. Bu cihaz insanın subyektiv hisslərindən və çıxardığı nəticələrdən asılı olmadan işləsəydi çox gözəl olardı. Bütün digər sensor informasiyalar kimi ağrı da beyin fəaliyyətində əks olunur və ola bilsin ki, biz ağrını beynin xarakterik elektrik ritmlərinin köməyilə müşahidə edə bilərik. Oksford Universitetindən tədqiqatçı alim Caroline Hartley və həmkarları "Science Translational Medicine" jurnalında dərc edilmiş məqalələrində məhz bu üsulu təklif edirlər. Tədqiqatçılar cəmi 2-5 günlük və 25 günlük yeni doğulmuş körpələrin elektroensefaloqramlarını (EEQ) çəkiblər. Həmin vaxt onların dabanlarından qan götürüblər. Başqa sözlə, körpələr EEQ-ləri çəkilən zaman lanset sancmasından kəskin ağrı hiss ediblər. Körpələrin ümumi sayı 25 olub.

Məlum olduğu kimi, EEQ çəkmək üçün başa bir neçə elektrod birləşdirilir. Başın ən üst hissəsində yerləşən elektrod kəskin sancmadan 400-700 millisaniyə sonra yaranan xarakterik siqnalı ötürüb. Körpə güclü səslər eşitdiyi, yaxud yanıb-sönən işıq gördüyü və ya ona toxunulduğu zaman həmin siqnal qeydə alınmayıb. Digər körpələr qrupu ilə aparılan təcrübə zamanı anesteziyadan istifadə olunub. Yəni onların ayaqlarından qan anesteziya effekti ilə götürüblər. Bu zaman qeydə alınan siqnal xeyli daha zəif olub. Başqa sözlə, həmin elektrodun ötürdüyü xarakterik neyron impulsları həqiqətən də ağrı hissinə cavab verirmiş.

Hərçənd, müəlliflərin özləri bildirirlər ki, bəzi uşaqlarda belə bir siqnal ümumiyyətlə qeydə alınmayıb. Bundan başqa, bu siqnalın qeydə alındığı körpələr heç də həmişə zahiri narazılıq ifadə etməyiblər. Yəni elektrodun ağrı siqnalını ötürdüyü zaman nisbətən sakit qalan körpələr olub. Bəzənsə əksinə, körpə narazılıq ifadə edib və üz-gözünü turşutsa da, EEQ-də ağrıya dəlalət edən bir şey görünməyib. Bu isə o deməkdir ki, "ağrını ölçməyin" belə bir üsulu tibbi praktikaya yalnız kompleks şəkildə daxil ola bilər. Bu zaman ağrını təkcə EEQ siqnalları ilə deyil, həm də jestlər, üz ifadələri və s. də daxil olmaqla başqa əlamətlər vasitəsilə müəyyən etmək mümkün olacaq.

Caroline Hartley deyir ki, bu yeni üsul məhdudiyyətlərdən azad deyil. O hesab edir ki, bu üsul pasientlərə tətbiq ediləndən öncə bir xeyli araşdırılmalı və təkmilləşdirilməlidir. Alimin sözlərin görə, 28 körpə arasında aparılan təcrübə zamanı beyin siqnalları yalnız 68 faiz hallarda dəqiq nəticə göstərə bilib.

Ancaq mütəxəssislər bu üsulun gələcək klinik sınaqlarda və tədqiqatlarda mühüm rol oynayacağına ümid edirlər. “İndi biz ağrı ilə bağlı beyin fəaliyyətini obyektiv şəkildə öyrənə və müxtəlif ağrıkəsici dərmanların mühüm tibbi prosedurlar zamanı həqiqətən də ağrını azaldıb-azaltmadığını müəyyən edə bilərik", - tədqiqatçı Rebecca Slater Scientific American jurnalına müsahibəsində deyib.

XS
SM
MD
LG