Keçid linkləri

Təcili xəbərlər

Rusiya öz Azərbaycan Konqresini yaratmağa çalışır?


MÜVƏQQƏTİ DOSTLAR VƏ ƏBƏDİ MARAQLAR

Hətta İslam oyunları diqqəti Rusiyada məhkəmənin Ümumrusiya Azərbaycanlıları Konqersilə (ÜAK) bağlı qəbul etdiyi qərardan yayındıra bilmədi. Demək olar ki, bir neçə gündür hamı bu məsələni müzakirə etməklə və Rusiyadakı həmvətənlərinə bacardığı dəstəyi verməklə məşğuldur.

... isitisna etmirəm ki, onun [Konqresin] fəaliyyətində xırda hüquqi qüsurlar da ola bilər. Gəlin, etiraf edək ki, biz azərbaycanlılar olan yerdə nəsə bir “əmma” mütləq olmalıdır.

Etiraf edirəm ki, bir siyasi təhlilçi kimi mənim üçün böyük qüsur sayıla bilər, amma bu vaxta qədər bizim Rusiyadakı Konqresin fəaliyyətini elə də izləməmişəm.

Bu baxımdan isitisna etmirəm ki, onun fəaliyyətində xırda hüquqi qüsurlar da ola bilər. Gəlin, etiraf edək ki, biz azərbaycanlılar olan yerdə nəsə bir “əmma” mütləq olmalıdır.

Amma düşünmürəm ki, bu motiv Konqreslə bağlı qəbul edilmiş məhkəmə qərarında həlledici rola malik olsun. Böyük ehtimalla bu, siyasi, xüsusən də geosiyası çalarları olan, həm də absurd bir qərardır. Ona görə absurddur ki, Rusiyada milyonlarla azərbaycanlı yaşayır və hələ ki, onları heç kimin qovmaq fikri yoxdur. Üstəlik, bu ölkənin qanunvericiliyi hamı kimi onlara da təşkilatlanmaq hüququ verir. Elə bu səbəbdən də bir Konqresi bağlarlar, başqası yaradılar. Gərək, Rusiyanın məhkəmələri bunu nəzərə alaydı, əvvəl xəbərdarlıq edərdi, qüsurları aradan qaldırmaq üçün vaxt verərdi. Konqres də bir daha toplaşar, öz nizamnaməsilə bağlı problemləri aradan qaldırar və hətta özünə yeni bir rəhbərlik seçərdi...

Amma görünür, Moskvada kiməsə bu sərf etmir. Ola bilsin, orada da Konqresin kimin təsiri və nüfuzu altında olması problemi var. Təbii ki, Rusiyanın bir çox siyasi dairələri istərdi ki, təşkilat onların təsiri altında olsun.

Rusiyanın siyasət adamları naşı deyillər və onlar hər şeyi öz əllərində istədikləri ünvana qarşı təzyiq alətinə çevirməyi bacarırlar.

Mən israr etmirəm ki, bu məqam həlledici olub. Amma kimsə məni inanadıra bilməz ki, Rusiyanın siyasi dairələrinin və hətta müəyyən strukturlarının Azərbaycan diasporunu da öz nəzarəti altına almaq arzusu yoxdur. Rusiyanın siyasət adamları naşı deyillər və onlar hər şeyi öz əllərində istədikləri ünvana qarşı təzyiq alətinə çevirməyi bacarırlar.

Bəlkə də yaddaşım aldadır, amma xatırlayıram ki, hətta sonuncu prezident seçkiləri ərəfəsində də - 2013-cü ildə Rusiyada yeni diaspora “lider”ləri peyda olmuşdu, bəziləri hətta özlərini artıq “nazir”, “böyük dövlət adamlarıı” kimi aparırdı!..

Təbii, Rusiya hökumətinin rəsmi Bakı ilə indiki münasibətləri elə də pis deyil və bunu ideal olmasa da, dözümlü münasibətlər adlandırmaq olar. Gəl, rusların məşhur məsəli var: “doveryay, no postoyanno proveryay!”. Və yaxud da ingilissayağı desək: “Rusiyanın əbədi dostları yoxdur, amma əbədi maraqları var!”...

ƏN AZI İKİNCİ DÖVLƏT KİMİ...

Bu, həm də ciddi geosiyasi siqnal sayılmalıdır. Trampın ABŞ-da vəziyyətinin gündən – günə mürəkkəbləşməsinə baxmayaraq ruslar Ağ Evi sanki özlərinki hesab edirlər. Tramp elə bu günlərdə bildirdi ki, ABŞ-ın tarixində heç bir prezident onun qədər təzyiqlərə məruz qalmayıbdır. Təbii ki, burada bir az şişirtmə də var, çünki o, hələ əsl təzyiq görməyib, Rusiya ilə “ilginc əlaqələr” hansısa formada təsdiqini taparsa, onda Tramp biləcək ki, böyük siyasətdə, özü də böyük dövlətlərin siyasətində prezidentə əsl təzyiq necə olur...

Moskvanın strateq insanları belə hesab edir ki, 90-cı illərin “qapazaltı Rusiyası” artıq arxada qalıb, Moskva daha əvvəlki Moskva deyil – geosiyasi tənəzzül bitdi, indi əvvəlki mövqeləri qaytarmaq lazımdır...

Amma burada başqa bir nüans da var. Rusiyanın böyük geosiyasətə qayıdışı təkcə Tramp amilinin üzərində qurulmayıb. Moskvanın strateq insanları belə hesab edir ki, 90-cı illərin “qapazaltı Rusiyası” artıq arxada qalıb, Moskva daha əvvəlki Moskva deyil – geosiyasi tənəzzül bitdi, indi əvvəlki mövqeləri qaytarmaq lazımdır...

Düzdür, geostrateji göstəricilər onların xeyrinə deyil. Amma bunlar tam ürəkaçan olmasa da, faciəvi durumda da deyillər.

Bu yaxınlarda 127 ölkənin hərbi qüdrəti qiymətləndirilmişdi. Təbii ki, ABŞ birinci yerdədir. Amma Rusiya da axırda deyil, ikinci yerdədir. Bəli, ABŞ-ın təkcə hərbi büdcəsi Rusiyanın ümumi büdcəsindən düz iki dəfə böyükdür. Təkcə hakimiyyətə yenicə gələn Donald Trampın orduya hədiyyəsi – ayırdığı əlavə 54 milyard dollar Rusiyanın bütün hərbi büdəcəsi (45-50 milyard dollar!) qədərdir.

Hətta canlı qüvvədə də ABŞ xeyli irəlidədir. Məsələ bundadır ki, Rusiyanın demoqrafik göstəriciləri onun coğrafi ölçülərinin fonunda gülünc dərəcədə kiçikdir və bu, Rusiya siyasətçilərinin “yaralı” yeridir...

Əslində ötən ilin aprelindən bu tərəfə Rusiya Azərbaycana qarşı o qədər addım atıb ki, onların heç biri Konqresin bağlanmasından heç də geri qalmır...

Amma yenə də ikinci yerdədirlər. Bu isə elə də pis nəticə deyil. Və onlar özlərinə qarşı ən azı ikinci dövlətə layiq münasibət umurlar...

Bəli, irəlicədən aydın idi ki, Rusiya Azərbaycana təzyiq edəcək, ən azı ona görə ki, Tramp istədiklərini edə bilməsə də, hər halda ABŞ-ın yeni dönəm siyasətini bir tapmacaya çevirə bilib. Ruslar da bundan istifadə edir. Əslində ötən ilin aprelindən bu tərəfə Rusiya Azərbaycana qarşı o qədər addım atıb ki, onların heç biri Konqresin bağlanmasından heç də geri qalmır...

BÖYÜK SİYASƏTDƏN BAYILMAQ LAZIM DEYİL...

Bəs nə etməli? Əvvəla, qoy, “absurd məhkəmə qərarları” biz azərbaycanlıları diksindirməsin, çünki bunlar bizim öz təcrübəmizdə də yetərincədir və bir növ buna adətkarıq. Bircə məsələni deyəcəm. Konqresin bağlanmasına hamı bacardığı etirazı edir. Düz edir və mən də ən azı bir mənəvi dəstək kimi buna qoşuluram. Başqa cür necə ola bilər ki? Amma bir məsələ var, onu da deyəcəm. Bu yaxınlarda bir neçə saytı “məhkəmənin qərarı” ilə blokladırlar. Bir kimsə demədi ki, dostlar, axı, yaxşı iş deyil bu...

... rəsmi Bakının Rusiyadan inciməyə haqqı var. Bunlar düşünür ki, NATO-dan uzağıq, Avropa ilə böyük məsafə saxlayırıq, daha Rusiya bizdən nə istəyir?!

Nə isə... Əvvəldə bir “Nə etməli?” sualı qoydum. Gərək, onun cavabını verəm. Cavab da budur ki, dostlar, gəlin daşı ətəyimizdən tökək, siyasi sistemimizi çox da sərtləşdirməyək, Qərblə də körpüləri yandırmayaq! Razıyam ki, Qərb dediyimiz siyasi məkanda da indi elə bir dolaşıqlıqdır ki, daha adam onu əvvəlki vaxtlardakı kimi hallandıra da bilmir. Amma tələsik nəticələr də çıxarmaq lazım deyil. Dünya hələ tamam dağılmayıb və onun xarabalıqları üzərində öz “səltənət”imizi qurmağa tələsməyək. Əvvəldə dedim ki, rəsmi Bakının Rusiyadan inciməyə haqqı var. Bunlar düşünür ki, NATO-dan uzağıq, Avropa ilə böyük məsafə saxlayırıq, daha Rusiya bizdən nə istəyir?!

Düzdür, bunlar hamısı var. Elə vəziyyət yaranıb ki, bu gün Rusiya Azərbaycandan Qərbdən uzaq durmağı tələb etməsə belə, Bakı Qərblə yaxınlaşmağa getməyəcək, çünki bu, hakim partiyanın özəl maraqlarına cavab vermir. Düşünürlər ki, bütün bunlar Rusiyanın izzət-hörmətini qazanmağa yetər. Amma belə deyil. Məsələn, indi Azərbaycan böyük bir qaz layihəsi həyata keçirmək istəyir, böyük həcmlə olmasa da, hər halda, Rusiyanın bazarına girir. Rusiya bunu istəyirmi? Əlbəttə ki, yox... Həm də Rusiya dost və müttəfiq deyil, nökər axtarır. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, nəinki Rusiya, hətta Qərb də görəndə ki, Azərbaycanın, necə deyər, bir tərəfi boşdur, başlayacaq təzyiq etməyə. Nə etmək olar? Dünya siyasəti belə qurulubdur, heç də hər şey idealist prinsiplər üzərində bərqərar olmayıb.

Məni ən çox təəccübləndirən, bilirsiniz, nədir? Böyük siyasətin bütün eybəcərliklərini əslində biz öz daxili siyasətimizdə, öz cəmiyyətmizə və siyasi opponentlərimizə münasibətdə tətbiq edirik. Amma bunu kənardan görəndə başlayırıq ki, bəs prinsip belə getdi, “ikili standart” o tərəfdən gəldi!..

Qərəz, dəyişmək lazımdır – məmurların, xüsusən də ölkənin siyasətinə cavabdeh adamların psixologiyası, siyasi idarəçilik fəlsəfəsi dəyişməlidir. Demirəm, elə bir dramatik məqam yetişib ki, təcili nəsə etmək, ölkənin yaddan çıxmış partiyalarını toplamaq lazımdır.

Konqres məsələsindən böyük faciə düzəltmək lazım deyil – bütün diplomatiyanı, birinci plan diplomatiyasını da, ikinci plan diplomatiyasını da işə salaraq vəziyyəti düzəltmək lazımdır.

Konqres məsələsindən böyük faciə düzəltmək lazım deyil – bütün diplomatiyanı, birinci plan diplomatiyasını da, ikinci plan diplomatiyasını da işə salaraq vəziyyəti düzəltmək lazımdır.

Amma arabir Gürcüstana da baxaq. Kiçik ölkəni Rusiya sındıra bilmir. Azərbaycana nə olub? Niyə o, öz cəmiyyətinə qarşı bu qədər sərt, xarici təzyiqə qarşı isə bu qədər kövrəkdir?

Ona görə də burada soyuq ağıl lazımdır. Bəzləri durub deyir ki, gəlin burada rus icmasını yasaq edək! Tamam yanlış yanaşmadır. Bunu heç ağıla da gətirmək lazım deyil, əksinə hakimiyyət də, cəmiyyət də onlara qayğısını bir az da artırmalıdır.

Həm də bu, tək Azərbaycana qarşı deyil. Ola bilsin, tam yerinə düşməyəcək, amma bir misal çəkəcəm. ABŞ-la Türkiyə hətta yaxın hərbi müttəfiqdir, onun Türkiyədə hərbi bazası var, üstəlik, Türkiyə NATO-nun da üzvüdür. Bununla belə hətta ABŞ hökuməti də Türkiyəyə qarşı müəyyən təzyiq elementləri saxlayır. Fətullah Gülən və yaxud regiondakı kürd silahlıları ilə əməkdaşlıq bunun göstəricisi deyilmi?..

İndi Rusiya da çox böyük bir ehtimalla belə etmək istəyir. Nə etmək olar? Bu da siyasətdir, ya ona dözməyin, ya da onu neytrallaşdırmağın bir yolunu tapmaq lazımdır. Ən əsası da böyük siyasətdən bayılmaq və çaşqın görkəm almaq lazım deyil, çünki özümüz də müqəddəs deyilik...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG