Keçid linkləri

Kənd-şəhər problemi həmişə aktualdır.

Həmişə kəndlə şəhəri qarşı-qarşıya qoyublar.

Səbəbini anlamıram.

Hətta bu kənd-şəhər dilemması ayaq açıb gəlib çatdı ədəbiyyatımıza.

Kənd şairləri, kənd yazıçıları, kənd nəsri...

Məsələn, Əkrəm Əylisli, İsa Hüseynov kənd nəsri hesab olunur.

Şəhər nəsri anlayışını indinin özündə belə müzakirə edirlər.

Əcəba, bizdə şəhər nəsri varmı?

O gün dostumuz Şəhriyar del Gerani də kəndlə şəhəri qarşı-qarşıya qoymuşdu.

Ancaq bu dəfə ədəbiyyatdan kənar...

Deyir ki, kənddən, rayondan gələnlər tüpürür, söyüş söyür, ona-buna söz atır.

Ola bilər, dostumuz öz təcrübəsindən bu fikri bölüşür. Və facebook əhli də hər zamankı kimi əlinə balta alıb kiməsə hücum etməyə hazır-nazir dayanıb.

Şəhriyarla razılaşıb-razılaşmamağı bir kənara qoyuram. Sözsüz ki, o statusun ironiya ilə yazıldığını da bilirəm. Amma bəzi həqiqətlər var ki, onu ironiya ilə, bir az da qıcıqlandırıcı deməlisən.

Təsəvvür eləyin, Şəhriyarın bu statusu o qədər rezonans yaratdı ki, evdə bacım belə bu məsələyə öz fəlsəfi münasibətini ortaya qoydu: “Kənddən gələnlərə nolub ki? Əsas insanın xarakteridir”.

Zarafatla soruşdum ki, ay bacı, sən kənddən gəlməmisən, sənə nə olub?

Güldü, amma hiss elədim ki, ona da toxunub bu status.

Məsələni dərhal həssas qəlbim çözdü. Şəhriyarın bu məlum statusu niyə insanların sarı siminə toxunub.

Çünki biz şəhərliləşməmişik!

Yalnız hündür binalar, dəbdəbəli restoranlarla iş bitmir. Bəzən o hündür binalar bizi kədərləndirir, ordan özümüzü atırıq. Restoranları da, heç deməyin.

Şəhər yalnız bunlardan ibarətdirmi?

Ola bilsin, biz həmişə kəndli qalmışıq deyə şair dostumuzun sözləri bizə toxunur. Biz hələ də kənddə yaşayırıq. Şəhərin nə olduğunu bilə bilməmişik. Və bu qocaman kənddə azmanlarımız da var: tüpürənlər, söyənlər, sataşanlar.

Məsələ budur ki, olduğumuz yerdə sayırıq. Bir var kənddən gəlmək.... Həqiqətən gəlmək e... Gəlib şəhər dediyimiz bu kənddə özünü ifadə etmək. Bir də var, hələ də kənd təfəkküründə, region qafasında yaşamaq.

Kənd gözəldir, səfalıdır, təbiəti səni alıb aparır. Ancaq mədəniyyət, dünya görüşü, elm şəhərlə bağlıdır. Təfəkkür olaraq kənddə ilişib qalanlar şəhərimizi çirkləndirir. Ona görə şəhərimiz şəhər ola bilmir.

Ona görə hələ də şəhər nəsri anlayışı yoxdur bizdə.

Biz hələ də kənddə qalmışıq.

Özü də kəndin gözəl təbiətini, saflığını daşımırıq içimizdə.

Sadəcə kəndin geridə qalmış təfəkkürünü yaşatmağa çalışırıq.

Əsas məsələ budur!

İnsanın xarakterinin olması da başqa mövzudur.

Şəhriyar bəy yəqin ki, ironiyaya bulaşmış statusunda heç kimin heysiyyətinə toxunmayıb.

Sadəcə, bəzən sözlərə sıraya düzülmüş hərf kimi baxmaq lazım deyil.

Söz canlıdır, onun canındakını oxumaq gərək.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG