Keçid linkləri

ZAMAN ÖZÜ OPPONENTLİK EDƏNDƏ...

“İslahat” sözü bizim yerli siyasi gerçəklik və hətta ictimai-siyasi leksikonla uyuşmasa da ölkədə hökumət islahatları yenidən gündəmdədir. Təhlilçilər, ekspertlər durmadan bu mövzunu araşdırır, hökumətin necə transformasiya edəcəyini, yeni kabinetdə “köhnə qvardiya”dan kimlərin qalacağını və eləcə də vitse-prezidentlik institutu təsis ediləndən sonra ona hansı səlahiyytələrin veriləcəyini indidən özləri üçün təxmin etməyə çalışırlar.

Əslində ölkədə böhran başlayandan mütəmadi olaraq institusional dəyişikliklər edilib, strukturların yenisilə əvəz olunması, onların tamam yenidən yaradılması və yaxud da birləşdirilməsi adi hal olub.

Əslində ölkədə böhran başlayandan mütəmadi olaraq institusional dəyişikliklər edilib, strukturların yenisilə əvəz olunması, onların tamam yenidən yaradılması və yaxud da birləşdirilməsi adi hal olub.

Amma bu proseslər sistemli xarakter daşımayıb. Üstəlik, sonuncu Konstitusiya düzəlişlərindən sonra hökumətin strukturunun və tərkibinin yenidən təşkil edilməsi gündəmə gəlib ki, hakimiyyət bunu bütün hallarda həyata keçirməlidir.

Burada başqa bir detal da var. Ölkədə insanlar illərlə prinsipial siyasi dəyişikliklər, hətta yeni hakimiyyətlər gözləsə də bunlar baş vermədi və indiki hakim partiya siyasi olimpi heç kimlə bölüşmədi. Elə bu səbəbdən də ümidlər yalnız hakim partiyanın öz içindəki dəyişikliklərə qalıb. Bəli, heç vaxt olmadığı kimi hazırda hakimiyyət də, hakim partiyanın özü də zəruri nəsil dəyişməsi ərəfəsindədir.

İndiki hökuməti jurnalistlər zarafatla “qocalar klubu” adlandırırlar. Təsəvvür edin, hökumət üzvlərinin yaş intervalı 63-lə 82 il arasında dəyişir.

Elə kabinet islahatlarını zəruri edən digər səbəb də budur. İndiki hökuməti jurnalistlər zarafatla “qocalar klubu” adlandırırlar. Təsəvvür edin, hökumət üzvlərinin yaş intervalı 63-lə 82 il arasında dəyişir.

Hələ ki hökumətə başçılıq edən baş nazirin, nə az, nə də çox, düz 82 yaşı var. Onun müavinlərinin altısının yaşı isə yetmişə yaxın və hətta ondan bir az da çoxdur. Aydındır ki, belə vəziyyət kabinetin cavanlaşmasını gündəmə gətirir. Amma böyük ehtimalla proses təkcə cavanlaşma ilə məhdudlaşmayacaq. Hökumətin strukturu yenidən qurulmalıdır ki, bəlkə prosesin ləngliyinə səbəb olan əsas amil də budur. Amma bir məsələ tam aydındır ki, uzun müddət belə də davam edə bilməz, çünki bizim hər birimizin başqa bir müxalifəti də var ki, o da zamandır. İstənilən hakim zümrə də ən azı bu “müxalifət”lə barışmaq və hesablaşmaq zorundadır...

MANAT “TAPMACA”SI

Bəs bütün bunların ölkənin sosial-iqtisadi reallıqlarına hansı təsiri olacaq? Son bir neçə ildə demək olmaz ki, hökumət heç bir iş görməyib. Yox, ən azı manatı “cilovalaya” biliblər. Milli valyutanın dəyərində bir ara proqnozlaşdırılan çox kəskin sıçrayışlar baş vermədi və indi demək olar, manatın əsas beynəlxalq valyutalara nisbətən dəyəri sabit həddədir. Amma burada maraqlı hadisə baş verir. Hökumət manatı tam şəkildə “cilovlaya” bilsə də, bunu ölkə daxilindəki qiymətlərlə bağlı edə bilmir. Nəticədə çox qəribə proses baş verir. Manat tutaq ki, dollara nisbətən dəyərini saxlayır, amma yerli bazarda alıcılıq qabiliyyəti durmadan aşağı düşür. Bu isə müəyyən şübhələrə əsas verir. Ya ola bilsin ki, manatın kursu süni şəkildə, yenə maliyyə bazarına müdaxilə etməklə tənzimlənir, ya da ölkədə qiymətlərin artmasını yerli monopoliyaların adına yazmaq lazım gəlir.

...Ya ola bilsin ki, manatın kursu süni şəkildə, yenə maliyyə bazarına müdaxilə etməklə tənzimlənir, ya da ölkədə qiymətlərin artmasını yerli monopoliyaların adına yazmaq lazım gəlir.

Elə insanlar da bu “tapmaca”nın cavabını bilmək istəyirlər. Kabinet islahatlarına qarşı maraq da daha çox bununla bağlıdır. Amma bunun bir açılımı olacaqmı? Güman etmirəm. Ona görə ki, ölkə iqtisadiyyatında elə problemlər var ki, onlar mövcud sosial–iqtisadi modelin təbiətindən irəli gəlir və yerli sosial-iqtisadi fəlsəfə ilə bağlıdır.

Dəfələrlə yazmışıq ki, heç bir yerdə özü-özünə nəzarət edən hakimiyyətlər və hökumətlər yoxdur. Hər bir hakimiyyət insanları korlayır, daha böyük hakimiyyət isə onları sözün lap əsl mənasında despotlara çevirir. Elə bu səbəbdən dərinə varanda Azərbaycandakı iqtisadi böhran təkcə dünyadakı proseslərlə, məsələn, neftin qiymətinin kəskin düşməsilə bağlı deyil, bu problemlər həm də ölkə iqtisadiyyatının təbiətindən irəli gəlir. Məmurlar, hökumət adamları özlərilə mübarizə apara bilməzlər. Düzdür, arabir hansısa böyük məmurlar cəzalandırılır və yenilərilə əvəz olunurlar. Amma bu, ölkədəki idarəçilik fəlsəfəsinin məgzini dəyişə bilmir və heç vaxt da dəyişməyəcək...

İCTİMAİ RƏYİN KƏSƏRİ QALMAYANDA

Bəs onda çıxış yolu nədədir? Hökumətin tərkibinin dəyişməsi və cavanlaşması da ciddi nəticə verməyəcəkmi? Böyük hesabla verməyəcək və olsa-olsa, bir az kabinetin çevikliyini artıracaq. Bundan o tərəfə getməyəcək. Hökumətə gələn cavan kadrlar da öz sələflərinin yolu ilə gedəcək, ölkənin yeni oliqarxlarına çevriləcəklər.

Əsl çıxış yolu isə tamam başqa müstəvidədir. Bu yaxınlarda gözüm Avraam Linkolnun bir fikrinə sataşdı. Deyir ki, ictimai rəyi formalaşdıranlar qanunları yazanlardan daha güclüdürlər... Nədənsə bu fikri oxuyanda xəfif kədər bürüdü məni. Ölkədə medianın ictimai rəyə bəlkə də cüzi təsiri qalıb. Amma ictimai rəyin özünün cüzi də olsa, kəsəri və təsiri qalmayıb. Hökumət isə ictimai rəydən, parlamentdən və məhkəmədən asılı olmayanda cəmiyyət üçün yox, özü üçün işləməyə başlayır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG