100-dən artıq azyaşlının sudan zəhərləndiyi xəbərinin yaratdığı əndişə və həyəcanı anlamaq çətin deyil. Bəs necə? Axı söhbət dəyəri heç nə ilə ölçülməyəcək qədər qiymətli olan insan həyatından gedir. Oxşar olayın sabah mənim, sənin, onun, qısası, hər birimizin övladının başına gəlməyəcəyinə təminat varmı? Uşaqlı-böyüklü belə və bənzər təhlükələrdən hansımız sığortalanmışıq ki?!
Bəli, baş verən bu qorxunc hadisə yaşadığımız ölkədə can güvənliyinin yerlərdə süründüyünün növbəti görsənişidir. Elə bir ölkədə yaşayırıq ki, burada hər an istənilən pis ehtimala hazır olmaq lazımdır.
Bəli, baş verən bu qorxunc hadisə yaşadığımız ölkədə can güvənliyinin yerlərdə süründüyünün növbəti görsənişidir. Elə bir ölkədə yaşayırıq ki, burada hər an istənilən pis ehtimala hazır olmaq lazımdır.
Amma yazmadan da keçə bilmir adam: illərdir bu ölkədə həyatımız ancaq zəhərdən ibarət deyilmi? Addımbaşı haqsızlıq. Addımbaşı hüquqsuzluq. Addımbaşı dərd-azar. Addımbaşı əsəb, stress.
İllərdir yaşamağı bizə zəhər etməyiblərmi? Çıxın küçəyə və insanların üzünə baxın: orada hansı həyat əlaməti, hansı yaşamaq şövqü görürsünüz? Əvəzində hamının üzündən zəhrimar yağdığını, zəqqutun töküldüyünü görəcəksiniz. Qınamalı deyil: bir ovuc adamın neft pulları ilə qurduğu təntənə, dəbdəbə altında əzilən, ən adi məişət qayğılarının öhdəsindən gəlməkdə çətinlik çəkən, kredit bataqlığında boğulan, işsizlik girdabında çapalayan bu insanların üzündə zəhər-zəqqutundan başqa nə olmalıdır ki?
Artıq yaxşı gələcəklə bağlı ümidlərindən belə, əl çəkməyə başlamış bu insanların üzünə təbəssüm qonması üçün mənə, heç olmasa, bir səbəb göstərə bilərsinizmi? Çox yox, bir səbəb, cəmi-cümlətanı bir səbəb. Varsa, çəkinməyin, buyurun, göstərin.
Hələ mən şüurlarımızın illərdən bəridir düşünülmüş şəkildə zəhərlənməsindən danışmıram.
Bu ölkədə daha rüşvətə və yalana həyat normativi, varoluşun tıpkı hava, su, od, torpaq kimi, vazkeçilməz ünsürü kimi baxırlar. Oğurlamaq, talan etmək fərasət göstəricisi kimi qəbul olunur. Yaltaqlanmayana “Don Kixot” deyirlər.
Bu ölkədə daha rüşvətə və yalana həyat normativi, varoluşun tıpkı hava, su, od, torpaq kimi, vazkeçilməz ünsürü kimi baxırlar.
Oğurlamaq, talan etmək fərasət göstəricisi kimi qəbul olunur.
Yaltaqlanmayana “Don Kixot” deyirlər.
Söyənə dilsiz, döyənə əlsiz olmaq yaşamaq səbəbi kimi qəbul edilir. Bəs necə? “Az aşım, ağrımaz başım”. “Ac qulağım, dinc qulağım”.
Bir qarın çörək üçün mübah sayılmayacaq yol qalmayıb. Məsələ, üzəduranlıq, - “neyləsin, bir çətən külfəti var...” “Əşşi, guya o üzə durmasa, üzə durmağa başqası tapılmayacaqdı ki?”
Bir yandan uşaqlarının qarnını doyura bilməməyin utancı ilə için-için yanıb-tüstülənən, o biri yandan hansısa mənasız idman oyunlarının açılışına baxıb, sevincdən gözləri yaşaranları desən, “n” qədər.
Hansı birini söyləyəsən, yazasan?!
Nəticə: biz başımıza gələnlərə - gətirilənlərə səssiz qalmağımıza, zülm aparatının bir vintciyinə, təkərciyinə çevrilməyimizə “evdə balalarım var” deyərək “haqq” qazandırmağa çalışdıqca bunun zərbəsi də birinci elə həmin o evdəki balalarımıza dəyir.
Bir gün içində 100-dən artıq uşağın zəhərlənməsi xəbəri həm də bunu söyləyir bizə.
...istəyiriksə, bu cür qorxunc olaylar bir daha təkrarlanmasın, həm sözün həqiqi, həm də məcazi mənasında zəhərə həyatımızda yer olmasın, onda vətəndaş kimi üstümüzə düşən vəzifələri yerinə yetirməyi öyrənəcəyik: susmayacağıq, sorğulayacağıq.
Və istəyiriksə, bu cür qorxunc olaylar bir daha təkrarlanmasın, həm sözün həqiqi, həm də məcazi mənasında zəhərə həyatımızda yer olmasın, onda vətəndaş kimi üstümüzə düşən vəzifələri yerinə yetirməyi öyrənəcəyik: susmayacağıq, sorğulayacağıq.
Ətrafımızda olub-bitənlərə “taleyin işi”, “alın yazısı” kimi baxmaqdan əl çəkəcəyik, təslimçi deyil, tənqidçi olacağıq, ictimai laqeydlik donunu əynimizdən çıxarıb atacaq, məmləkət məsələlərində tamaşaçıdan iştirakçıya çevriləcəyik.
Dərindən düşündükdə görəcəksiniz ki, bütün zəhərlərin, zəhərlənmələrin ən birinci zərdabı elə budur!
***
Nəhayət, sonda:
Kaş biz yalnız indi - uşaqlarımız sudan zəhərlənərkən deyil, həm də onların beyni məktəbdə “şəxsiyyətə pərəstiş”lə, bütpərəstliklə zəhərlənərkən də narahat ola, həyəcan keçirə, etiraz edə biləydik.
Kaş uşaqlarımızın altşüuruna köləlik, mütilik, təslimçilik toxumları əkilməsinə, bu yolla onların xarakterlərinin, iç dünyalarının zəhərlənməsinə də eyni həssaslıqla təpki verə biləydik.
Kaş “fond pulu”, “süpürgə pulu”, “pərdə pulu” kimi adlarla uşaqlarımız rüşvətə öyrədilərkən, beləcə, onların həyata, insanlara, ölkələrinə və dünyaya məsum, saf baxışlarına zəhər qatılarkən də əndişələnə, qəzəblənə, səsimizi yüksəldə biləydik.
Kaş uşaqlarımızın altşüuruna köləlik, mütilik, təslimçilik toxumları əkilməsinə, bu yolla onların xarakterlərinin, iç dünyalarının zəhərlənməsinə də eyni həssaslıqla təpki verə biləydik.
Kaş atalıq, analıq missiyasının övladı yalnız fiziki baxımdan ərsəyə gətirməkdən ibarət olmadığını başa düşə, uşaqlarımızı sadəcə bioloji varlıq kimi böyütmək vərdişindən əl çəkə, onları mənən, ruhən də sağlam böyütməli olduğumuzu anlaya biləydik.
Kaş, kaş, kaş...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.