Keçid linkləri

Alimlər deyirlər ki, salmonella çöpləri beyində olan xərçəng hüceyrələrini yeməyə qadirdir. Onlar bu bakteriyalardan xərçənglə mübarizədə istifadə edilməsinin mümkünlüyü fikrini irəli sürürlər.

ABŞ-ın Duke Universitetinin alimləri deyirlər ki, adi şəraitdə 40% hallarda insanın ölümünə səbəb olan salmonella bakteriyası bəzi hallarda baş beynin onkoloji xəstəliklərinin müalicəsinə kömək edə bilər. Hərçənd, bundan ötrü bakteriyaya xüsusi qaydada təsir etmək, onu yenidən proqramlaşdırmaq tələb olunur. Yalnız bundan sonra bakteriyanın köməyilə xərçəng hüceyrələrinə hücum həyata keçirmək olar. Xərçəng hüceyrələri bu təsirdən ölə, insansa bu dəhşətli xəstəlikdən xilas ola bilər.

Alimlərin sözlərinə görə, yenidən proqramlaşdırılmış bakteriyalar insanın həzm sisteminə yox, beynin aqressiv onkoloji hüceyrələrinə hücum edir. Bu zaman yenidən proqramlaşdırılmış salmonella bakteriyalarının orqanizmə hər hansı zərərli təsiri qeydə alınmayıb. Onların xəstə beyin hüceyrələrinə təsiri isə kifayət qədər güclü olub.

Xərçəngin metastazı və ya aqressiv yayılması həkimlərin şişi cərrahi yolla götürməsinə imkan vermir və problemin daha kreativ həllini tələb edir. Belə bir həll yolunu işləyib hazırlamaq üçün alimlər Nortricdəki Kaliforniya Dövlət Universitetinin biologiya üzrə professoru David Bermudesin laboratoriyasında yetişdirilmiş salmonella çöplərinə müraciət ediblər.

Onlar bakteriya hüceyrələrində olan, onlar üçün həyati əhəmiyyət kəsb edən toksik purin zülalını götürüblər. Daha doğrusu bakteriyaların DNT-sini elə modifikasiya ediblər ki, bu vacib zülal bakteriyanın özündə yarana bilməsin. Xərçəng hüceyrələri isə purinlə zəngin olduğundan bakteriya həyatda qalmaq üçün onlara hücum edir.

Duke universitetinin tədqiqatçıları da bakteriyanın genomuna müəyyən dəyişiklik ediblər. Bu dəyişiklik nəticəsində salmonella bakteriyaları xərçəng hüceyrələrinə nüfuz etdikdən sonra burada p53 və Azurin zülallarını ifraz edirlər. Bu isə xərçəng heceyrəsinin ölümünə yol açır.

Bəs bu halda salmanella bakteriyaları sağlam beyin hüceyrələrini zədələyə bilərmi? Alimlər bunun da qayğısına qalıblar. Bakteriyalar sağlam hüceyrələrə nüfuz etdikləri zaman p53 ifraz etmirlər.

“Yalnız oksigenin miqdarının az olduğu nahiyələrdə bu protein işə düşəcək. Əksər hallarda beyində oksigenin sıxlığı yüksək olur. Yalnız şişin sürətlə böyüdüyü nahiyələrdə oksigen qıtlığı olur", - tədqiqatın rəhbəri Ravi Bellamkonda deyir.

Tədqiqatçılar qeyd edirlər ki, gələcəkdə insan orqanizmində mövcud olan təhlükəli hüceyrələrə nöqtəvi təsir göstərə bilən salmonellanın köməyilə xərçəngə qalib gəlmək mümkün olacaq.

Bakteriyanın xərçəng hüceyrələrinə nüfuz etməsi nəticəsində insanın immun sistemi xərçəng hüceyrələrini hədəfə alaraq onlara hücum etməyə başlayır.

Məsələ burasındadır ki, adi halda orqanizmin immun sistemi xərçəng hüceyrələrini bədən üçün "yad" hesab etmir və onlara hücum etmir.

Cənubi Koreyanın Chonnam Milli Universitetində aparılmış təcrübə də müsbət nəticələr verib. Xərçəngə tutulmuş siçanlar bu bakteriyanın köməyilə sağaldılıb.

Universitetin professoru Joon Haeng Rhee deyir: “Biz hesab edirik ki, bu, şişə kömək edən immun hüceyrələrini şişi öldürən hüceyrələrə çevirir".

Bu ilk dəfədir ki, alimlər bədənin immun sisteminin salmonella bakteriyasına cavab reaksiyasından xərçənglə mübarizə üçün istifadə edirlər.

Əslində alimlər bu kəşfi təsadüf nəticəsində ediblər. Onlar molyusklara hücum edən bakteriyaların güclü immun reaksiyaya səbəb olduğunu aşlar ediblər.

Dəyişdirilmiş, yenidən proqramlaşdırılmış salmonella da həmin proteini ifraz edərək immun sistemi aktivləşdirir.

“Müəyyən bakteriya növlərinin, o cümlədən salmonella çöplərinin normal hüceyrələrə toxunmadan şiş hüceyrələrində böyüyüb çoxala bildiyi məlum idi. Ancaq bu vaxta qədər istər laborator, istərsə də kliniki şəraitdə bu baktriyalardan xərçəngə qarşı terapiyada istifadə etmək cəhdləri o qədər də uğurlu olmayıb”, - Londondakı Xərçəng Tədqiqatı İnstitutundan professor Kevin Harrington deyir.

Daha öncə alimlər üzüm çəyirdəyinin xərçəngi sağalda biləcəyini sübut etmişdilər.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG