Keçid linkləri

Dünən Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı demişdi ki, "Bank Standard"ın aktivlərinin qiymətləndirilməsini guya keçirilmiş tenderin qalibi olan KPMG audit şirkəti aparıb və bu qiymətləndirmə nəticəsində bəlli olub ki, bankın olan-qalan əmlakı Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) başqa heç bir kreditorun tələbinin ödənilməsi üçün yetmir. Lakin indiyə kimi ictimaiyyətdən gizlədirlər ki, "Bank Standard"ın yoxlamasını da son illər məhz KPMG edib.

Axı necə ola bilər ki, uzun illər bankı yoxlamış kənar auditor onun ləğv edilməsi prosesinə də buraxılıb? KPMG bankın müflis olmasında şübhəli şəxslərdən biridir! Ona necə etibar etmək olar? Burada açıq-aşkar maraqlar konflikti var! Amma kiməsə sərf edib ki, bankın olan-qalan əmlakını da məhz özünü tam diskreditasiya etmiş KPMG qiymətləndirsin (hələ bir KPMG-yə böyük məbləğdə ödəniş də ediblər buna görə)! İndi də həmin qiymətləndirməni kreditorların gözünə soxurlar ki, pulunuz batıb, dağılışın, nə bilim, köpük şişirməyin, spekulyasiya etməyin və s.! İnanmırıq KPMG-nin qiymətləndirməsinə!

ƏSF rəhbəri Azad Cavadovun etirafına görə müflis banklar sırasında ən acınacaqlı vəziyyət "Bank Standard"da və "Texnikabank"dadır. Amma demir ki, "Texnikabank"ın son illər ərzində kənar auditoru kim olub. Hələ başa düşmədiz? Bəli, onun da auditoru KPMG olub! Yəni ölkədə müflis olmuş 2 ən iri bankın kənar auditoru KPMG olub və məhz bu iki bankın vəziyyəti ən acınacaqlıdır. Üstəlik bağlanmış ən fırıldaqçı banklardan biri olan "Parabank"ın (ləğvetmə prosesində qeybə çəkilərək tam qanunsuz olaraq bank olmayan kredit təşkilatı kimi zühur edən) da kənar auditoru KPMG olub.

Bütün bu faktların qarşısında nə üzlə bizə deyirlər ki, KPMG-nin qymətəndirməsinə etibar edək? Nə olsun ki, dünyanın aparıcı auditor "dördlüyünə" daxildir? Vaxtilə həmin "dördlük" "beşlik" idi və ora "Arthur Andersen" kimi dələduz audit şirkəti də daxil idi ki, yoxladığı iri şirkətlər sonradan müflis olurdu! KPMG də bu yolu gedir, ən azı Azərbaycanda! Təklif edirəm ki, bu şirkətin Niderlanddakı baş ofisinə də Bakıdakı qurumunun nə oyunlardan çıxması barədə məlumat verək, bəlkə hələ qlobal rüsvayçılıqdan canını qurtardı.

Bizi isə hazırda başqa sual maraqlandırmalıdır: görəsən niyə Palata və ƏSF özünü tam biabır etmiş KPMG-dən belə bərk yapışıb? Maraq nədir?

Hər bir halda müflis bankların kreditorları KPMG-nin də mənfi rolunu araşdırmalı və ciddi əsas olduqda vurulan zərərin əvəzini ondan da tələb etməlidirlər. Mərkəzi Bankdan və Palatadan tələb etməli olduqları kimi! Bütün günahkarlar məsuliyyətə cəlb olunmalıdır!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG