Keçid linkləri

Son bir ayda sosial şəbəkələrdə ilk baxışda bir birilə əlaqəsi görünməyən iki mövzu ətrafında qızğın müzakirələr getdi, bir birini inkar edən və dinləmək istəməyən qruplara bölündü sosial şəbəkədəkilər. Bu mövzular “rus dili” və “Bakılı” mövzularıdı. Əslində təsadüfi görünsə də bu mövzuların bir birilə birbaşa əlaqəsi var. Bu barədə sonda.

Təmiz bakılılarla ən kiçik yaşlardan dostluq qurmağıma heç nə mane olmayıb və ən yaxın dostlarım çox vaxt bakılı və ya dağlılar olub. Əslən öz yerlilərimlə məqsədli şəkildə münasibət qurmaq ağlımdan keçməyib, bu kriteriya olmayıb...

Bakıda doğulmuşam, amma heç vaxt Bakılı kimi qəbul edilməmişəm, ailəm və onun olduğu bölgənin təsiri, ləhcə və psixologiyasının üzərimdə təsiri güclü olub, ona görə özümü də klassik bakılı hesab etməmişəm. Buna görə heç vaxt kompleks hiss etməmişəm, əksinə əslimlə fəxr etmişəm. Bilmirəm, bəlkə də övladlarım gələcəkdə başqa cür olacaq. Təmiz bakılılarla ən kiçik yaşlardan dostluq qurmağıma heç nə mane olmayıb və ən yaxın dostlarım çox vaxt bakılı və ya dağlılar olub. Əslən öz yerlilərimlə məqsədli şəkildə münasibət qurmaq ağlımdan keçməyib, bu kriteriya olmayıb, ona görə dostlarımın içində onlardan 2-3 nəfər olub ya yox, onlar da ki, əvvəl insan kimi hörmət qazanıb dostlaşıb sonradan bilmişəm yerliklərini.

Problemim isə həmişə özünü dartan, arrogant, özünü xüsusi kasta hesab edən, digərlərinə yuxarıdan aşağıya baxan istənilən şəxslə (qrupla yox) olub, onların içində o cümlədən özünü bakılı hesab edən, Azərbaycanın yalnız tarqovıdan ibarət olduğunu düşünən “qaquliklər” də olub. Axtarsan onların bəzilərinin mənşəyi isə Bakıda 50 ildən o tərəfə getmir, heç əslən bakılılar Bakının o qədər “təəssübünü” çəkmir.

Özümü mental olaraq bakılı hesab etməməyim isə o demək deyil ki, bu şəhərin mənim, ailəmin və xalqımızın həyatında oynadığı rolu danım. Bunu heç kim dana bilməz, danmaq sadəcə qanmazlıqdır.

Özümü mental olaraq bakılı hesab etməməyim isə o demək deyil ki, bu şəhərin mənim, ailəmin və xalqımızın həyatında oynadığı rolu danım. Bunu heç kim dana bilməz, danmaq sadəcə qanmazlıqdır. Bakıya minnətdaram, çünki, valideyinlərim eləcə də Azərbaycanın ən müxtəlif guşələrindən və ən ucqar yerlərindən olan yüzminlərlə insanlar bu şəhərə gələrək, təhsil alıb, inkişaf edib, bu günlərə gəlib çatıb. Mən bu şəhərdə təhsil almışam, və məhz bu şəhərdəki təhsilimlə daha sonra gedib Amerikalarda oxumuşam.

Azərbaycanın ən müxtəlif ucqar bölgələrindən olan insan kütləsi Bakıya gələrək məhz burada vahid xalq olub. Bakı birləşdirici funksiya daşıyaraq, Azərbaycanın müxtəlif bölgələrində tarixən formalaşmış mental fərqliliklərin, yerlipərəstliyin, baryerlərin, feodal düşüncənin sıradan çıxdığı, millətin formalaşdığı yerdir. Bu prosesin bəzən zəif getdiyini düşünsəniz də, gedir. Və məhz bu prosesin gedişi gələcək inkişafımızı müəyyən edəcək.

İnkişaf etmiş cəmiyyətlərdə insanlar müəyyən ideyalar ətrafında qruplaşır və siyasi mübarizələr də ideyalar ətrafında gedir. Geridə qalmış cəmiyyətlərdə isə insanlar yerlipərəstlik və digər feodal mənsubiyyətlər ətrafında qruplaşır və mübarizə aparır.

İnkişaf etmiş cəmiyyətlərlə geridə qalmış cəmiyyətləri müqayisə etsəniz bir qanunauyğunluğu görəcəksiniz. İnkişaf etmiş cəmiyyətlərdə insanlar müəyyən ideyalar ətrafında qruplaşır və siyasi mübarizələr də ideyalar ətrafında gedir. Geridə qalmış cəmiyyətlərdə isə insanlar yerlipərəstlik və digər feodal mənsubiyyətlər ətrafında qruplaşır və mübarizə aparır. Əgər birinci halda mübarizə debat, müzakirə, mühakimə və insanları öz ideyalarına inandırmaq üzərində qurulursa, digərində mübarizə daha çox fiziki zorakılıq üzərində qurulur. Nümunə kimi sadəcə baxın Yaxın Şərqin feodal ictimai sturkturu olan ölkələrdə son ildə baş verənlərə. Əvvəl baxın şəhər/kənd əhalisi nisbətinə.

Bundan sonra tarixi təhlil etsəniz görərsiniz ki, Yaxın Şərqdəki feodalizmin qalıqlarının aradan qaldırılması və modernləşmə üçün milliyyətçi və sol layihələr iflasa uğrayandan sonra bu gün bölgənin insanları feodal-klan sisteminin fövqündə daha üst kimlik axtarışında dini cərayanları necə seçirlər. Milliyyətçilərin, solçuların və liberalların burada ictimai dayaqlar tapa bilməməsinin əsas səbəblərindən biri isə burada şəhərləşmənin, sənayenin və iqtisadiyyatın zəif olması eləcə də işçi kütləsinin zəif olmasıdır. Həmin bölgədəki feodalizmin mahiyyəti haqqında təsəvvür əldə etmək üçün, Türkiyənin məşhur mərhum aktyoru Kemal Sunalın (Şaban) ölkənin şərqindəki ağa-rəiyyət münasibətlərini satirik şəkildə tənqid edən onlarla filmlərini (Faşo ağa) gözünüzün önündə canlandırın və həmin filmlərdəki münasibətləri bütün Yaxın Şərqə proyeksiya edin. Başqa sözlə, Türkiyənin bu gün şərqindəki dini radikalizmin və qanlı etnik separatizmin səbəblərini vaxtilə Kamal Sunal öz filmlərində açıq şəkildə göstərmişdir.

...bu gün dünyanın ən ağıllı xalqı hesab edilən yəhudilər, İsraildən qovulandan sonra minillərlə ancaq dünyanın müxtəlif şəhərlərində yaşadılar, torpaq sahibi olmadılar, kənd təsərrüfatı ilə məşğul olmadılar, şəhərlərdə sənətkarlıq, elm, bankçılıq, ticarət və başqa sahələrlə məşğul oldular. Eləcə də, ermənilər...

Şəhər, şəhərləşmə və urbanizasiya proqresdir, tarixi inkişafın başqa yolu yoxdur. Baxın, bu gün dünyanın ən ağıllı xalqı hesab edilən yəhudilər, İsraildən qovulandan sonra minillərlə ancaq dünyanın müxtəlif şəhərlərində yaşadılar, torpaq sahibi olmadılar, kənd təsərrüfatı ilə məşğul olmadılar, şəhərlərdə sənətkarlıq, elm, bankçılıq, ticarət və başqa sahələrlə məşğul oldular. Eləcə də, ermənilər, əsasən şəhərlərdə yaşadılar. Ona görə də ən yaxşı sənətkarlıq, bankçılıq, elm, tibb və başqa sahələr nəsildən nəsilə keçən ənənələrlə onlarda oldu.

Eləcə də, baxın bu gün dünyanın inkişaf etmiş ölkələrinə, kənd əhalisi maksimum 10%-dən uzağa getmir, bəzilərində isə 2-3% olur. Yəni, cəmi 2-10% əhali qalan əhalini nəinki kənd təsərrüfatı ilə təmin edir, hətta istehsal etdiyi məhsulları ixrac edir. Bizdə isə təxminən 40% kənd əhalisi ÜDM-nin nə qədərini verir? Bundan əlavə arada vaxt olanda youtube’da Almaniyada, Hollandiyada, Belçikada və b. fermer təsərrüfatları ilə məşğul olan “kəndlilərin” ayrı-ayrı məhsulları necə istehsal etmələri haqqında videolara baxıram. Baxıram və onların bizim tarqovıda lüks geyinənlərindən daha yaxşı geyinmiş, top kimi görünən “kəndlilər”i ilə bizim günün altında kor-koranə orta əsr qaydaları ilə işləyən, günün altında qap-qara yanmış kəndlilərimizlə müqayisə edirəm. Yəni, kəndin və kəndlinin həyat standartlarının şəhər səviyyəsinə çatması inkişafın əsas göstəricisidir.

Bununla yanaşı onu da bilməliyik ki, biz gələcəkdə inkişaf etdikcə kənd əhalisinin ümumi nisbətdə payı daha da azalacaq, insanlar şəhərlərə axışacaq. Bu başqa cür ola da bilməz, inkişafın başqa yolu yoxdur. Amma burda məsələ çıxır, bu şəhər təkcə Bakı olmamalıdır. İdealda inkişaf etmiş ölkələr kiçik şəhərlər ölkəsi olur (İsrail, Almaniya kimi) və funksiyalar bu şəhərlər arasında bölünür. Yəni, bir şəhər siyasi, digəri iqtisadi, digərləri, logistik, mədəni, intellektual və iqtisadiyyatın ayrı ayrı sahələri üzrə olur. Bu Azərbaycan miqyasında 15-20 150-250 min arasında və daha kiçik müxtəlif bölgələrdə olan şəhərlərin olması deməkdir. Və ya məsələn Azərbaycanın bir şəhərində ən yaxşı iqtisadiyyat, digərlərində tibb təhsili, hüquq, bizness, informasiya texnologiyaları üzrə təhsil mərkəzləri olur. Ölkənin daxilində müxtəlif istiqamətləri üzrə daxili mobillik (internal mobility) olur ki, ölkənin ən müxtəlif ucqarları bir birinə bağlanır. Bir mərkəz olanda isə əhali kütləsi yalnız bir istiqamətdə hərəkət edir, digər hissələri isə əhalisiz qalır.

Azərbaycanın şimalı Rusiya tərəfindən işğal ediləndən sonra belə alındı ki, ölkənin tarixən ən mühüm siyasi və iqtisadi mərkəzləri cənubda qaldı, şimalda qalan kiçik əyalət şəhərləri isə azı bir neçə yüz il əvvəl öz siyasi və mədəni mərkəzini itirmiş inzibati mərkəzlər idi ki, qısa müddət sonra xanlıqların mərkəzləri olmuşdu.

Dediyim kimi şəhərlər istənilən toplumlar üçün proqresin lakomotivi olmaqla, ictimai, milli və mədəni fikrin inkişafın formalaşmasının əsas mərkəzləri olub. Azərbaycanın şimalı Rusiya tərəfindən işğal ediləndən sonra belə alındı ki, ölkənin tarixən ən mühüm siyasi və iqtisadi mərkəzləri cənubda qaldı, şimalda qalan kiçik əyalət şəhərləri isə azı bir neçə yüz il əvvəl öz siyasi və mədəni mərkəzini itirmiş inzibati mərkəzlər idi ki, qısa müddət sonra xanlıqların mərkəzləri olmuşdu. Azərbaycanın şimalında əhəmiyyətli şəhərin olmaması öz mənfi təsirini sonra göstərdi. Azərbaycanın ictimai və milli şüuru əvvəl Tiflisdə formalaşmağa başladı, sonra bu mərkəz neft sənayesinin inkişafından sonra əvvəl heç zaman ümummilli əhəmiyyət daşımamış Bakıya köçdü.

Bakı isə neft resurslarına görə əvvəl çar Rusiyasının və sonra sovetlərin xüsusi siyasət obyekti oldu. Bakı şəhər kimi canlanmağa başlayanda ilk əvvəl onun əsas lakomotiv əhali kütləsi azərbaycanlılar olmadı, Rusiya imperiyasının müxtəlif ucqarlarından gələn ayrı-ayrı xalqların nümayəndələri oldu ki, o, bir internasional şəhər oldu. Yəqin ki, bilirsiniz ki, onun internasional tərkibinə görə hətta 50-60-cı illərdə Moskvada Bakının Azərbaycandan ayrılaraq RSFR-ə tabe etdirilməsi belə müzakirə olunub. Bakı daha sonra kəmiyyətlə Azərbaycanlılaşdı, hələ də keyfiyyətlə Azərbaycanlılaşmadığı isə tənqid və ya iddia mövzusudur.

Bakı çar Rusiyasının və sovetlərin imperiyanın digər şəhərlərində olduğu kimi assimilyasiya siyasətinin əsas vasitələrindən biri idi. Burada rus dilli təhsillə assimliyasiya siyasəti daha asan gedirdi, çünki, əhali nisbətində digər (rusdilli) xalqlar çox idi. Amma rus dilində təhsil eyni zamanda digər effekt də doğururdu. Məhz həmin təhsil manqurtların yetişdirilməsi məqsədilə qurulsa da, sonradan məhz bu təhsildən bu xalqın ən vətənpərvər və qabaqcıl övladları çıxdı. Bu bir cavab dirəniş özünü qoruma instinkti idi. Bu digər kolonial xalqlarda belə olub, İndira Qandidən tutmuş digər azadlıq hərəkatları liderləri metropoliya təhsili və ya metropoliya dilli təhsil almışdı. Baxın, Topçubaşov başda olmaqla birinci Cümhuriyyətin bütün üzvlərinin dövlət yazışmalarında hansı dildən istifadə etdiklərinə. Eləcə də, bu gün Bakıda doğulmuş rus dilində təhsil almış, danışıqlarında rus dilindən istifadə edən onlarla insan tanıyıram ki, ölkəmizə və dövlətimizə sevgilərinə və sədaqətlərinə zərrə qədər şübhəm yoxdur. Əlbəttə, özünü tapa bilməyən, hansısa nostalgiyalarla yaşayan, yarımçıq qalmış assimliyasiya prosesinin qurbanları da var. Keçəcək.

Ekologiya mədəniyyətimiz, düşüncəmiz və ətraf mühitə hörmətimiz sıfırın aşağısındadır. Küçəyə zibil atan adama qarşı bir bakılıdan daha çox aqressivəm.

Bakıdan tək şikayətim var. O, da iqlimidir. Üstəlik bu iqlimdə bu qədər əhali kütləsinin bir yerə toplanması və onların onsuz da iqlimi əlverişsiz olan ekologiyasını da ağırlaşdırmasıdır. Ekologiya mədəniyyətimiz, düşüncəmiz və ətraf mühitə hörmətimiz sıfırın aşağısındadır. Küçəyə zibil atan adama qarşı bir bakılıdan daha çox aqressivəm. Bakıdan məncə bu əhali yükü gələcəkdə götürülməlidir. Bunu bu istilərdə daha yaxşı dərk etmək lazımdı. Təkcə istilər deyil, rütubət. Vallah, sadəcə elmi jurnallarda “humidity and public health” axtarışı verin, görün insanların kütləvi sağlamlıqlarına, psixoloji vəziyyətlərinə, eləcə də iqtisadiyyata rütubət və isti necə mənfi təsir göstərir. Misallar, http://journals.plos.org/plosone/article… ;http://www.sciencedirect.com/…/article/pii/S2214999615012151 ;http://onlinelibrary.wiley.com/doi/10.1111/ina.12052/full ;http://climate.ncsu.edu/edu/health/node/1186

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG