Keçid linkləri

2016-cı ildə keçirilən ABŞ prezidentinin seçkiləri nəticəsində İkinci Dünya Müharibəsindən sonra mövcud olan və qlobal stabilliyin təminatçısı kimi mühüm əhəmiyyət kəsb edən geosiyasi konstruksiya sürətlə dağılmaqdadır. Belə ki, əvvəllər də geniş müttəfiq düşərgəsinə malik olan, SSRİ dağıldıqdan sonra isə bu düşərgəni bir qədər də genişləndirən və həm də öz hərbi-siyasi müttəfiqlərinin təhlükəsizliyinin əsas təminatçısı kimi çıxış edən Amerika Birləşmiş Ştatlarının mövcud administrasiyası indi səylərini daha çox ölkənin daxili məsələlərinin həllinə yönəltməkdədir.

Hələ Barak Obama administrasiyası dövründə başlayan bu yeni siyasi tendensiyanın Donald Tramp tərəfindən daha qabarıq və sistemsiz şəkildə davam etdirilməsi müşahidə olunmaqdadır. Əvvəllər tərəfdaşları üçün etibarlı təminatçı rolunda çıxış edən ABŞ bu gün az qala onların rəqibinə çevrilir. Ən azı hələlik, iqtisadi cəhətdən bu, məhz belədir. Tramp administrasiyasının yürütdüyü və heç bir strateji vektoru olmayan sistemsiz xarici siyasət son 70 ildə ABŞ-ın ən yaxın iqtisadi və hərbi müttəfiqi olmuş Avropa ölkələrində çaşqınlıq yaratmaqla yanaşı, həm də Avropa Birliyinin Fransa və Almaniya kimi aparıcı ölkələrinin siyasi rəhbərliyini Avropanın öz xarici siyasət konsepsiyasının yaradılması üzərində düşünməyə vadar edir.

ABŞ-ın Avropadakı ən yaxın müttəfiqlərindən sayılan Almaniyanın kansleri Angela Merkelin NATO sammitindən həmən sonra səsləndirdiyi "Biz artıq heç kəsə güvənə bilmərik və Avropa öz müqəddəratını özü həll etməlidir" bəyanatı və bir qədər sonra "Fransa və Almaniya Avropanın mühərriki rolunu öz üzərinə götürməlidir" mesajını təkcə seçkiqabağı populist çıxış kimi dəyərləndirmək yanlış olardı. Şübhəsizdir ki, məhz bu tip bəyanatların ardınca keçirilən rəy sorğuları xanım Merkelin və onun rəhbərlik etdiyi Xristian Demokratik İttifaqının reytinqinin sürətlə yüksələrək bu partiyanın payızdakı federal seçkilərdə inamlı qələbə çalacağını üzə çıxardı. Amma məsələyə bir qədər fərqli rakursdan baxdıqda bunu həm də alman cəmiyyətində mövcud olan siyasi ab-havanın göstəricisi kimi anlamaq olar.

Görünür, Tramp administrasiyasının Avropaya yönəlik siyasəti fonunda ictimai rəyin ABŞ-Almaniya münasibətlərində yer alan yeni tendensiyaları necə dəyərləndirməsi məsələsində təcrübəli lider xanım çox da yanılmamışdı. Başqa sözlərlə, bəyanatların verəcəyi effekt seçkiqabağı təbliğat baxımından da dəqiq hesablanmışdı.

Digər tərəfdən, prezident seçkisi ərəfəsində Rusiya ilə münasibətləri yaxşılaşdırmağı vəd edən Donald Tramp Ağ Evə sahib olduqdan sonra bu vədin reallaşdırılmasının düşünüldüyü qədər də asan olmayacağını qəbul etməkdədir. Yeni prezidentin bu istiqamətdə atmaq istədiyi bütün addımlar təkcə rəqib Demokratlar partiyasının deyil, onun sədri olduğu və Konqresin hər iki palatasında söz sahibi olan Respublikaçılar partiyasının əsas liderləri tərəfindən də sərt və ardıcıl müqavimətlə üzləşdi. Bu fonda Tramp administrasiyası öz xarici siyasətində hələlik 2 vektor üzrə hərəkət etməyə məcburdur - Yaxın Şərq və Sakit okean hövzəsi. Başqa sözlə, Suriya və Şimali Koreya. Lakin bu istiqamətlərdə də Vaşinqtonun xarici siyasəti sistemli və ardıcıl görünmür. Xüsusilə də Yaxın Şərq siyasəti. Amma Suriyada gah Əsəd ordusuna, gah da onun opponentlərinə qarşı sərt addımlar atan Vaşınqtonun bu ölkəyə dair siyasətinin konturları belə aydın görünmür. Digər tərəfdən də ABŞ-ın bölgədə əsas müttəfiqləri kimi İsraili, Səudiyyə Ərəbistanını və Misiri görməsinin öz-özlüyündə xeyli ziddiyyətlər doğurması azmış kimi, Suriyada kürd silahlı qruplarının silahlandırılması hımin ziddiyyətləri bir qədər də dərinləşdirir.

Bu gün öz təsirini Yaxın Şərqə yaymağa çalışan Rusiya isə öz növbəsində bölgənin ən önəmli ölkəsinin Türkiyə olduğunu yaxşı anlayaraq Ankara ilə münasibətlərə xüsusi həssaslıqla yanaşır. Vaşinqton NATO üzrə müttəfiqinin milli təhlükəsizliyinə təhdid yaradan kürd silahlılarına dəstək verməklə sanki Türkiyə-Rusiya ittifaqının yaranmasına təkan verir. Təsadüfi deyil ki, Qətər böhranı zamanı ABŞ birmənalı olaraq Səudiyyə Ərəbistanını və onun müttəfiqlərini dəstəkləsə də, Türkiyə açıq şəkildə Qətəri müdafiə mövqeyini tutdu və bu, özünü təkcə Dohaya siyasi və iqtisadi deyil, həm də hərbi dəstək şəklində ifadə etdi.

Mövcud şəraitdə bölgədə həmçinin Rusiya-Türkiyə-İran əməkdaşlığının güclənməsi ehtimalı artır ku, bu da Yaxın Şərqdə əvvəlkilərdən tamamilə fərqli geosiyasi mənzərənin yaranması demək olardı. Digər tərəfdən də Pakistanın və həmçinin Küveyt, Oman kimi körfəz ölkələrinin də Qətər böhranında ehtiyatlı mövqe nümayiş etdirməsi, “Müsəlman NATO-su” kimi təqdim edilən hərbi alyansdan məsafələşməsi Vaşinqtonun onsuz da solğun görünən Yaxın Şərq müttəfiqlik formatında daha ciddi boşluqlar yarada bilər.

Lakin problem bununla da bitmir. Belə ki, ABŞ-ın Yaxın Şərq müttəfiqlərinin ən azı ikisi - İsrail və Səudiyyə Ərəbistanı supergüclə müttəfiqliyi həm də İranı cilovlamaq imkanı kimi nəzərdən keçirərək, bu istiqamətdə böyük ğözləntilər qurur. Prezident Donald Trampın və Pentaqon şefi C. Mətisin zaman-zaman Iran əleyhinə səsləndirdikləri sərt bəyanatlar də həmin gözləntilər üçün əlavə ümidlər verir. Amma ABŞ-ın hətta bölgədəki müttəfiqləri ilə birlikdə Tehrana qarşı bu və ya digər hərbi güc xarakterli addımlar atacağı inandırıcı görünmür. Bunun üçün Vaşinqtona Avropadakı NATO üzvü ölkələrlə anlaşa bilmək lazımdır ki, bu da vacib olduğu qədər də inandırıcı görünmür. Avropa ölkələrinə Yaxın Şərqdə yeni destabilizasiya amilinin yaranması və bunun ardınca baş verə biləcək hərbi-siyasi, iqtisadi və humanitar böhranlar lazım deyil. Xüsusilə də söhbət 80 milyona yaxın əhalinin yaşadığı ölkədən gedirsə. Üstəlik, Avropada İranın Iraq, Suriya və ya Əfqanıstan olmadığını da nəzərə alırlar. Digər tərəfdən isə yuxarıda qeyd etdiyim kimi, Almaniya və Fransa kimi ölkələr Tramp Amerikasını sabit və güvənli müttəfiq kimi qəbul etmir.

Nəhayət, mövcud ABŞ administrasiyasının aydın strateji hədəflərə söykənən xarici siyasət doktrinasının olmaması Avropadakı ənənəvi tərəfdaşlarını onunla münasibətlərdə bir qədər də ehtiyatlı olmağa sövq edir. Vaşinqtonun bəzi Şərqi Avropa ölkələrindən Qərbi Avropa ölkələrinə təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri və Rusiyaya loyallığı isə onun Avropa siyasətindəki xaotikliyi və etimadsızlığı bir qədər də dərinləşdirir.

Nəticədə isə bütövlükdə Avropa Birliyi və ayrı-ayrılıqda onun aparıcı dövlətləri bu qurumun fərqli və tamamilə yeni xarici siyasət strategiyasının yaradılması zərurəti ilə üzləşməli olurlar. Bu isə yalnız Rusiyanın maraqları üçün münbit zəmin yaradır. Son 10 il ərzində ABŞ-Avropa münasibətlərində “çatlar” axtaran Moskva bu gün ona geniş manevr imkanları yarada biləcək vakuumla “mükafatlandırılmış” olur, amma bir o fərqlə ki, həmin vakuumu bu dəfə Qərb ölkələrinin özləri yaradır. Daha doğrusu, əsasən mövcud ABŞ administrasiyası. Lakin belə bir boşluğun yaranması da hələ Moskva üçün qarşısına qoyduğu hədəflərə çatmaq demək deyil. İkinci Dünya Müharibəsindən sonra məlum səbəblərdən qlobal siyasətdən uzaqlaş(dırıl)mış Berlin də bunu qlobal siyasətə qayıtmaq üçün son 70 ildə yaranmış ən real imkan kimi nəzərdən keçirə bilər. Almaniya iqtisadiyyatının miqyasını və mövcud geosiyasi reallığı (xüsusilə də Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi barədə referendumun qərarı) nəzərə aldıqda isə Almaniya-Fransa cütlüyü üçün bu, heç də əlçatmaz hədəf kimi görünməməlidir.

Deməli, yaxın zamanlarda Vaşinqton-Brüssel (daha dəqiq desək, Paris və Berlin), Vaşinqton-Ankara, Vaşinqton- Tehran münasibətlərinə aydınlıq gətirilməyəcəyi halda dünyanın böyük dəyişikliklər ərəfəsində olması iddiası heç də təxəyyül məhsulu kimi görünməməlidir. 21-ci əsr qlobal siyasətində hələlik “müşahidəçi” kimi görünməyə üstünlük verən və sürətlə həm iqtisadi intervensiyasını, həm də hərbi potensialını artırmağa davam edən daha bir supergücün – Çinin də gözləmə mövqeyində olduğunu nəzərə aldıqda nizamsız-düzənsiz dünyanın növbəti inkişaf mərhələsinə keçid prosesində olduğu aydın görünür. Qlobal miqyasda böyük dəyişikliklər isə əksər hallarda həm də böyük münaqişələr, böyük kataklizmlər və təəssüf ki, böyük insan itkiləri deməkdir. Ən azı son yüzilliyin tarixi belə deyir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG