Keçid linkləri

YALNIZ POROŞENKODAN SONRA...

Bu həftə çox maraqlı bir hadisə baş verməlidir. Həftənin ilk günlərində Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ prezidenti Donald Trampla görüşməlidir. Nə qədər qəribə olsa da, görüşün təfərrüatları yalnız bir aydan sonra, ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putinlə görüşəndən (əgər baş tutsa!) sonra açıqlanacaq.

Ukrayna prezidenti ötən il ABŞ-da keçirilən prezident seçkisi zamanı Hilari Klintonu dəstəkləmişdi və bu da Trampda ona qarşı bir qədər soyuq münasibət yaratmışdı.

Əslində Poroşenkonun Donald Trampla görüşü çoxdan planlaşdırılırdı. Hətta onun yubanmasını özəl məqamlarla bağlayanlar da vardı – məsələ bunda idi ki, Ukrayna prezidenti ötən il ABŞ-da keçirilən prezident seçkisi zamanı Hilari Klintonu dəstəkləmişdi və bu da Trampda ona qarşı bir qədər soyuq münasibət yaratmışdı.

Amma düşünmürəm ki, bu, əsas səbəb idi. Poroşenko Klintona dəstək verən yeganə xarici dövlət başçısı deyildi. Seçkilər vaxtı Tramp elə bəyanatlar verirdi ki, nəinki Poroşenko, hətta ABŞ-ın ən yaxın dostu və tərəfdaşı olan ölkələrin başçıları belə Hilari Klintona dəstək verirdi...

Xüsusən də Trampın rusofil bəyanatlarını nəzər alsaq, Poroşenkonu başa düşmək elə də çətin olmaz.

Böyük ehtimalla Trampın Poroşenko ilə görüşünün ləngiməsi daha çox birincinin tərəddüdlərilə, seçkiqabağı vədləri və ritorikası ilə bağlı idi - əminəm ki, bu gün də Tramp Poroşenkoya nə deyəcəyini axıra qədər müəyyənləşdirməyib, çünki o, hələ də özünün Rusiyaya yönəlik siyasətinə tam aydınlıq gətirməyib.

Bir tərəfdən buna ABŞ-da hazırda cərəyan edən proseslər mane olur, digər tərəfdən də Donald Trampın prezident seçilməsindən bir o qədər çox vaxt keçməyib, halbuki yazılmamış qaydalara görə artıq ilk yüz gündən sonra bütün istiqamətlər üzrə siyasət aydınlaşmalıdır, Trampın ilk yüz günü isə çoxdan keçib.

“İPİN UCU” AÇILIRMI?

Qərəz, Ağ Evdə “Rusiya tapmacası” hələ də qalır. Hərçənd, bu yaxınlarda ABŞ-ın dövlət katibi Reks Tillerson “Rusiya ilə Türkiyənin yaxınlaşmasından ölkəsinin narahat olduğunu” bildirmişdi. Əslində ABŞ-ın özünün Rusiya ilə bağlı siyasətindəki “tapmacalar” da camaatı az narahat etmir...

İndi bu “tapmaca”nın bir az çözülməsi vəd olunur. Trampın əvvəlcə Poroşenko, yalnız bundan sonra Putinlə görüşməyə qərar verməsi bir çox cəhətdən diqqətəlayiqdir...

İndi bu “tapmaca”nın bir az çözülməsi vəd olunur. Trampın əvvəlcə Poroşenko, yalnız bundan sonra Putinlə görüşməyə qərar verməsi bir çox cəhətdən diqqətəlayiqdir.

Birincisi, indi belə məlum olur ki, Tramp vəziyyəti Putindən deyil, Ukrayna prezidentinin bilavasitə öz dilindən öyrənmək istəyir. Bu isə bütün hallarda çox yaxşı haldır.

İkincisi, ABŞ hökuməti Ukrayna problemini çözmək üçün Minsk formatından da fərqli bir format aradığını heç də gizlətmir. Bu da o deməkdir ki, ABŞ hökuməti problemlə daha yaxından məşğul olmaq əzmindədir.

HƏTTA COĞRAFİYADAN “İKİ” ALAN AZƏRBAYCANLILAR DA...

Bəs bizim diqqətimizi bu məsələdə nə cəlb edir? Ukrayna ilə Rusiyanın münaqişəsi yaranandan sonra ümid etdik ki, bəlkə Kiyevlə münasibətlər Qərbin, xüsusən də ABŞ-ın Rusiyaya münasibətinin yeni konturlarını cıza bilər. Amma biz bunu ummaqda ikən ABŞ-da ötən ilki seçki prosesi baş verdi və hakimiyyətə Rusiya ilə daha kəskin münasibətərin tərəfdarı olan bir kimsə deyil, əksinə rusofil bəyanatları ilə hamını təəccübləndirən, böyük siyasətdən uzaq, qeyir-ordinar adam – Donald Tramp gəldi. Amma buna baxmayaraq hamı ümidini üzmür və hələ də səbrlə prosesin inkişafını gözləyir.

...kimə olmasa da, azərbaycanlılara Minsk sözü də, Minsk formatı da olduqca tanış bir məqamdır. Bir görün, neçə il keçib? Nə az, nə də çox, düz 25 il!

Bu, məsələnin yalnız bir tərəfidir. Digər bir tərəfi isə odur ki, kimə olmasa da, azərbaycanlılara Minsk sözü də, Minsk formatı da olduqca tanış bir məqamdır. Bir görün, neçə il keçib? Nə az, nə də çox, düz 25 il! Bu müddət ərzində insanların Minsk Qrupu deməkdən dilləri qabar olub, hətta coğrafiyadan “iki” qiymət alanlar da bilir ki, bəli, Minsk Belarusun paytaxtıdır və onun adı ilə təsis edilən bu beynəlxalq institut nə vaxtsa Qarabağ problemini də çözməlidir. Amma nə vaxt? Bax, bunu bəlkə də Vaşinqtonun, Moskvanın və Parisin siyasət mətbəxlərində bilirlər, amma dəqiq əminəm ki, Belarusun patytaxtında bununla bağlı çox kiçik də olsa, təsəvvür yoxdur...

Rusiya illərdir ki, böyük bir regionu “qara dəliyə” çevirib. Bu regiondakı bütün təşəbbüslər elə bu reginonun siyasət cəngəlliyində itib-batır, qeybə çəkilir. Düzdür, ABŞ rəsmiləri də, Fransa siyasətçiləri də, hətta digər Avropa ölkələri də Rusiyaya keçmiş SSRİ ərazisində heç bir mandat vermədiklərini deyirlər, amma de–fakto bu mandat var – heç kim cani–dildən MDB-dəki münaqişələrə baş qoşmaq istəmir və hamı təşəbbüsü Rusiyadan gözləyir, sanki bu region elə bir sirli məkandır ki, buranın dilini yalnız Rusiya bilir...

Bu vaxta qədər Amerika siyasətçiləri, eləcə də Avropa ölkələri özlərini elə göstərirdilər ki, sanki keçmiş sovet məkanı bir Baltikyanı ölkələrdən ibarətdir.

Ukraynada son proselsər başlayandan, Rusiya faktiki və yuridik olaraq Krımı ilhaq edəndən, Ukraynanın Şərqində vəziyyət gərginləşəndən sonra belə ümid yarandı ki, bəlkə “kobzarların ölkəsi”nin yaşadığı çətin anlar dünya ölklərinin, xüsusən də ABŞ-ın MBD-dəki proseslərin əsl mahiyyətinə gözünə açdı.

Bu vaxta qədər Amerika siyasətçiləri, eləcə də Avropa ölkələri özlərini elə göstərirdilər ki, sanki keçmiş sovet məkanı bir Baltikyanı ölkələrdən ibarətdir.

Bu ölklərə diqqətinə görə Vaşinqtona da, digər siyasi paytaxtlara da böyük “çox sağ ol!” düşür. Amma keçmiş SSRİ heç də təkcə Baltik ölkələri deyildir, Ukrayna da, Moldova da, Gürcüstan da və eləcə də Azərbaycan da vardı burada – bəli, “Minsk formatı” ifadəsini özünün bilavasitə “dəri”sində hiss edən Azərbaycan da...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG