Keçid linkləri

İnsan öz əlləri ilə etdikləri üzündən quruda və dənizdə fəsad çıxdı. Allah onların etdiklərinin bir qismini daddırdı ki, geri dönə bilsinlər (Rum 41).

Quranda da gördüyümüz kimi insan yer üzərində (quruda), okeanda, dənizdə və s. nizamı pozaraq fəsad çıxaran və bəşəriyyətə zülm edən yeganə varlıqdır.

Fəsad-nizamın pozulması, bir şeyə layiq olduğundan az və ya çox dəyər verilməsidir. İnsan ona verilən iradə azadlığından istifadə edərək dünyadakı nizamı pozar, fəsad çıxarar. Allah Quranda fəsad çıxaranları düşmənlərin ən qəddarı olaraq tanıdır (Bəqərə 204-205). Peyğəmbərlərin də, insanlara verdiyi başlıca nəsihətlərdən biri, dünyadakı nizamı qoruyub saxlamaq barəsindədir. Yəni peyğəmbərlər insanlara fəsad və zülmdən uzaq durmağa çağırırdı.

Bəs fəsadın ziddi nədir? Qurana görə Yaradanın nizamını qoruması üçün ortaya qoyduğu sistemin adı təqvadır. Kök mənası qorunmaq, günaha düşəcək şeylərdən çəkinmək və Allahın iradəsinə əks şeylərdən çəkinməkdir.

Məncə, insanın həyatda edə biləcəyi ən üstün əməl zamanı, məkanı və şəraiti nəzərə alaraq orta yolu tuta bilməsidir. Elə ki insan orta yoldan çıxar fəsad törədər. Axı düz yolu həm sağa, həm də sola getdikdə azmış oluruq. Allahın buyurduğu “siratul müstəqim” olan haqq yolu elə orta yoldur. Bu yoldan çıxan fəsad törədib, zülm edər.

Zülm-ədalətin pozulması, haqqı olana haqqını verməmək və ya tam əksi, haqqı olmayana haqq verməkdir. Kök mənası qaranlıqdır. Yəni haqqı görməzdən gəlmək, qaranlıqda qalmaq kimidir.

İnsana insandan başqa heç bir varlıq zülm etməz. Ancaq insan özü də daxil olmaqla hər bir varlığa zülm edər. Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunus 44). Məhz buna görə Allah zülmü insanlığın tək düşməni olaraq tanıdır. Düşmənçilik ancaq zalımlara qarşı olur (Bəqərə 193).

Bəli, insanın tək düşməni zülmdür. Çünki bütün mədəniyyətlərin çökmə səbəbi zülmdür (Kəhf 18).

Zülmün 3 növü var

İnsanın Allaha etdiyi zülm - Bu, insanın birbaşa Allaha deyil, onu təyin etdiyi nizama etdiyi zülmdür.

İnsanın yaşadığı topluma etdiyi zülm - Bu, onların haqqını tapdalamaq, onlara edilən zülmə susmaq və ya yaşadığın cəmiyyətdə faydasız olmaqdır.

İnsanın özü-özünə etdiyi zülm - Bu zülm növü insanın öz ülvü dəyərlərini heyvan ilə şərik olduğu cismi nəfsinə qurban verməkdir.

İnsanın zalımlıq etməsinə əsas iki səbəb var: Bunlar şəhvət və cahillikdir. Şəhvət insanı vicdanın qəbul etmədiyi, qanunun qadağa etdiyi əməlləri etməsinə səbəb olduğu kimi, cəhalət də insanı zülm etməyə vadar edə bilər. Ən pisi odur ki, cahillik insana doğru bildiyi yalnışlıqları etməsinə səbəb olar…

İnsanı zülmdən qurtaracaq tək vasitə qanundur. Biz yalnız qanun ilə ədaləti bərqərar edə bilərik. Buna görə də ədalət və vicdanı dəyərlər üzərindən yola çıxan qanun müqəddəsdir. Müqqədəs isə alınması və satılması qadağan olub, kimliyindən aslı olmayaraq hər kəsə aid olan bir şeydir. Bir cəmiyyət yalnız öz müqəddəs dəyərlərinə sahib çıxmaq ilə rifaha çatar, zülmlə isə aradan gedər.

Seçim yenə də bizim özümüzə qaldı. Ya zalım olub aradan getməliyik, ya ədalətli olub var olmalıyıq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG