Keçid linkləri

Təcili xəbərlər

Ali təhsil haqqında fikirlərim


Azərbaycanda iş dünyasında uzun illərdir işləyən, minlərlə insanlarla müsahibələr keçirən, işə götürən və idarəçiliyini edən insan olaraq ali təhsil alan gənclərimizin iş dünyasına gələndə acı reallıqlarla üzləşdiklərinin illərdir şahidi olmuşam. Ali təhsil kimi mühüm sözlər haqqında iş dünyasında olan bir insan olaraq fikirlərimi yazmışam ki, daha sonra “Azərbaycanda ali təhsilə əhəmiyyət verilmir” stereotipi gənclərimizin də dilinə düşməsin.

ALİ TƏHSİL haqqında düşüncələrim bunlardır :

Ali təhsil karyera üçün vacibdir, amma baxır necə alınan “ali təhsil”. Əgər bu sözlərin arxasında imtahandan imtahana oxumaq, dərslərdə mövcud olmaq varsa, demək ki, diplom da sadəcə kağız parçasıdır;

4 il ərzində unutmayın ki, ancaq universitetdə alınan biliklərlə rəqabətdə uduzacaqsınız – hər il sizin kimi ümumi biliklərə malik və ali təhsili olan minlərlə gənc məzun olur;

Universitetdə oxuduğunuz illərdə yeni biliklərin alınması üçün özünüzü ac hiss edin və müəllimlər tərəfindən verilənlərlə kifayətlənməyin. Araşdırın, oxuyun, təlim və seminarlara gedin, müvəffəqiyyətli insanların uğurlarının görünməyən hissələrini görməyə çalışın;

Ali təhsil aldığınız illərdə artıq sizin karyera məqsədləriniz olmalıdır. Əslində biz hər birimiz karyeraya məhz universitet və fakültəni seçərkən başlayırıq. 4 il ərzində gələcək məqsədlərinizə görə planlarınız olsun;

Xarici dil bilgisi karyera üçün çox vacibdir – peşəkar həyatımızda biliklərin gücləndirilməsi baxımından. Universitet illərində hər gənc heç olmasa bir xarici dili mükəmməl səviyyədə öyrənməlidir;

Seçdiyiniz ixtisas və peşə nə olursa olsun, “bu sahədə ali təhsilim var” deyərək məsələyə baxmayın, şuurlu ömrünüzün sonuna qədər bu sahədə inkişafa hazır olun.Daimi inkişaf sizin həyat tərziniz və ən sadə vərdişiniz olmalıdır;

Əmin ola bilərsiniz ki, ancaq ali təhsilinə və diplomuna güvənən və özünü daim inkişaf etdirməyən insan maksimum 10 il sonra peşəkar həyatdan kənarına atılma riskini artırmış olacaq;

Dürüstlüyü özünüzə həyat tərzi olaraq seçin. Azərbaycanın bütün sahələrdə bilikli və savadlı insanlara ehtiyacı var, amma DÜRÜST savadlı insanlara;

Təhsil aldığınız illərdə və iş həyatında başlamadan öncə artıq disiplin, məsuliyyət, ünsiyyət qurma və sosial vərdişlər, dinamika və aktiv həyat tərzi, sağlamlıq və sistemli düşüncə tərzi keyfiyyət və xüsusiyyətlərinə diqqət etmək və bunlar üzərində işləmək lazımdır, çünki peşəkar həyatda sahəvi biliklərə əlavə olaraq bunlar da çox vacibdir;

Diplomunuz iş dünyasına sizin üçün qapıları açan bir sənəd olacaq. İçəri daxil olduğunuzdan sonra artıq ön plana digər, üst maddədə qeyd xüsusiyyətləriniz keçəcək. Bunların üzərində işləyin;

Universitet illərində aktiv olun: könüllülük fəaliyyətiniz olsun, sosial layihələrdə iştirak edin, dərnək və klublara üzv olun və fəallığınızla seçilin.

Ən əsası isə, unutmayın ki, sizin təhsiliniz universitetlə məhdud olmamalıdır – təhsilimiz ömrümüz boyu davam etməlidir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG