Keçid linkləri

Təcili xəbərlər

İmmun sistemində problemlər keçəlləşməyə yol aça bilər


Bir qayda olaraq, kişilərdə saç tökülməsi testosteron hormonunun normadan artıq olması, yaxud da üzdə və bədinin başqa hissələrində tüklərin çıxmasına cavabdeh olan genin mutasiyası ilə izah edilir.

Son tədqiqatlar göstərir ki, saç tökülməsinin başqa bir səbəbi də var. Söhbət immun hüceyrələrin qeyri-normal fəaliyyətindən gedir. "Saç töküləndə saç soğanağının bütün strukturu faktik olaraq yenidən bitməlidir. Biz hər zaman düşünmüşük ki, bu prosesin gedişatı müstəsna olaraq kök hüceylələrindən asılıdır. Ancaq indi məlum olur ki, immuniteti tənzimləyən T hüceyrələri bu prosesdə əsas rolu oynayır. Onları "söndürdükdə" saçın uzanması dayanır", deyə Kaliforniya Universitetindən immunoloq və dermatoloq Michael Rosenblum izah edir.

Alimlər siçanların üzərində təcrübə apararaq bu nəticəyə gəliblər. Siçanlara toksin yeridilən zaman onların immun hüceyrələri pərakəndə şəkildə məhv olurdu. Bu üsul alimlərin immun hüceyrələrdən təmizlənmiş dəri nümunələri almasına yardım edib. Alimlər dərinin immun hüceyrələrdən məhrum hissələrini qırxdıqdan sonra bu nahiyələrdə tüklərin uzanmamasını müşahidə ediblər. Ancaq bu hal cəmi üç gün davam edib. Üç gündən sonra, Treqlərin olmamasına rəğmən, tük yenidən uzanmağa başlayıb. Baş verənləri daha yaxşı anlamaq üçün tədqiqatılar dəridəki immun və kök hüceyrələrini parlayan boya ilə rəngləyiblər. Onlar saçın uzanması prosesinin lap başlanğıcında Treq hüceyrələrinin saç soğanağının ətrafına toplaşdığını müşahid ediblər. Bu yolla onlar bu iki növ hüceyrələrin qarşılıqlı əlaqədə olduğunu sübuta yetirə biliblər.

Məlum olub ki, immuniteti tənzimləyən T hüceyrələri saçların uzanmasında fəal rol oynayır. Onlar kimyəvi siqnallar, Jag1 zülalı molekulları istehsal edir ki, onlar da öz növbəsində saç soğanağının kök hüceyrələrini böyüyərək yeni saç əmələ gətirməyə məcbur edir. Başqa sözlə, bu məsələdə kök hüceyrələri tamamilə immun hüceyrələrdən asılı olur və yalnız onların "komandası" ilə nə vaxt regenerasiya edəcəklərini bilirlər.

Üstəlik təsvir olunan bu prosesin bilavasitə immun müdafiə funksiyası ilə heç bir əlaqəsi olmayıb. Alimlər hesab edirlər ki, insanın dərinin regenerasiyası ilə problemi varsa, ola bilsin ki, onun eyni zamanda saçları da tökülür.

Alimlər hesab edirlər ki, Treq hüceyrələrindəki defektlər alopecia areata adlı immun xəstəliyin səbəbi ola bilər. Bu xəstəlik saçların hissə-hissə tökülməsinə yol açır və ola bilsin ki, başqa növ keçəlləşmələrdə də müəyyən rol oynayır.

Saçların uzanmasına cavabdeh olan kök hüceyrələri eyni zamanda zədələnmiş dərinin bərpasında iştirak edir.

Bu vaxta qədər Treqlərin rolunun ancaq immun sistemi tənzimləməkdən ibarət olduğu düşünülürdü. Onların işində pozğunluq yarananda insanların yerfındığı və başqa qidalara allergiyası yarana bilir və yaxud immun sistem bədənin öz toxumalarına hücum etməyə başlayır və beləliklə autoimmun xəstəliklərə yol açır.

Treqlər əsasən immun hüceyrələriin digər növləri ilə birlikdə limfa düyünlərində toplaşır. Ancaq alimlər onlara başqa toxumalarda da rast gəlindiyini yazırlar. Onlar qeyd edirlər ki, Treqlər hər toxumanın ehtiyacına görə müxtəlif funksiyalar yerinə yetirə bilirlər. Treqlər həmçinin yeni doğulmuşların dərisində immun tolerantlığının formalaşmasına yardım edirlər.

Tədqiqatın nəticələri "Cell" jurnalında dərc edilib.

XS
SM
MD
LG