Keçid linkləri

Təcili xəbərlər

Gündəmimiz benzin olsa da, biraz təhsil haqda


Bizdə bir universitetdə, rektorun qızı və oğlunun həmin universitetin prorektorları olduqlarını, digər rəhbər vəzifələrə də rektorun yaxın qohum-əqrəbasını (bacı, qardaş və sair) oturtduğunu bilirdiz? Bu universitetdə (Avrasiya) təhsilin keyfiyyətinin bərbad olması bir yana, dərs cədvəlləri, imtahan cədvəlləri, hətta adicə sənədlərin dövriyyəsi sistemi kimi məsələlər də minimal səviyyədə belə təşkil olunmayıb.

Ali təhsil sektorunda 20 ildən çoxdur davam edən fəaliyyətsizlik və laqeydlik ucbatından ali təhsilimizin tənəzzülü davam edir.

Ali təhsil sektorunda 20 ildən çoxdur davam edən fəaliyyətsizlik və laqeydlik ucbatından ali təhsilimizin tənəzzülü davam edir. Ölkədə bütün ali məktəblərin akkreditasiyası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir və təsəvvür edin ki, akkreditasiyadan keçmiş ali məktəblər arasında həm ADA var, həm də Avrasiya Universiteti. O nə mexanizmdir, hansı meyarlardır ki, ona ADA da cavab verir, Avrasiya da? Akkreditasiyadan keçmiş ali məktəblərin keyfiyyətləri arasında hədsiz böyük uçurum varsa, Avrasiya kimi bərbad universitet 25 ildir ki, TN-nin akkreditasiyasından keçirsə, deməli keyfiyyətə nəzarət sistemi işləmir, Təhsil Nazirliyinin akkreditasiya və lisenziyalaşdırma mexanizmi tamamilə formal, mənasız bir prosesdir.

Ən mütərəqqi hesab olunan Avropa təcrübəsinin əksinə olaraq Azərbaycanda ali təhsil müəssisələrinin akkreditasiyası sisteminin hələ də Təhsil Nazirliyinin səlahiyyətində saxlanılması özünü açıq-aşkar doğrultmur, ali təhsilimizi inkişafdan saxlayır. Bu gün ali təhsil sektorunda olan vəziyyət onu deməyə əsas verir ki, faktiki olaraq hər hansı universitetdə təhsilin keyfiyyətinin ən minimal tələblərə cavab verməməsi yaxud rüşvətxorluğun geniş yayılması kimi mənfi hallar aşkarlandıqda belə həmin universitetin və ya ixtisasın öz lisenziyasını itirməsi qeyri-mümkündür.

...Bu universitetin ali təhsil verməyə layiq olmadığını, ən minimal keyfiyyət tələblərinə belə cavab vermədiyini aşkarlamaq üçün bir nəfər təcrübəli mütəxəssisə 4-5 saat tam kifayətdir.

Lisenziyasını itirməsi üçün gərək həmin universitetdə təhsillə əlaqəsi olmayan nəsə çox qeyri adi bir şey baş versin - məsələn, universitetə arxalıq edən şəxs nüfuzdan düşsün. Belə olmasaydı, Avrasiya Universiteti kimi bərbad müəssisə Təhsil Nazirliyinin akreditasiyasından necə keçə bilərdi ki? Bu universitetin ali təhsil verməyə layiq olmadığını, ən minimal keyfiyyət tələblərinə belə cavab vermədiyini aşkarlamaq üçün bir nəfər təcrübəli mütəxəssisə 4-5 saat tam kifayətdir. Amma illərdir Avrasiya kimi bərbad universitetlər rahatlıqla Təhsil Nazirliyinin Akkreditasiya Şöbəsini razı sala bilir, hətta qəbul planlarını da artırırlar.

Halbuki bütün bu problemlərin çox sadə bir səbəbi var. Dövlət akkreditasiya sisteminin təhsilin keyfiyyətinə nəzarət etmək üçün yetərsiz və səmərəsiz olduğunu anlamaqdan ötrü akademik olmağa ehtiyac yoxdur. Bunun üçün sadə məntiq kifayətdir - dövlət akkreditasiyası dövlət standartlarına əsaslanır, dövlət standartları isə təhsilin minimal tələblərini müəyyən edir. Yəni ki, Təhsil Nazirliyinin akkreditasiyasından keçmək sadəcə olaraq ən minimal standartlara cavab vermək deməkdir. Belə bir akkreditasiyada təhsilin keyfiyyətinin yoxlanılmasından söhbət gedə bilməz.

Deməli, faktiki olaraq, bu gün ölkəmizdə ali təhsilin keyfiyyətinə nəzarət sistemi mövcud deyil.

Deməli, faktiki olaraq, bu gün ölkəmizdə ali təhsilin keyfiyyətinə nəzarət sistemi mövcud deyil. Üstəlik nəzərə alsaq ki, universitetlər illər ərzində bu minimal tələbləri ödəməyin çox rahat və bic üsullarını artıq özləri üçün müəyyənləşdiriblər və hər dəfə çox rahatlıqla Təhsil Nazirliyini aldada bilirlər, demək bu akkreditasiya tamamilə lazımsız və mənasız bir işdir. Adicə bir misal, BDU-dan tutmuş ən aşağı reytinqli özəl universitetə kimi hamısı akkreditasiya üçün nəzərdə tutulan testlərin sualları cavabları ilə birlikdə əvvəlcədən tələbələrə verir, hazırlaşdırır və Nazirliyin tələb etdiyi minimal qiymət göstəricilərini rahatlıqla əldə edirlər. Bir sözlə, mövcud akkreditasiya sistemi baş aldatmadır, ali məktəbdə təhsilin keyfiyyətini təsbit etmək üçün tamamilə yararsızdır.

Ali təhsil sektorunda peşəkar, müstəqil və təhsilin keyfiyyətini təsbitləməyə yönəlmiş akkreditasiya sistemi qurulmadan, nə ali təhsilin idarə olunmasında mənalı irəliləyiş mümkün olmayacaq, nə də təhsilin keyfiyyətini artırmağa və ali təhsildə rəqabətliliyi gücləndirməyə yönəlmiş hər hansı islahat, o cümlədən maliyyələşmə islahatları uğur qazana bilməyəcək.O vaxta qədər isə ali təhsil sistemimiz tənəzzül etməkdə davam edəcək.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG