Keçid linkləri

Təcili xəbərlər

Velosiped sürmək stresdən qurtulmağa kömək edir


Müasir dövrdə bir çox ölkələrdə insanların əsas stres mənbələrindən biri işdir. Ancaq alimlərin apardıqları yeni tədqiqatın nəticələrinə görə, iş yerində yaranan stresi azaltmaq və ya yox etməyin asan bir yolu var. Söhbət velosiped sürməkdən gedir.

Kanadanın Konkordia Universitetindən olan tədqiqatçılar aşkar ediblər ki, işə velosipedlə gedən şəxslər işə maşınla gedən adamlara nisbətən daha az stres keçirirlər.

Tədqiqatın aparıcı müəllifi, Konkordia Universitetinin John Molson adına Biznes məktəbinin əməkdaşı Stéphane Brutus və həmkarları bu yaxınlarda apardıqları bu tədqiqatın nəticələrini "International Journal of Workplace Health Management" jurnalında dərc etdiriblər.

İş yerində həddindən artıq yüklənmə, münaqişələr və maaş azlığı insanların iş yerində üzləşdikləri stresin mənbələrindən sadəcə bir neçəsidir və göründüyünə görə bizim bir çoxumuz onun qurbanlarıyıq.

Amerika Psixologiya Assosiasiyasının 2012-ci ildə keçirdiyi rəy sorğusu nəticəsində məlum olub ki, ABŞ-da yaşayan yetkin insanların 65%-i işi stresin ən böyük mənbəyi hesab edirlər. Ölkə əhalisinin 1/3-dən çoxu isə iş həyatından qaynaqlanan xroniki stresdən əziyyət çəkdiyini bildirib.

Bu azmış kimi, ABŞ-da iş həyatından qaynaqlanan stresdən əziyyət çəkən əhalinin yalnız 36%-i işəgötürənin bu vəziyyətin aradan qaldırılması üçün kifayət qədər kömək təklif etdiyini bildirib.

Ancaq aparılan yeni tədqiqatın nəticələrindən belə görünür ki, sadəcə işə gedərkən avtomobildən velosipedə keçməklə işçilərin özləri üzləşdikləri stresi əhəmiyyətli dərəcədə azalda bilərlər.

Tədqiqat zamanı Brutus və həmkarları onlayn sorğu alətindən istifadə edərək "Autodesk" adlı qurumda çalışan 123 yetkin şəxs haqqında məlumat toplayıblar. "Autodesk" Kanadanın Ontario əyalətində yerləşən kompüter şirkətidir.

Sorğuda işçilərdən işə hansı nəqliyat vasitəsi (velosiped, avtomobil, ictimai nəqliyyat və s.) ilə gəldikləri soruşulub. Bundan başqa onlara üzləşdikləri stresin səviyyəsi və əhval-ruhiyyələri barədə suallar verilib.

Hər bir əməkdaşdan sorğunun suallarına səhər işə gəldikdən sonrakı ilk 45 dəqiqə ərzində cavab vermək xahiş olunub.

"Bu yaxınlarda aparılmış tədqiqat nəticəsində məlum olub ki, səhər tezdən yaranan stres insanın gün ərzində yaşayacağı əhvalı müəyyən edir. O, insanın gün ərzində baş verəcək hadisələri necə qavrayacağını, yozacağını və gün ərzində necə hərəkət edəcəyini müəyyən edir", - Brutus deyir.

İşə velosipedlə gələn işçilərin işə gəlib çatdıqdan sonrakı ilk 45 dəqiqə ərzində verdikləri cavablardan belə məlum olub ki, onlar gün ərzində işə avtomobillə gələn həmkarlarından daha az stres keçirirlər.

Ancaq tədqiqatçılar işə avtomobillə və ictimai nəqliyyatla gələn əməkdaşların üzləşdiyi stres səviyyələri arasında hər hansı bir fərq aşkar etməyiblər.

Tədqiqatçılar sözügedən məqalədə velosipedçilərin sürücülərdən daha az stres keçirməsinin səbəbini izah etməyiblər. Ancaq bundan öncə aparılmış bir tədqiqat nəticəsində məlum olub ki, bu, velosiped sürmə zamanı insan bədəninin məruz qaldığı fiziki hərəkətlə bağlıdır. Fiziki hərəkətsə, bildiyimiz kimi, stresin səviyyəsini azaldır.

Ancaq stresdən qurtulma velosiped sürməyin yeganə faydası deyil. Bu yazıda alimlər Nəqliyyat və İnkişaf Siyasəti İnstitutunun apardığı başqa bir tədqiqata istinad ediblər. Həmin tədqiqat nəticəsində məlum olubmuş ki, maşından velosipedə keçmək nəticəsində havaya buraxılan karbon qazı tullantılarını 11 faiz azaltmaq mümkündür.

Konkordia Universitetinin alimləri ümid edirlər ki, onların apardıqları tədqiqat velosiped sürməyin faydalarına dair əvvəlki araşdırmalarla birlikdə ictimai səhiyyə və nəqliyyat siyasəti ilə məşğul olan qurumları maarifləndirməyə və məlumatlandırmağa kömək edəcək.

"Nəqliyyat sıxlığı ilə bağlı artmaqda olan narahatlığı nəzərə alsaq, hökumətlər insanları get-gedə daha çox motorsuz nəqliyyat alternativlərindən istifadə etməyə, piyada gəzməyə və velosiped sürməyə həvəsləndirirlər", Stéphane Brutus deyir.

XS
SM
MD
LG