Keçid linkləri

Alimlər uzun zamandan bəri bədənin immun sisteminin gücləndirilməsi, beləlikldə də xəstəliklərə, xüsusən xərçəngə qarşı müqavimət qazanmasının yollarını tapmaq barədə düşünüblər. Aparılmış yeni tədqiqatın nəticələri ateroskleroz və güman ki, həm də qaraciyər piylənməsi və ikinci tip diabet də daxil olmaqla başqa metabolik vəziyyətlərin müalicəsinə yeni bucaqdan baxmaq imkanı verir.

ABŞ-ın Vaşinqton Universitetinin mütəxəssisləri balın tərkibində olan təbii şəkərin faydasından danışıblar. Alimlər araşdırma apararaq müəyyən ediblər ki, bu şəkər infarktın qarşısını almağa qadirdir. Qeyd edilir ki, trehaloza adı ilə tanınan bu şəkər arteriyalardakı ərplərin sayını 30%-dək azalda bilir.

Alimlər bildirirlər ki, bal TFEB zülalını aktivləşdirir. Onlarsa öz növbələrində immun hüceyrələrin (makrofaqların) nüvəsinə nüfuz edərək onların DNT-ləri ilə birləşir. Beləliklə də makrofaqları hərəkətə gətirərək arteriyalardakı ərpləri çıxarmağa sövq edir. Bu zaman ürək-damar xəstəliklərinin yaranması riski təbii olaraq aşağı düşür.

Makrofaqlar müxtəlif hüceyrə tullantılarının, o cümlədən lazımsız zülalların, artıq yağların və funksiyası pozulmuş hüceyrə hissələrinin təmizlənməsinə cavabdeh olan immun hüceyrələrdir.

Alimlər ateroskleroz təhlükəsi ilə üz-üzə olan siçanlara trihaloza, yaxud digər şəkər növlərini vurublar. Məlum olub ki, trehalozadan istifadə ərpin ölçüsünü 0,35 millimetrdən 0,25 millimetrə qədər azaltmağa qadirdir.

Bu, ürək-damar xəstəliklərinin profilaktikası sahəsində böyük nailiyyət hesab olunur.

Mütəxəssislər qeyd edirlər ki, orqanizmdə sözügedən ərpin toplanması zamanı isanda ateroskleroz meydana gəlir. Sonradan bu səbəbdən arteriyalar bərkiyərək elastikliyini itirir. Məhz buna görə də insanlarda çox zaman ürək-damar probmeləri yaranır və bu hal infarkta qədər gətirib çıxara bilir.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, şəkərin bu növü göbələyin, lobster və krevetlərin də tərkibində mövcuddur.

Tədqiqatın nəticələri iyunun 7-də "Nature Communications" nəşrində dərc edilib.

Məqalənin aparıcı müəllifi doktor Babak Razani deyir: "Aterosklerozda makrofaqlar arteriyanın zədələnmiş nahiyələrində toplanmış ərpi təmizləməklə damara dəyən ziyanı aradan qaldırmağa çalışır. Ancaq bu zaman onlar ərplərin iltihab yaratma xüsusiyyətinə görə çətinlik çəkirlər. Beləcə onların təmizləmə funksiyası çətinləşir. Trehaloza təkcə artıq mövcud olan təmizləmə maşınını genişləndirmir, həm də hüceyrəni yeni maşın yaratmağa sövq edir.

Bu, daha çox autofagiyanın baş verməsinə yol açır. Hüceyrə özü özünü yeməyə başlayır. Bəs bu, trehalozanın makrofaqlar tərəfindən autofagiyanı gücləndirməsinin yeganə yoludurmu? Hələlik biz bunu dəqiq deyə bilmirik. Biz hələ də bunu araşdırırıq. Ancaq bu dominant prosesdirmi? Bəli".

Bitkilərdə və həşəratlarda olan trehaloza bir-birinə bağlı iki qlükoza molekulundan ibarət təbii şəkər növüdür. Onun insan tərəfindən istifadəsinə ABŞ-ın Qida və Dərman İdarəsi tərəfindən icazə verilib. Bu şəkər növündən həm də əczaçılıqda istifadə olunur. Bundan öncə alimlər trehalozanın autofagiya, adlanan hüceyrənin özünü yemə prosesinə təsir etdiyini aşkar etmişdilər. Ancaq hələlik alimlər onun autofagiyanı məhz necə sürətləndirdiyini anlaya bilməyiblər.

Trehaloza təkcə insanların istifadəsi üçün təhlükəsiz qida deyil, həm də yüngül şirinləşdiricidir. Alimlər bu təbii şəkər növünün aterosklerozun potensial müalicəsində oynaya biləcəyi rolu araşdırmağa davam edəcəklər. Alimlərin öhdəsindən gəlmək istədikləri maneələrdən biri inyeksiyaya ehtiyacdır. Trehaloza ağızdan qəbul olunanda effektivliyini itirir. Belə ki, həzm sistemində mövcud olan bir enzim trehalozanı tərkib hissələrinə, yəni qlükoza molekullarına parçalayır. Razani deyir ki, tədqiqat komandası həmin enzimi bloklamağın yolları üzərində çalışır. Onlar bununla trehalozanın ağızdan qəbul olunan zaman da öz strukturunu və deməli funksiyasını qoruyub saxlaya biləcəyinə ümid edirlər.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG