Keçid linkləri

Nərmin Kamal

Bir neçə gündür ki, şeir oxuyuram. Dövrümüzün görkəmli şairlərinin şeirlərini. Ted Kooser-dən sonra Mary Oliver-də dayandım. Onun "Niyə mən səhər tezdən oyanıram" və başqa şeir kitablarını oxuyuram. Elə bunları yaza-yaza "Meşədə yatmaq" şeirinin ovsunu içindəyəm.

Mary Oliver-in fotolarına baxıram, görürəm bir çox fotolarda əllərini ciblərinə salıb. Öz-özümə onunla zarafat edirəm, deyirəm, əllərini cibinə ona görə salıb ki, cibindən beş şair çıxarar.

Təbiətdən yazır Mary Oliver. Meşədən, çöldən, səmadan, yağışdan, qardan, hisslərdən.

"Gözəl" sözünü işlətmədən elə gözəl mənzərələr cızır ki, oxuduqca ürəyimin içinə elə bil külək girir.

Elə bilirəm bütün dərim pəncərələrdir, bu şeirləri oxuduqca dərimdəki pəncərələr açılır.

Çox təmizləyir adamı həqiqi poeziya, bütün hisslərin yerini sevgiylə doldurur, hər şeyə, bütün dünyaya sevgiylə.

Həqiqi poeziya böyük sözlər işlətməyən poeziyadır. Gözəllik, qadın, dünya, ölüm, tale, ömür... - belə böyük sözlərin içlərində sanki kiçik sözlər, söz-molekullar var, elə kiçik sözlərlə böyük şeirlər yaratmaqdır həqiqi poeziya.

Mary Oliver həqiqi şairdir.

İndi süni intellekt, Sofiya robot, texniki inkişafın zirvələrində dolaşan dünya, tez-tez deyirlər ki, belə bir dünyanın gələcəyində poeziya öləcək.

İkinci Dünya Müharibəsindən sonra da deyirdilər ki, Osventsumdən sonra şeir yazmaq əxlaqsızlıqdır.

Amma elə Osventsumdən sonra dünyanın şeirə ehtiyacı var. Şeirin qədrini elə ən çox gələcək insanlar biləcəklər.

Azərbyacanda çox xoşlayırlar ölümü, intiharı, bədbəxtliyi tərənnüm edən şairləri.

Bu dünyanın beş günü var, beşi də qara - deyir bizim şairlərimiz. Adamların ruh halına uyğundur bu poeziya.

Heyiflər olsun ki, əksəriyyət məişət qayğılarını, sosial problemləri - həyatın özü sanır, yeganə zövqü - seks sanır, xoşbəxtliyi - məqsədə çatmaq sanır.

İndi deyəcəksiniz ki, dörd bir yanımızda müharibə, qan, yoxsulluq, insan insana canavar, nəyi gözəldir dünyanın.

Mən yenə deyirəm, şeir oxuyun. Mary Oliverin beş-on şeirini oxuyun. Ən məşhur bənzətməylə desəm, bu, kompüterin proqram versiyasını yeniləmək kimi olacaq.

Dünyanı qaramat görmək dünyanı insan cəmiyyəti ilə eyniləşdirməkdən doğan baxışdır, amma dünya həm də təbiətdən ibarətdir.

Təbiəti həmişə qadınla, sivilizasiyanı kişi ilə eyniləşdiriblər.

Təbiət yabanı, kişi mədəni sayılıb. Təbiət - duyğu, sivilizasiya - ağıl hesab olunub.

Təbiəti necə istifadə edib atıblarsa, qadını da elə istifadə edib atıblar.

Dənizinin sahilində qarpızı, pomidoru yeyib, atıb gediblər, meşədə ocaq qalayıb qaraldıb çıxıb gediblər, qadınla da elə rəftar olunub.

Qadına da öz dünyaya gətirdiləri edib bu pisliyi, təbiətə də öz övladları. Qadın da, təbiət də bu yanaşmanın dəyişməsiylə xilas olacaq.

Mary Olivery deyir,

Səhər sahilə enirəm,

saatdan asılı olaraq dalğalar qabarır və çəkilir

və mən ah çəkib deyirəm:

-Necə də yazığam

Neynim, necə edim?

Dənizsə

öz qəşəng səsiylə deyir:

"Bağışlayın. Əlimdə işim var."

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG