Keçid linkləri

Təcili xəbərlər

Narkotik asılılıq atadan oğula keçə bilər


Şanxaydakı Fudan Universitetinin alimləri belə nəticəyə gəliblər ki, narkotik asılılıq atadan oğula və hətta nəvəyə keçir.

Narkotiklər canlı orqanizmlərin gen strukturunu dəyişir. Nəticədə narkomanların övladları uyuşdurucu maddələrə meylli doğulurlar. Çin alimlərinin Nature Communications toplusunda dərc etdirdikləri məqalədə belə deyilir. Alimlər siçovullar üzərində təcrübə apararaq maraqlı nəticələr əldə ediblər.

Tədqiqatçılar təcrübə üçün iki növ siçovulun balalarını götürüblər. Birinci qrup heç bir narkotik qəbul etməmiş, ikinci qrupsa erkək siçovulun kokaindən asılı olduğu cütün balaları olub. Maraqlıdır ki, burada söhbət təkcə erkək narkoman siçovullardan gedir. Alimlər asılılığın ananın bətnində yaranması ehtimalını istisna etmək üçün bu seçimi ediblər.

Alimlər hər iki qrupdan olan siçovul balalarını içərisində kokain olan sistemə qoşublar. Siçovullar düyməni özləri basaraq orqanizmlərinə narkotik dozası yeritmək imkanına malik olublar. Məlum olub ki, ataları narkoman olan siçovul balaları kokainə dərhal reaksiya verirlər. Onlar düyməni "təmiz" siçovullardan 1,5 dəfə çox basıblar.

Maraqlıdır ki, siçovulların növbəti nəslində, yəni nrkoman siçovulların nəvələrində də eyni reaksiya müşahidə olunub. Halbuki bir çox hallarda onların öz valideynləri heç bir narkotik maddənin təsirinə məruz qalmamışdı.

Alimlər bu müşahidələrə əsaslanaraq belə nəticəyə gəliblər ki, belə asılılıq heyvanların DNT-sinin zülal örtüyündə baş vermiş dəyişikliklərdən qaynaqlanır. Özü də bu dəyişiklik həmin heyvnların ata olmasında öncə baş verib. Mütəxəssislər hesab edirlər ki, alkohol asılılığının nəsildən nəslə ötürülməsi mexanizmi də analoji qaydada baş verir.

Bunun ardınca alimlər kokainə meylin atadan balalara və nəvələrə keçməsinin mexanizmini daha yaxşı anlamaq üçün heyvnların spermasını təhlil ediblər. Onlar DNT metilyasiyasında (genin təzahürlərinin epigenetik tənzimlənməsi forması) baş verən dəyişikliklərə və kokainə daha çox və daha az meylli siçovullar arasındakı fərqə diqqət yetirmək qərarına gəliblər.

Bu epigenetik dəyişikliklərdən bəziləri balalarda qalıb. Onların kokaindən asılılığa meyli də bununla izah olunur.

Tədqiqatın əsas müəllifi, Fudan Universitetindən doktor Lan Ma deyir ki, araşdırma insana aid epidemioloi tədqiqatlarla uzlaşdırılıb. Onun sözlərinə görə, narkotikə meyl insanların da övladlarına və nəvələrinə irsən keçə bilər.

"Ancaq bütün təcrübələr siçovullar üzərində aparıldığından əldə olunan məlumatlara çox ehtiyatla yanaşılmalıdır. Bu məqamda onlar hələ ki, insanlara şamil edilə bilməz", deyə Lan Ma əlavə edib.

Tədqiqat nəticəsində başqa bir sual da meydana çıxıb: bu fenomen yalnız kokainlə bağlıdır, yoxsa digər uyuşdurucu maddələrlə də təcrübə aparılsa, eyni nəticələr əldə ediləcək? Hazırda alimlər bu sualın cavabını tapmaq üçün heroin də daxil olmaqla digər narkotik maddələrlə də təcrübə aparırlar.

XS
SM
MD
LG