Keçid linkləri

Təcili xəbərlər

Cənab Moriarti və Üçüncü Dünya müharibəsi


‘Şerlok Holms – Kölgələrin Oyunu’ filminə baxanlar az-çox nə demək istədiyimi indidən anlayacaq. Cənab Holmes şeytanın insan simasına bürünmüş forması olan riyaziyyat dahisi, əslində isə qlobal bir müharibəni – Dünya Müharibəsini başlatmaq istəyən professor Moriartini dayandırmaq istəyir. Bunu bacarır da. Amma soruşa bilərsiniz ki, nə əlaqə? Deyim nə əlaqə olduğunu amma bir qədər sonra. İndi isə dünyada gedən qlobal proseslərə gözucu nəzər salaq.

MÜHARİBƏ ÜÇÜN ZƏMİN

İnsan övladının ruhu daim savaşmağa, resursları əldə etmək üçün ən dəhşətli sayıla biləcək yollara ən atmağa adətkardır. Biz bunun nəticəsi kimi iki dünya müharibəsini görmüşük. Güclü silahlanma yarışları, kəskin bəyənatlar və ən əsası sosial-iqtisadi problemlərdən təngə gəlmiş əhalinin fikrini yayındırmaq - bütün bunların məntiqi nəticəsi kimi dünya müharibəsi meydana çıxdı. Birinci dünya müharibəsi daha çox müdafiə mövqeyinə söykənirdisə, ikinci dünya müharibəsi hücum məqsədi daşıdı və dəhşəti ilə bütün dünyanı oxundan çıxartdı. Bəs üçüncü necə? Buna hazırıqmı? Buna zəmin varmı? Əlbəttə var. Bir baxaq:

  1. Dünyada yenidən şıdırğı silahlanma yarışı gedir. Oşonun təbirincə desək, acından ölən dövlətlər belə bu yarışmaya milyardlar xərcləyir. Bütün bunların məntiqli bir səbəbi olmalıdır. Təbii ki savaşmaq istəyi.
  2. Siyasi böhran girdabında batan super güclərin idarəçi rejimləri də bu zəminlərdən biri sayılır. Baxmayaraq ki, ABŞ dünyada hakim güc sayıla biləcək qədər qüdrətlidir, onun da özünə aid siyasi böhranı var. Oval ofisdə gedən proseslər məsələnin ciddiliyindən xəbər verir. Trump hal-hazırda küncə sıxılmış vəziyyətdədir. Konqress bir tərəfdən, dünya ictimaiyyəti bir tərəfdə, xalq bir tərəfdən onu təzyiqlərə məruz qoyur. Bu qədər təzyiqin qarşısında ediləcək tək bir şey var: ictimai fikri yayındırmaq. Bu da şübhəsiz ki, hansısa dövlətin başında çatlayan müharibə ola bilər. Lakin bu müharibə lokal müharibə kimi deyil, məcrasından çıxıb dünya müharibəsinə çevrilə bilər. Bu heç də qeyri-mümkün görünmür.
  3. Rusiya amili. Vladimir Putin növbəti Sovet operasını yazmaq üçün səbrsizliklə gözləyir. Çünki rus camaatı onsuz da nifrətin əsirinə çevrilib və didməyə, parçalamağa bir nəfər axtarır. Bu da ki, Putindən başqası ola bilməz. Kremlin başının üstünü alan qara buludlar, şübhəsiz ki, ildırıma çevrilib onu məhv edəcək. Lakin bu baş verməmişdən qabaq heç olmasa son çırpınış kimi çürüməkdə olan imperiyanın sütunlarına yamaq vurmaq lazımdır. Bu yamaq isə Dünya Müharibəsi ola bilər.
  4. Dünyada barıt çəlləkləri: İkinci dünya müharibəsindən sonra dünyada təəssüf ki, münaqişələr nəinki bitmədi, əksinə yeniləri yarandı. Hətta elələri var ki, bəzi dövlətlərin özündən belə daha qədimdir. Məsələn, Kəşmir və Pəncab. Hindistan və Pakistan illərlə bunun üzərində bir-birini nüvə ilə hədələyir. Məsələ açıq müharibəyə keçməsə də, keçmək üçün səbrsizliklə gözləyir. Digər bir məsələ İran və Səudiyyə Ərəbistanıdır. Bu iki dövlətin münaqişəsi torpaq üstündə olmasa da, bəlkə bundan daha təhlükəli bir səbəb-dini məzhəb üstündə baş verir. Bunun nə ilə nəticələndiyini biz tarixdən də görmüşük. Qədim imperiyaların dini məzhəb üstündə bir-birinin qanına necə susadığının şahidi olmuşuq. İran və Ərəbistanla da bu baş verməkdədir. Bu iki dövlət aparıcı dövlət olmasa da aparıcı dövlətlərin ətrafında birləşə bilərlər, üstəlik fərqli cəbhələrdə.
  5. Koreya böhranı: Nə vaxt və necə bitəcəyi bilinməyən bu böhran bir çoxları tərəfindən Dünya Savaşının açar nöqtəsi kimi qəbul edilir. Əslində düzgün yanaşmadır. Avtoritar və çökməkdə olan Rusiya tərəfindən dəstəklənən, nə etdiyini özü belə bilməyən, məntiqdən yoxsul bir liderin, üstəlik nüvə kimi kütləvi qırğın silahına malik bir dövlətin Dünya Müharibəsi başlatmağa qadir olduğunu desək yanılmarıq. Üstəlik bu dövlətin Çin kimi dünyanın başqa bir qütbündə mövqe tutan bir dövlətlə də möhkəm əlaqələrinin olması vəziyyəti bir qədər də gərginləşdirir. ABŞ hərbi kontingetinin Koreya yarımadasına göndərilməsi də hər an partlayış verə biləcək bir münaqişə ocağının olduğundan xəbər verir.
  6. Ermənistan və Azərbaycan okeanda kiçik balıqlar kimi görünsələr də, əslində böyük balıqların ətrafında üzdükləri aşkardır. Bu iki dövlət qlobal savaş başlatmağa qadir deyillər. Lakin qlobal savaş başlatmaq üçün vasitə olmağa möhkəm namizəddirlər.

Bütün bunlar Dünya Müharibəsinə zəmin yaradacaq səbəblər arasındadır. İşin maraqlı tərəfi isə cənab Moriarti-dir. Sherlock Holmes dostu doktor Vatsonun amansız mübarizədən kənarda tutulmasını istəyir. Professor Moriarti isə ona, “Cənab Holms, astronomiya qanunları açıq şəkildə deyir ki, iki cisim toqquşduqda mütləq şəkildə digər cisimlər də bundan zərər görür” deyib, yaxanı nə qədər kənarda tutsan da, olacaqların təsiri mütləq sənə də gəlib çatacaq fikrini ona izah edir. Hal-hazırda da dünyada bu proseslər baş verir. Bəzi dövlətlər, məsələn Çin artan tempi nə qədər azaltmağa və yaxasını kənara çəkməyə çalışsa da, bacarmır ki, bacarmır. Bacara da bilməz. Eynilə biz də beləyik. “Qoşulmama” kimi lazımsız və səfehlikdən ibarət olan hərəkat və ya birlik bizi heç bir qlobal savaşdan kənarda tuta bilməycək. Bir halda ki, sərhədimizdə olan dövlətlərin beşindən üçü düşmənimizdir. Dünya Müharibəsinin reallaşması isə bəlkə də bizim görəcəyimiz və canlı şahidi olacağımız dəhşətlərdən biri olacaq. Və biz bundan mütləq şəkildə nəsibimizi alacağıq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG