Keçid linkləri

Təcili xəbərlər

Yupiterin yeni şəkilləri alimləri heyrətə salıb


Alimlər Yupiter üzərində apardıqları müşahidələrin son dərəcə maraqlı nəticələrini dərc ediblər. Məlumatlar "Juno" kosmik aparatının köməyilə əldə edilib.

NASA mütəxəssisləri gördüklərindən heyrətə gəldiklərini deyirlər. Onları hər şeydən çox planetin qütblərindəki nəhəng qasırğalar heyrətləndirib.

«Hərəsi Yer kürəsi boyda olan bir dəstə qasırğanı təsəvvürünüzə gətirin. Onların sayı o qədərdir ki, onlar bir-birinə toxunurlar. Bu görüntülərdən hətta son dərəcə təcrübəli tədqiqatçıların da nəfəsi dayandı», NASA mütəxəssisi Michael Janssen deyir.

ABŞ-ın "Juno" zondu 2011-ci ildə kosmosa buraxılıb. 2016-cı ilin yayında o Yupiter ətrafındakı elliptik orbitə çıxıb. O vaxtdan bəri hər 53 gündən bir planetin lap yaxınlığından keçir.

"Juno"nun verdiyi ilk məlumatlar indi "Science" jurnalında və "Geophysical Research Letters" jurnalının xüsusi nəşrində dərc edilib.

Alimlər deyirlər ki, bu məlumatlar Yupiter haqqında əvvəllər mövcud olmuş bütün nəzəriyyələri sual altına qoyub. «Biz ilk dəfə Yupiteri həqiqətən yaxından gördük. Biz anladıq ki, bizim Yupiter haqqında əvvəlki təsəvvürlərimizin çoxu yanlış, bəlkə də sadəlövh olub», — planetin əsas tədqiqatçılarından biri Skot Bolton (Scott Bolton) deyir.

Planetin yüksək paralellərindəki nəhəng siklonları əvvəllər bu qədər detallı görmək mümkün olmurdu. Belə ki, digər missiyalar planetə "Juno"nun baxdığı bucaqdan baxmırdılar və əlbəttə ki, bu qədər dəqiq görüntülər çəkib göndərə bilmirdilər.

Bu strukturlar bizim Saturnun qütblərində gördüyümüz strukturlardan fərqlənir. Ancaq alimlər hələlik bunun izahını verə bilmirlər. Həmin qasırğaların "ömrünün" nə qədər uzun olması da hələlik məlum deyil.

Bəs biz Yupiter haqqında nə bilirik?

— Yupiter diametrinə görə Yerdən 11 dəfə böyükdür, onun kütləsi isə 300 Yer kütləsinə bərabərdir.

— Yupiterin Günəş ətrafında bir dövrəsi 12 Yer ilinə bərabərdir; planetin bir sutkası isə 10 saatdır.

— Yupiter öz kimyəvi tərkibinə görə ulduzu xatırladır – o, əsasən hidrogen və heliumdan ibarətdir.

— Yüksək təzyiq altında hidrogen metal xüsusiyyətləri, o cümlədən elektrik keçiriciliyi qabiliyyəti əldə edir.

— Göründüyünə görə, metallaşmış hidrogen planetin güclü maqnit sahəsinin mənbəyidir.

— Planetin atmosferində kənardan görünən zolaqları şərqdən qərbə doğru əsən küləklər yaradır.

— Planetin üzərindəki İri Qırmızı Ləkə nəhəng qasırğadır. Onun görünən ölçüləri Yer kürəsinin diametrindən iki dəfə böyükdür!

"Juno"nun göndərdiyi görüntülər arasında JunoCam qurğusunun çəkdiyi görüntülər də var.

Bolton deyir ki, hələlik alimlər nəhəng qasırğaların necə formalaşdığını və nə dərəcədə sabit olduğunu bilmirlər. Onun sözlərinə görə, Yupiterin şimal və cənub qütblərinin fərqli görünməsi də alimlərə təəccüblü görünür. “Biz bilmirik bu dinamik sistemdir və biz sadəcə onun bir mərhələsini görürük. Ola bilsin ki, bu, sabit konfiqurasiyadır və bu qasırğalar bir-birinin ardınca dövr edir", - o deyir.

Başqa bir sürpisiz isə "Juno"nun Mikrodalğalı Radiometri göndərib. O, Yupiterin atmosferindəki ammonyak buludlarından gələn termal mikrodalğalı radiasiyadan nümunə götürür. Qurğunun əldə etdiyi məlumat göstərir ki, Yupiterin qurşaqları və zonaları çox qeyri-adidir. Belə ki, planetin ekvatoruna yaxın qurşaq aşağılara qədər nüfuz edir. Digər enliklərdəki qurşaq və zonalarsa fərqli strukturlara çevrilir. Əldə olunan məlumata görə, ammonyak kifayət qədər dəyişkəndir və planetin atmosferinin aşağılarına doğru bir neçə yüz kilometr məsafədə böyüməkdə davam edir.

"Juno" missiyasına qədər artıq məlum idi ki, Yupiter Günəş sistemində ən güncü maqnit sahəsinə malik olan planetdir. "Juno"nun maqnitometrinin (MAG) nəhəng planetin maqnitosferini ölçməsi nəticəsində məlum olub ki, Yupiterin maqnit sahəsi gözlənildiyindən də güclüdür. Bundan başqa, onun qeyri-sabit formaya malik olduğu da məlum olub. MAG-ın göndərdiyi məlumatlara əsasən, planetin maqnit sahəsi alimlərin gözlədikləri 7,766 Gaussu xeyli geridə qoyur və Yer kerəsində tapılmış ən güclü maqnit sahəsindən də 10 dəfəyə qədər artıqdır.

Ən son yazılan

XS
SM
MD
LG