Keçid linkləri

Görəsən planetimiz fırlanmağı dayandırsa, nə baş verər?

NASA əməkdaşı Sten Odenwald bu halda planetin həyatında baş verəcək bir neçə dəhşətli hadisədən danışıb.

Əslində, insanlar bunu hiss etməsələr də, Yer kürəsi görünməmiş sürətlə hərəkət edir. Əgər qəflətən hansısa hadisə onun dayanmasına səbəb olarsa, onun səthində olan hər şey qoparaq ətalət üzrə şərq istiqamətində hərəkət edər. Bu zaman hərəkət sürəti ekvatorda 1300-1600 km/saat təşkil edər.

Təbii ki, belə bir sürətdən heç kim sağ çıxa bilməz.

Yerin cazibə qüvvəsi zəifləyərsə, okeanlar öz hövzələrindən çıxar, yaranan nəhəng sunami dalğaları bütün canlı aləmi məhv edər. Bunun ardınca vulkan püskürmələri baş verər, axan qaynar lavanın okean suları ilə birləşməsi nəticəsində nəhəng həcmdə zəhərli qaz ayrılar. Bu, planetin atmosferini məhv edər.

Yer kürəsinin atmosferi planetin fırlanma sürətinə (saatda 1800 km) davam gətirə bilməz. Bunun nəticəsində planet atmosferinin bir hissəsini itirər.

Nəticədə Yer kürəsində yaşayan insanlar və digər canlı varlıqlar fəlakətlərlə üz-üzə qalarlar. Bir sözlə, Yer planeti məhv olar.

Yer kürəsinin mövcud sürəti cəmi 1 km/saat artarsa, sözün əsl mənasında aləm qarışar.

Sən demə Yerin fırmanma sürəti planetin hansı hissəsində dayanmağımızdan asılıdır. Ekvator nahiyəsində Yer daha sürətlə fırlanırmış. Ekvator üzərində yerləşən hər hansı nöqtə 24 saat ərzində öz ilkin yerinə qaytmaq üçün, məsələn, planetin daha dar enliyində yerləşən Bakıya nisbətən daha uzun yol qət edir. Həmin uzun məsafəni "vaxtında çatdırmaq" üçün ekvator saatda təqribən 1670 km sürətlə hərəkət edir. Halbuki, Bakı daha yavaş, saatda 1516 km sürətlə hərəkət edir.

Əgər hipotetik olaraq Yerin fırlanma sürətini saatda cəmi bir kilometr artıra bilsək, qütblərdən su ekvatora doğru axar və bunun nəticəsində ekvatorda dəniz səviyyəsi bir neçə santimetr yüksələr. Coğrafi informasiya sistemi (GIS) kompüter proqramları hazırlayan ESRI şirkətinin təhlilçisi Vitold Frajek (Witold Fraczek) deyir ki, insanlar bunu bir neçə ilə hiss edə bilərlər.

Ancaq Yerin süni peyklərinin çaşqın hala gəlməsi dərhal hiss olunar. Geostasionar peyklər planetimizin ətrafında Yerin öz oxu ətrafında fırlandığı sürətə uyğun dövr edir. Məhz bunun sayəsində onlar daim eyni nöqtəyə tuşlanmış halda qala bilirlər. Planetin fırlanma sürəti 1 km/saat artarsa, peyklər daha öz əvvəlki yerlərində olmayacaq. Bu isə o deməkdir ki, peyk rabitəsi, teleyayım, hərbi və kəşfiyyat əməliyyatları yarımçıq kəsiləcək. Bəzi peyklərin sürətində düzəliş edim yeni şəraitə uyğunlaşdırmaq mümkün olsa da, digərlərini yerli-dibli dəyişmək lazım olacaq. Bu isə çox böyük xərc deməkdir.

Bütün bunlar insanların rahatlığını pozsa da, böyük bir fəlakətə səbəb olmaz. Ancaq sürət daha da artsa, vəziyyət həqiqətən də fəlakətli olar.

Yerin fırlanması nəticəsində yaranan sentrifuqa gücü daim planetin üzərindəki cismləri, o cümlədən bizi kənara atmağa çalışır. Bu, bir növ karuseldə fırlanan uşaqları xatırladır. Ancaq hazırkı vəziyyətdə qravitasiya o qədər güclüdür ki, bizi yerimizdə saxlayır. "Ancaq Yer daha sürətlə hərəkət etsə, sentrifuqa gücü daha da artacaq", - Sten Odenvald deyib.

Hazırda Şimal qütb dairəsində sizin çəkiniz 68 kiloqramdırsa, ekvatorda tərəziyə qaxsanız, 67,5 kq olduğunuzu görəcəksiniz. Bu ona görə belə olur ki, ekvator daha sürətlə hərəkət etdiyindən əlavə sentrifuqa gücü yaranır və qravitasiyaya bir qədər üstün gəlir.

Odenvaldın hesablamalarına görə, Yerin ekvatordakı fırlanma sürəti 28390 km/saata çatarsa sentrifuqa gücü o qədər böyük olar ki, son nəticədə insan (təbii ki, sağ qalsa) tamamilə çəkisiz olar.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG