Keçid linkləri

Yüz il bundan əvvəl Afrikada yuxu xəstəliyinin müalicəsində istifadə olunan Suramin preparatı autizmli uşaqlara kömək edib.

Science Alert jurnalı yazır ki, ABŞ-da aparılan bu tədqiqatın müəllifləri kliniki araşdırmanın kiçik olduğunu etiraf ediblər. Məqalədə deyilir ki, bununla yanaşı uşaqlarda autik spektr pozğunluğunun simptomları əhəmiyyətli dərəcədə azalıb.

Tədqiqatın müəllifi San Dieqodakı Kaliforniya Universitetindən doktor Robert Navo (Robert Naviaux) hələ üç il bundan öncə siçanlar üzərində təcrübə apararaq suramin preparatının autik spektr pozğunluqlarının simptomlarını aradan götürə biləcəyi fikrini irəli sürmüşdü. İndi isə o, bu təcrübəni insanlar üzərində təkrarlayıb və araşdırmanın nəticələrini "Annals of Clinical and Translational Neurology" jurnalında dərc etdirib. Məlum olub ki, adı çəkilən dərman insanlarda da müsbət nəticələr verir.

Alimlər bu tədqiqata yaşı 5-14 arasında olan, autizmdən əziyyən çəkən 10 oğlan uşağı cəlb ediblər. Uşaqların hər birinə bir doza suramin, yaxud da plasebo verilib. Beləliklə, hərəsi beş nəfərdən ibarət iki qrup yaradılıb.

Doktor Robert Navo qeyd edir ki, uşaqlar suramin qəbul etdikdən sonra daha yaxşı dil, ünsiyyət və oyun funksiyaları nümayiş etdiriblər. Onların sosial davranışında və psixoloji adaptasiya vərdişlərində yaxşılaşma müşahidə olunub. Təcrübədə iştirak edən uşaqların valideynləri bu nəticələri təsdiq ediblər.

Valideynlərdən biri deyib ki, onun yalnız ayrı-ayrı sözlər işlədə bilən 14 yaşlı oğlu təcrübənin başlanmasından sonra mahnı oxumağa başlayıb. Bir həftə sonra isə həmin uşaq atasını mətbəxə apararaq belə deyib: "Mən çips yemək istəyirəm". Bu onun son 12 il ərzində işlətdiyi ilk tam cümlə olub. Başqa bir pasient, 5 yaşlı oğlansa preparatı qəbul etməyə başlayandan sonra gülümsəməyə başlayıb. Tədricən o gülməyə başlayb və anasına deyib ki, "mən sadəcə niyə bu qədər xoşbəxt olduğumu bilmirəm".

"Yaşları 6 və 14 olan uşaqlar suramin preparatını qəbul etdikdən sonra həyatlarında ilk cümləni deyiblər. Onların hərəsinə bir həftə ərzində gündə bir doza olmaqla suramin inyeksiyası vurulub. Ancaq plasebo qəbul edən uşaqların heç birində bu baş verməyib", - deyə tədqiqatın müəllifləri bildiriblər.

Təəssüf ki, bu yaxşılaşmalar yalnız müvəqqəti xarakter daşıyır. İnyeksiyalardan altı həftə sonra ağır simptomlar yenidən qayıdıb.

"Aldığımız nəticələr daha iri araşdırmalarda yenidən əldə edilənə qədər biz heç nəyi iddia etməyəcəyik", deyə tədqiqatın müəllifləri qeyd ediblər. Onlar autik spektr pozğunluqlarının müxtəlif səbəblərdən qaynaqlana biləcəyini qəbul etdiklərini bildiriblər. Alimlərin sözlərinə görə, bütün hallar üçün vahid bir universal dərman mövcud olmaya bilər.

Hələlik dünyada heç kəs autizmin nədən qaynaqlandığını bilmir. Ancaq bir nəzəriyyəyə görə, bu sindroma "hüceyrənin təhlükəyə cavabı" adlı fenomen səbəb olur. Bura qanın tərkibində olan purin adlı hissəciklər daxildir. Onlar hüceyrələrə öz normal funksiyalarını dayandıraraq təcili viruslara hücum ütməyi "əmr edir". Əslində, təhlükə sovuşandan sonra avtomatik dayanan bu reaksiya nəinki normal, həm də faydalıdır. Ancaq bəzi alimlər hesab edirlər ki, bu mexanizm daimi işə düşə və nəticədə autizmə yol aça bilər.

Navo-nun siçanlarla olan əvvəlki təcrübəsi göstərir ki, analar hamilə olduqları zaman virusabənzər stresə məruz qalırlarsa, dölün "hüceyrənin təhlükəyə cavabı" mexanizmi daimi işə düşə bilər. Bunun yan təsirlərindən biri inkişaf etməkdə olan körpə beynində sinir bağlarının formalaşmasına mane olması ola bilər. Nəticədə uşaqda bir sıra davranışlar, o cümlədən sosial vəziyyətlərdə çətinlik çəkmə, israrla yalnız öyrəşdiyi şeyləri və yeknəsəklik tələb etmə kimi hallar meydana çıxa bilər ki, bunlar da özü-özlüyündə autizm əlamətləridir.

Hələ 1916-cı ildə kəşf edilmiş suramin uzun müddət Afrikada mövcud olan sese milçəyinin yaydığı yuxu xəstəliyinin müalicəsində istifadə olunub. Preparat purin hissəciklərinin neyronlara nüfuz etməsinin qarşısını alır. Doktor Navo düşünüb ki, bu, siçan balalarının autizmin təsirinə məruz qalmış neyronlarını yenidən bağlar yaratmasına kömək edə bilər. Həqiqətən də, siçanlara bu preparat verilən kimi onlarda bir çox autizm əlamətləri yoxa çıxıb.

İndi növbəti məntiqi addım bu müalicə üsulunun verdiyi müsbət nəticələrin uzun davamlı ola biləcəyini anlamaq üçün dərmanı uşaqlara uzun müddət verməkdi. Nəticələr müsbət olsa, bu o demək olacaq ki, autizmin yeni güclü müalicə üsulu on illərlə gözümüzün qarşısında olub və biz bunu bilməmişik.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG