Keçid linkləri

Həmişə istilərin düşməyini narahatlıqla gözləmişəm. Bilmirəm niyə. Əslində xüsusi bir səbəb də yoxdur, istiylə bağlı hansısa ciddi bir travmanı da xatırlamıram. Amma beyni dəlib keçən, başın içini qovurub, bişirən havada adamların həyacanla qaçıb orda-burda özünü kölgəliyə verməsi, sərinlik axtarması elə bil yaradılışın əbədi mantrasını mızıldayır: həyat ötəridir, Yer üzü də cənnət deyil!…

***

Mövsüm bəy, Qobustan həbsxanasından bu müəssisəyə gətiriləndən mütəmadi cərimə təcridxanasına (karser) salınır, xəbərdarlıq edilir, töhmət verilir və s. və i.a. Sonuncu dəfə isə nə az, nə çox, düz 2 ay müddətinə kamera tipli otağa salınıb.

Aprelin axırıydı, ya mayın əvvəli, dəqiq xatırlamıram, 12 saylı cəzaçəkmə müəssisəsinə getmişdim. Mövsüm Səmədovla görüşmək üçün. Mövsüm bəy, Qobustan həbsxanasından bu müəssisəyə gətiriləndən mütəmadi cərimə təcridxanasına (karser) salınır, xəbərdarlıq edilir, töhmət verilir və s. və i.a. Sonuncu dəfə isə nə az, nə çox, düz 2 ay müddətinə kamera tipli otağa salınıb. Təsəvvür yaratmaq üçün deyim ki, kamera tipli otaq tənbeh tədbiri kimi məhkumların saxlanılma şəraitinə və onlara yaratdığı məhdudiyyətlərə görə cərimə təcridxanasından (karser) çox cüzi fərqlənir. Bu qanunla belədir, hərçənd reallıq tamamilə eyni də ola bilər. Nəsə, sözüm bunda yox. Müəssisənin inzibati binasının 2-ci mərtəbəsindəki balaca, yeganə pəncərəsinə uzun illər yuyulmayan, toz və kirdən təbii rəngini itirib, bozarmış parça – guya pərdə asılmış otaqda (vəkil otağı?!) gödəkcəni çıxarıb, qısaqol köynəkdə Hacını gözləyirdim. Az keçmiş, gəldi. Hal-əhvaldan sonra, otağın boğuq havasından, ya çöldə olan istidən tıncıxıb “yaman istidi” dedim. Hacı, təəccüblənmiş kimi “doğrudan? Axı orda soyuqdu…” dedi. “Orda”, kamera tipli otaq idi. Hacının üzünə baxanda barmağımı dişlədim – saxlandığı yerdə çox soyuğuydu və mənim onun yanında istidən gileylənməyim və qısaqol köynəkdə əyləşməyim yerinə düşməmişdi. Bəy ürəyimnən ildırım sürətilə keçənləri duyub, anlamış kimi “yox ey, ora da yaxşıdı” deyib özünəməxsus yumşaqlıqla, həmişəki məğrur görkəmiylə gülümsədi…

***

Bakı İstintaq Təcridxanasında istər siyasi, istərsə də qeyri-siyasi məhbuslarla görüşlərdə əl tutub görüşdüyüm buz kimi əllərin təması qalıb yaddaşımda…Özü də əksəri yayın cırhacırında, istinin qora bişirən vaxtlarında.

***

Bugünlərdə məsləhətxanaya bir qadın gəlmişdi. Məsləhətxananın “JEK” binasına oxşayan otaqlarının ümumi görünüşüylə qadının çöhrəsindəki etinasız, soyuq, bumbuz kədər tam bir harmoniya yaradırdı.

Bugünlərdə məsləhətxanaya bir qadın gəlmişdi. Məsləhətxananın “JEK” binasına oxşayan otaqlarının ümumi görünüşüylə qadının çöhrəsindəki etinasız, soyuq, bumbuz kədər tam bir harmoniya yaradırdı. Telefonda “probleminiz nədir ki?” deyə soruşmuşdum. “Nə deyil ki!…” çoxmənalı şəkildə dillənmişdi. Danışdıqları xırda ailə-məişət qayğıları, bir damın altında nəfəs alan insanların bir-birinin həyatını cəhənnəmə çevirməsi, bir-birinin ətini yeyib axırına çıxması, kiçik adamların böyük problemləriydi. Danışdıqca ağlayırdı, ağladıqca danışırdı. “Atamı demirəm, anam sağ olsaydı, mənlə heç kim belə eləyə, belə davrana bilməzdi…” deyirdi. Və həmin vaxt, o danışdıqca mənə elə gəlirdi ki, bu ökədə qəlbində Allah sevgisi olan bir kimsə varsa, yəqin o kimsə də elə bu incidilmiş qadının özüdür. Xırda problemlərin yaratdığı böyük fəsadlar, insan xislətinin sirli, dərin və rəngarəng qatları qarşısında özünü itirmiş, cəmi dünyaya qapanıb, özüylə vidalaşmış qadın…

***

İstidə dünya daha anlaşılan, daha maraqsız olur, yaradılışın məhdudluğu, sərhədləri daha aydın görünür, həyatın monotonluğu, yeknəsəkliyi şəffaflaşır.

Bu ölkənin istisi isə təkcə həyatın ötəri, Yer üzünün isə cənnət olmadığını andırmır, xatırlatmır…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG